"Aleksandr Vuçiç bununla barıtı bir qədər artırır ki, digər tərəfin mövqeyinə təsir etməklə özü üçün daha yaxşı şərtlər əldə etsin. Bu, tarixən Serbiyanın siyasi davranışına xas olan məqamdır".
Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçin Rusiyada keçiriləcək BRİCS sammitinə getməyəcəyi barədə bəyanatını şərh edərkən deyib.
"Serbiyanın hər hansı bir sahədə dönüş etməsi barədə danışmaq bir qədər tezdir. Çünki Serbiyanın mövqeyi və əlaqələrində ikili yanaşma, gah bu, gah da digər masada oturmaq cəhdləri çoxdan müşahidə olunur. Belə bir təsəvvür yaranır ki, prezident Vuçiç bundan müxtəlif tərəflərə təsir etmək, özünə daha uğurlu şərtlər qazanmaq üçün bir siyasi alət kimi istifadə edir. Qeyd edək ki, Vuçiçin həll etməyə çalışdığı başlıca problemlərdən biri ərazilərlə bağlıdır ki, orada hər bir dönüş bu mövqeyə təsir edə bilər", deyə Arif Əliyev bildirib.
Bu səbəbdən də həmsöhbətimizin fikrincə, dəfələrlə olduğu kimi, yaxın vaxtlarda Serbiyanın mövqeyində növbəti bir dəyişmənin də şahidi ola bilərik:
"Amma bu o demək deyil ki, Serbiya mövqeyini birdəfəlik olaraq müəyyənləşdirib”.
Ekspert qeyd edir ki, bütün hallarda Serbiya Avropanın ona verəcəyi üstünlükləri digər ittifaqlara dəyişməyəcək.
Arif Əliyev bildirib ki, belə yanaşma tərzi tarixən Serbiyanın siyasi davranışına xas xüsusiyyətdir:
"Avropanın Serbiyanın problemlərə yanaşmasında bir sıra məsələlər var ki, Belqrad onu qəbul etmir. Bu cür yanaşmalardan da Belqrad digərinin mövqeyinə təzyiq aləti kimi istifadə edir. Belqradın müəyyən maraqları var ki, onu təmin etmək üçün Şərqdə qalan ölkələrlə əlaqələr mövcud problemlərin həllinə də kömək edir. Amma bu o demək deyil ki, Serbiya birmənalı olaraq nədənsə imtina edəcək. Sadəcə Vuçiç hökuməti bəzən barıtı bir qədər artırır ki, digər tərəfin mövqeyinə təsir etməklə özü üçün daha yaxşı şərtlər qazansın. Bu tarixən Serbiyanın siyasi davranışına xas olan məqamdır".
Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyada keçiriləcək BRİCS sammitinə getməyəcəyini bəyan edib. BRİCS-in sammiti oktyabr ayında Kazanda olacaq.
Xatırladaq ki, BRİCS 2006-cı ildə yaradılıb. Əsasını 5 ölkə - Çin, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası və Rusiya qoyub. 2023-cü ildə isə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı, Efiopiya, Argentina da quruma qoşulub. Bundan başqa, Türkiyə, Azərbayan da quruma qoşulmaq niyyətini bəyan edib.
Rüfət Sultan
Şərhlər