Bir neçə gün öncə "Səbail”də baş məşqçi vəzifəsindən istefa verən Mahmud Qurbanovun əvəzinə tanınmış mütəxəssis Şahin Diniyev təyin olundu. Sonuncu iş yeri "Kəpəz”dən ayrılandan sonra xeyli müddətdir texniki zonadan uzaqda qalan Diniyev bundan sonra "Səbail”in durumunu yaxşılaşdırmaq üçün çalışacaq.
Veteran futbolçu yeni işi və planları haqda Qaynarinfo-ya danışıb. Mütəxəssis baş məşqçi təyin olunana qədər çalışdığı Məşqçilər Komitəsində boş qalan yerinin aqibətinin necə olacağını da dedi.
- "Səbail”in hazırkı durumu bəllidir. Komandanın məsuliyyətini çətin vəziyyətdə üzərinizə götürdünüz.
- Geniş şəkildə nəsə deməyə ehtiyac görmürəm. Çünki hələ komandanın içinə girməmişəm. Təklif gəldi, rəhbərliklə görüşdüm. İki saata yaxın söhbətimiz oldu. Qulaq asdım, dinlədim, gördüm ki, futbola maraqları, iddiaları da böyükdür. İndi tutduqları yerlə, bu vəziyyətlə barışa bilmirlər. Təcrübəli məşqçi kimi mənə müraciət etdilər. Ortaq nöqtəyə gəldik. "Səbail”in uğurları üçün hər birimiz çalışacağıq. Əlbəttə, çətin prosesdir. İndiki durum ürəkaçan deyil. Durumu dəyişməyə çalışacağıq. Başqa yolu yoxdur. Bəlli bir yerdəyik və burdan qurtulmağa, daha yuxarılara getməyə çalışacağıq. Desəm ki, avrokuboklara vəsiqə verən yerlər uğrunda oynayacağıq, bu, gülməli çıxar. Sadəcə, bu il indikindən daha yuxarı pillələrə yüksəlmək istəyəcəyik. Gələn ildən isə daha iddialı komanda olacaq.
- Komandanın hazırlıq planı var idi. Həmin planda hansısa dəyişikliklər olacaq?
- Ayın 3-dən 17-nə qədər Antalyada təlim-məşq toplanışı olacaq. İlk məşqimiz də oradadır.
- Çempionatı izləyirdiniz. Bir mütəxəssis kimi nə düşünürsünüz, "Səbail”də nə çatmırdı?
- Bunu deməyim etik cəhətdən bir qədər düz deyil. Çünki məşqçiləri vardı, işləyib, əziyyət çəkib. Nə çatıb-çatmaması daxilimdə qalır. Hər komandada olduğu kimi, müsbət və mənfi hallar var, çatışmazlıqları düzəltməyə, müsbətləri çoxaltmağa, mənfiləri azaltmağa çalışacağıq.
- Ümumiyyətlə, komandada köklü dəyişikliklərə ehtiyac var?
- Xeyr, köklü dəyişikliklər olmayacaq. Çünki zaman azdır. 3 həftədən sonra çempionat başlayır. Üstəlik indiki zamanda kənarda qalan yaxşı futbolçu yoxdur. Tələssək, addımımız yanlış ola bilər. Bİz də bunu istəmirik. Maksimum bir-iki mövqeyə yeni futbolçular ala bilərik. Bu zamanda yaxşı futbolçu tapmaq çox çətindir. Riskli addım atıb aldanmaq istəmirəm. İki həftə ərzində futbolçu seçmək çox çətindir. Nə çıxarsa, fərqi yoxdur, yerli, yaxud legioner, transfer edə bilərik.
- Heyətdəki futbolçuların keyfiyyəti, potensialı haqda hansı düşüncədəsiniz?
- Normaldır, "material” var, onlardan maksimum istifadə etməyə çalışacağıq.
- Köməkçiləriniz müəyyənləşib?
- Danışıqlar aparıram. Bəziləri işləyir. Onlara da vaxt lazım olacaq. Mənimlə işləyəcəklərsə, öz klublarından hallalıq almalıdırlar. Köməkçilər barəsində təxminən 2-3 günə qərar verəcəyik.
- Mahmud Qurbanov klubdan ayrılandan sonra mətbuata açıqlamasında getməsinin səbəbini transferlərlə bağlı olduğunu bildirmişdi. Bu sizi narahat edir?
- Xeyr, onun dediklərini və ya rəhbərliyin hər hansı hərəkətinin şahidi olmamışam. Ona görə deyə bilmərəm söhbət nədən gedir. Hazırda səlahiyyətlər böyükdür, rəhbərlik arxamdadır, nəsə etməyim üçün dəstək olacaq. Həm də nəsə etməliyik ki, rəhbərliyə istəklərimizi çatdıra bilək. Hazırkı durumda legioner seçimində aldanmaq istəmirik. Legioner xətrinə legioner gətirsək, mövqeyində bizə kömək etməyəcək və bundan həm klub ziyan görəcək, həm də məşqçinin ümidləri qırılacaq. Ehtiyatlı davranmağa çalışacağıq.
- Yəqin ki, bu mövsüm əsas məqsəd komandanı ən azı 5 və ya 6-cı pilləyə qədər yüksəltməkdir…
- Etiraf edim ki, 5-ci yer çox çətin olacaq. Çünki arada 17-18 xal fərq var. Həm də "Qəbələ” ilə "Zirə” var. Avrokuboklar üçün bu iki komanda mübarizə aparır. Həmin yerlərə qədər maksimum irəliləməyə çalışacağıq.
- Məşqçilər Komitəsindəki işiniz necə olacaq? Davam edəcəksiniz, yoxsa yerinizə başqa mütəxəssis dəvət olunacaq?
- Vallah, dəqiq bilmirəm. Mən davam etməyəcəyəm. Ancaq yerimə kimisə götürəcəklərini dəqiq bilmirəm. Məşqçilər Komitəsinin üzvlərini İcraiyyə Komitəsi təsdiq edir. Yəni qərarı onlar verəcəklər. Təkliflərdən asılı olcaq. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun təklifləri əsasında təsdiq olunacaq.
Səbuhi Həsənov
Şərhlər