Xəbər lenti

“Səbail”in problemi nədir? (MÜSAHİBƏ)
İdman 13:13 06.10.2022

“Səbail”in problemi nədir? (MÜSAHİBƏ)

Cari mövsüm Premyer Liqada zəif təsir bağışlayan komandalardan biri də "Səbail”dir. Yeni mövsümə keçid dönəmində baş məşqçisi və heyətinin böyük hissəsi dəyişdirilən Bakı klubu başlanğıcda iddialı görünsə də, hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb və nəticələri qənaətbəxş deyil. Bəs baş məşqçi Mahmud Qurbanov nə düşünür? 

Keçmiş futbolçu komandası haqda düşüncələrini Qaynarinfo ilə bölüşüb.

- Hazırda komandada ab-hava necədir?

- Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Amma qarşıdakı oyunlarda durumumuzu düzəldəcəyimizi düşünürəm. Belə baxanda məşqlərimiz normaldır. Kiçik zədəsi olanlar var, yəqin ki, növbəti oyuna qədər sağalarlar. 

- Nəticələrinizin yaxşı olmadığını dediniz. İstədiyiniz komandanı nə dərəcədə formalaşdıra bilmisiniz?

- Oyun baxımından komanda pis deyil. Rəqib qapısı qarşısında qol vəziyyətləri yarada bilirik. Nəticələr çox pisdir. Düşünürəm ki, oyun varsa, nəticələrimiz də olacaq.

- Legionerlər komandaya nə dərəcədə uyğunlaşa bilirlər? Ümumiyyətlə, onlardan razısınızmı?

- İstər yerli, istərsə də əcnəbi futbolçular olsun, hərdən fərdi şəkildə səhvlər görürük. Haradasa mövqe səhvləri, ötürmədə yanlışlıqlar ola, qırmızı vərəqə görə bilərik. Bu da oyuna təsir edir. Çalışırıq, bunları düzəldək və qarşıdakı oyunlarda təkrarlamayaq. Uyğunlaşma məsələsinə gəlincə, hamısı peşəkar futbolçulardır. Uyğunlaşma tez olmalıdır. Həm bizim, həm də onların vaxtı yoxdur ki, oturub uyğunlaşacağımızı gözləyək. Ümumilikdə pis deyillər. 

- Heyətdə hansı dəyişikliklərə ehtiyac duyursunuz? Qış fasiləsində nələr etmək fikrindəsiniz?

- Hələ qış fasiləsinə çox var. Qarşıdan "Sumqayıt”la oyun gəlir, onu fikirləşirik. Dəyişiklik haqda düşünmək çox tezdir. Xeyli oyunlarımız olacaq. Bu futbolçularla davam etmək istəyirəm və yaxşı nəticələr qazanacağımızı düşünürəm.

- Heyətə, transferlərə baxanda, başlanğıcda iddialı olduğunuz görünürdü. Ancaq hazırda nəticələr fərqli durum olduğunu göstərir. Rəhbərlik bu mövsüm qarşıya hansısa hədəflər qoyub?

- İndi də iddiamız davam edir, baxmayaraq ki, nəticələr istədiyimiz kimi deyil. İnşallah yavaş-yavaş xallarımızı yığacağıq. 

- "Sumqayıt”la oyun üçün futbolçulara xüsusi tapşırığınız var?

- Xeyr, xüsusi tapşırıq yoxdur. Bütün oyunlara eyni şəkildə hazırlaşırıq, rəqiblər fərqlidir. Düzdür, rəqiblərin hamısı oyun baxımıdan heç də bir-birinə bənzəmir. Hər şey normaldır, baxırıq, məşq edirik, hazırlaşırıq. 

- Mövsümün sonunda komandanın hansı pilləni tutmaq potensialı yüksəkdir?

- Proqnoz vermək istəməzdim. Potensialımız turnir cədvəlində daha yaxşı yerlər tutmağa imkan verir. Deməzdim ki, bu il avrokuboklar uğrunda oynayırıq. Xallarımızı yığmağa çalışırıq. Mövsümün sonunda komandanın hansı yerdə olacağına baxarıq. 

- Ötən mövsüm klubda maddi sıxıntılar yaranmışdı. Məhz bu səbəbdən bir çox dəyişikliklər baş verdi. Bu il durum necədir?

- Əhval-ruhiyyə yaxşıdır. Maddi sıxıntımız da yoxdur. Sadəcə, çatışmayan nəticələrdir. İnşallah, bu da düzələr və komandamız yaxşı yerlərdə olar.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->