Konfrans Liqasının ikinci təsnifat mərhələsinə Rusiyada hazırlaşan "Neftçi” ötən gün Moskva "Spartak”ı ilə yoldaşlıq matçı keçirdi. Yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında meydana çıxan Bakı klubu 90 dəqiqənin sonunda 0:2 hesablı məğlubiyyətlə barışmalı oldu. Həm oyun, həm də "Neftçi”nin hazırkı durumu ilə bağlı Azərbaycanın təcrübəli məşqçilərindən olan Ağasəlim Mircavadov fikirlərini bildirib.
"Neftçi”nin sabiq baş məşqçisi Qaynarinfo-ya açıqlamasında "Spartak”la görüşə baxarkən nostalji hisslər yaşadığını dedi:
"Spartak”la oyun SSRİ dönəmini xatırlatdı. "Spartak” xalq komandası olmasına baxmayaraq, stadionları yox idi. Yalnız SSRİ dağıldıqdan sonra özlərinə stadion tikdilər. Nostalji hisslər yaşatdı. "Spartak”, "Zenit” kimi komandalarla oynamaq qabiliyyətimiz var. Bu qabiliyyəti inkişaf etdirmək lazımdır. Belə uğurlar tez-tez olmalıdır. Həm təcrübə toplamaq baxımından vacibdir, həm də bir-biriləri ilə görüşəndə maraqlı söhbətlər olur. Məşqçilər bir-biri ilə danışır. Düzdür, "Spartak”ın məşqçisi ispandır. Amma köməkçisi yerlidir. Belə oyunlarda inkişaf etmək olar”.
Mircavadov "Neftçi”nin hazırlıq dönəmində keçirdiyi oyunlar haqda da fikirlərini söylədi:
"Hazırlıq dönəmindəki rəqiblər yüksək səviyyədə idi. Hamısına baxdım. Dəfələrlə demişəm, təkrar edirəm, Avropaya gedən komanda zəif mövqeləri gücləndirmək üçün daha əvəldən axtarışlara başlamalı, may və iyun aylarında dəvət etməlidir. Belədə hazırlığa da formalaşmış şəkildə gedirlər. Bu əsas amildir. Əks halda hazırlıq yaxşı alınmır. Çünki mövqelərdə həm oyunçunu yoxlamalı, həm də hazırlıq görməlisən. Bir əldə iki qarpız tutmaq olmaz. Təlim-məşq prosesinə komplektləşmiş formada gedilməlidir. "Neftçi” isə Sankt-Peterburqa hazırlıqsız yollanmışdı. Bunun da səbəbləri məlumdur. Baş məşqçi yox idi, axtarışlar davam edirdi. Dünənki oyunda qəribə haldır ki, Ataa Cabeer və Yeqor Boqomolskidən başqa ehtiyat oyunçular skamyasında futbolçular yerli idi. Bu yaxşı cəhətdir. İstəyirik ki, "Neftçi” də Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazansın. O cümlədən "Sabah”la "Qəbələ”... Bu üç klubumuz da "Qarabağ” kimi Konfrans Liqasının qrupuna düşsə, həm maliyyə cəhətdən çox yaxşı olar, həm də futbolumuza böyük önəm verərlər”.
"Şöhrət Ordeni”nə layiq görülmüş mütəxəssis yeni baş məşqçi haqda düşüncələrini də bölüşüb:
"Onu deyə bilərəm ki, Mutu əla futbolçu olub. Ancaq məşqçilik karyerasının müddəti azdır. Fikrimcə, "Spartak”la matçdakı heyət Konfrans Liqasının ilk oyunu üçün hazırlanıb. Amma problemlər həddindən çoxdur. Həm müdafiə, həm də yarımmüdafiədə oyunçuların bəziləri hazır deyil. Fiziki cəhətdən tez yorulurlar. Topla işləmək səviyyəsi o qədər də yaxşı deyil. Bunu qaydasına salmaq asandır. Vacib olan yeni oyunçuların transferidir. Yerli bazarda "Neftçi” uduzdu. Kluba əcnəbi futbolçu lazımdır. Sankt-Peterburqdakı matçlarla "Spartak”la oyun arasında ciddi fərq olmadı. Əsasən cinah müdafiəçilərində və orta xətdə həmin səhvlər yenə qalır. Xoşuma gələn o oldu ki, qapıçı topu ələ keçirəndə heç yerə vurmur və onu müdafiəçilərə ötürür. Oyuna müdafiədən başlayırlar. Topun itirilməməsi üçün bu yaxşı taktikadı. Başqa komponentlər üzərində də işləmək lazımdır. Məlum məsələdir ki, baş məşqçinin vaxta ehtiyacı var”.
Mircavadov Konfrans Liqasında "Dinamo” (Minsk) - "Jelezniçar” (Bosniya və Hersoqovina) cütünün qalibi ilə görüşəcək "Neftçi”nin şanslarını dəyərləndirdi:
"Dinamo” (Minsk) sabah Bakıda oynayacaq. "Neftçi” səhv etmirəmsə bu gün vətənə qayıdacaq. Analiz etmək, axtarmaq lazımdır. İkinci mərhələdə rəqib "Dinamo” olsa, belə hesab etmək mümkündür ki, "Neftçi” hər iki matçı Bakıda keçirəcək. Yəni, üstünlük "Neftçi”də olacaq”. Əsas amillərdən biri isə meydançada hərkət və oyun üslubudur”.
Səbuhi Həsənov
Şərhlər