Xəbər lenti

SSRİ-nin gizlətdiyi, əlillərə faciə yaşadılan sürgün: Stalinin
Ölkə 08:58 03.06.2024

SSRİ-nin gizlətdiyi, əlillərə faciə yaşadılan sürgün: Stalinin "samovar"ları (VİDEO)

İkinci Dünya müharibəsindən sonra hər iki qolunu və ayağını itirmiş əlillərə "samovar" deməyə başlayıblar. Rəsmi məlumata görə, 10 milyon insan müharibədən əlil qayıdıb, onlardan 20 mini hər iki qol və ayağını itirib. Qayğıya ehtiyacı olan bəzi əlillərin evləri dağıldığı və ailələri müharibədə həlak olduğu üçün geri dönməyə yerləri yox idi.

Onların bəziləri bu vəziyyətdə ailələrinə lazım olmadıqlarına və ya yaxınlarına yük olmaq istəmədiklərinə görə evlərinə qayıtmayıblar. 1940-cı illərin sonlarında böyük şəhərlərin küçələri yoxsul əlillərlə dolu olduğu üçün hökumət narazı əlil ordusundan narahat olmağa başlayıb. Stalin qalib ölkənin küçələrində bu qədər fiziki məhdudiyyətli insanın olduğunu özünə və faşizmə qalib gəlmiş qüdrətli ölkəyə yaraşdırmırdı. SSRİ hökuməti bildirirdi ki, əlillərə yalnız ailə qayğı göstərməlidir və dövlətin onlara heç bir borcu yoxdur.

Beləliklə, bu problemi həll etmək üçün qəddar bir yol tapılıb. Bir neçə ay ərzində bütün əlilləri küçələrdən toplayaraq sanatoriya adı ilə xəstələrin yaşaması üçün şəraiti olmayan ucqar yerlərdəki monastırlara göndərilməsi qərara alınıb. Əlillərin əllərindən pasport və hərbi biletlərini alaraq Daxili İşlər Nazirliyinin nəzarətində olan həbsxana tipli internatlara yerləşdiriblər. Bu "sanatoriyalardan" biri Kareliyada Ladoqa çayının sahilində yerləşən Valaam adasındakı monastır idi. 1950-ci ildə orada 950 nəfər əlil yerləşdirilmişdi. Monastırda heç bir şərait, hətta işıq və istilik belə olmadığından əlillərin bir qismi ilk aylarda dünyasını dəyişib. Əlillərin çoxu tamamilə köməksiz olduqlarından onları yedizdirmək, altını dəyişmək və qulluq etmək üçün işçilər lazım idi. Xəstələr həddindən artıq çox olduğundan işçilər hər adama qulluq etməyi çatdırmırdılar.

Əlillərin bəziləri oturduğu vedrədən yıxılır, bəziləri də təbii ehtiyaclarını ödəyib günlərlə vedrənin içində qalırdı. Yataq dəstləri aylarla dəyişdirilmirdi və kirdən xoşagəlməz qoxu yaranmışdı. Hərəkətsiz əlillərdə yataq yaraları əmələ gəlirdi, yaralara hətta qurd düşürdü. İnternatda insanlar kütləvi şəkildə ölür, intiharlar baş verirdi. Əli-ayağı amputasiya olunmuş insanların gündə bir dəfə havaya çıxarılması qaydası olduğu üçün tibb işçiləri onları əvvəlcə taxta xərəkdə, sonra isə xüsusi hazırlanmış zənbillərdə həyətə çıxarırdılar.

Zənbilləri ağaclardan asırdılar. Bəzən işçilər xəstələri içəri gətirməyi unudurdular və bu diqqətsizlik nəticəsində əlillər gecələr donaraq ölürdülər. SSRİ hökuməti canını, gəncliyini, sağlamlığını Vətən uğrunda fəda edən qəhrəmanları şəraitsizlik, aclıq, üfunət içində ömrünün sonuna qədər əzab çəkməyə məhkum edir. 1984-cü ildə fəaliyyətini dayandıran Valaam internatı yoldaş Stalinin "samovar"ına çevrilmiş neçə-neçə müharibə qəhrəmanının əzab və adsız qəbrlərinin məskəni olur.

Ətraflı Baku TV-nin süjetində:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->