Xəbər lenti

Sisinin Türkiyə səfəri nə vəd edir? (ŞƏRH)
Dünya 15:02 05.09.2024

Sisinin Türkiyə səfəri nə vəd edir? (ŞƏRH)

"Əbdülfəttah əs-Sisinin bu səfəri və Türkiyə ilə Misir arasında münasibətlərdə müəyyən yaxınlaşmaların olması bölgədə gedən bir çox proseslərə müsbət təsir göstərəcək". 

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Vüqar Zifəroğlu Misir prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyə səfərini şərh edərkən deyib.

"Səfərin baş tutması, aparılan danışıqlar, kifayət qədər ciddi bir sıra məqamlarla bağlı əldə edilən razılaşmalar onu deməyə əsas verir ki, Türkiyə ilə Misir arasında dünənə qədər mövcud olan buzlar ərimək üzrədir. Münasibətlər yenidən normal müstəviyə qayıdır", deyə Vüqar Zifəroğlu bildirib.
 


Ekspert qeyd edir ki, Ankara ilə Qahirə arasında baş verən bu yaxınlaşma bir sıra məsələlərə ciddi təsir göstərəcək: 

"İlk növbədə Qırmızı dənizdə yaşanan proseslərdən tutmuş, Fələstin məsələsinə qədər bir sıra məqamlarda, Türkiyə ilə Misirin artıq bu və ya başqa dərəcədə vahid olmasa da, hər halda uzlaşdırılmış birgə oxşar mövqelərinin təqdim edildiyinin şahidi oluruq. Misir Yaxın Şərqdə kifayət qədər ciddi əhəmiyyətə malik bir ölkədir. Hazırda cərəyan edən proseslər fonundan çıxış edərək deyirəm ki, Misir uzun illər ərəb dünyası ilə İsrail arasında körpü, vasitəçi rolunu oynamış ölkədir. Oktyabrda İsraillə HƏMAS arasında başlanan münaqişənin çözülməsi istiqamətində də Misir vasitəçilik yönündə bir sıra addımlar atıb. Bu mənada Türkiyə ilə Misir arasında münasibətlərdə müəyyən yaxınlaşmaların müşahidə olunması istər-istəməz bölgədə gedən bir çox proseslərə öz müsbət təsirini göstərə bilər. Xüsusən də bu Türkiyə ilə Suriya arasında danışıqlar aparılacağının gözlənildiyi halda yenidən, hansısa şərtlərlə bağlı olaraq onun təxirə salınması olduqca ciddi əhəmiyyət daşıyır". 

Qeyd edək ki, Türkiyə ilə Misir arasında uzun surən gərginlik deyəsən artıq arxada qalmaq üzrədir. Ən azından Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə baş tutan rəsmi səfəri belə düşünməyə əsas verir. Sisinin Türkiyə səfəri çərçivəsində iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma imzalanıb.

Ankarada baş tutan mərasimdə sənədlərə Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisi imza atıb. İki lider arasında baş tutan görüşün nəticələrinə dair toplamda 18 anlaşma imzalanıb.

Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında isə Türkiyənin o zamankı xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->