Xəbər lenti

Serbiya müasir tankları və artilleriyasını Kosovo ilə sərhədə aparır - Ağ Ev
Dünya 16:35 30.09.2023

Serbiya müasir tankları və artilleriyasını Kosovo ilə sərhədə aparır - Ağ Ev

Bölgədə serb qüvvələrinin əhəmiyyətli cəmləşməsi qeydə alındıqdan sonra Birləşmiş Ştatlar Serbiyanı qoşunlarını Kosovo ilə sərhəddən çıxarmağa çağırıb. 

Qaynarinfo "Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi brifinqdə bildirib.

ABŞ kəşfiyyatının məlumatına görə, keçən həftə Kosovonun şimalında baş verən qarşıdurmalardan sonra Serbiya Kosovo ilə sərhədində müasir tanklar və artilleriya yerləşdirib. Bir Kosovo polisinin və üç silahlı serbinin öldürüldüyü insident ölkədə son illərin ən ciddi eskalasiyalarından biri olub.

"Biz Kosovo ilə sərhəddə böyük bir serb hərbi kontingentini izləyirik. Buraya qabaqcıl serb artilleriyasının, tanklarının və motoatıcı birləşmələrinin görünməmiş yerləşdirilməsi daxildir. Hesab edirik ki, bu, sabitliyi pozan hadisədir. Biz Serbiyanı qüvvələrini bu ərazidən çıxarmağa çağırırıq", deyə Kirbi bildirib.

"Sərhəd yaxınlığında qoşunların yığılması son bir həftə ərzində baş verib, lakin onun məqsədi hələ aydın deyil", deyə Ağ Ev rəsmisi əlavə edib.

ABŞ dövlət katibi Entoni Blinken Serbiya prezidenti Aleksandar Vuçiçə zəng edərək "dərhal gərginliyi azaltmağa və dialoqa qayıtmağa" çağırıb. Öz növbəsində Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Kosovonun baş naziri ilə danışıb.

Rəsmi Belqrad sərhəddə qüvvələr toplamaq faktını birbaşa təkzib etməyib, lakin bu kontingentin döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə iddiaları rədd edir.

"Qüvvələrimizin ən yüksək döyüş hazırlığı ilə bağlı yalanı təkzib etdim, çünki mən bu barədə qərarı sadəcə imzalamamışam və bu, dəqiq deyil. Bizdə Kosovo ilə sərhəddə belə qoşunların yarısı yoxdur, onlar iki-üç ay əvvəl orada idi", deyə Vuçiç jurnalistlərə bildirib.

Ötən bazar bir qrup silahlı serb Serbiya ilə sərhəddən bir neçə kilometr aralıda Kosovo polisinin patrulunu pusquya salıb. Hücum nəticəsində bir polis ölüb, bir polis isə yaralanıb.

Bundan sonra bir neçə hücumçu pravoslav monastırının yaxınlığında barrikada qurub və Kosovo təhlükəsizlik qüvvələri hücuma başlayıb. Uzun sürən atışmadan sonra üç silahlı serb həbs olunub, daha üçü döyüşdə öldürülüb.

Kosovo hökuməti Belqradı hücumu dəstəkləməkdə ittiham edib. "Amerikanın səsi”nin məlumatına görə, Kosovo serblərinin əsas siyasi partiyasının üzvü sonradan etiraf edib ki, hücum zamanı yaraqlılara rəhbərlik edən məhz o olub.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərinə görə, hücum "çox yüksək səviyyədə” baş tutub və 20-yə yaxın avtomobil, hərbi dərəcəli silahlar və digər texnikanın iştirakı ilə həyata keçirilib.

"Bu, narahatedicidir. Görünür onlar məhz bunu etmək üçün bir araya gələn bir araya gələn qrupdur", deyə Kirbi bildirib.

Bu hücumdan sonra NATO bölgədəki sülhməramlı qüvvələrinin mövcudluğunu artıracağını bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->