"Sanksiyalar həlledici təsirə malik deyil, amma yenə də Rusiya üçün xoşagəlməz hadisədir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ dövlət katibi Entoni Blinkenin Rusiyaya tətbiq edilən yeni sanksiyalarla bağlı fikirlərini şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildieib ki, sanksiyaların təsiri var. Bunlar ticarət qurumları, iqtisadi oyunçuların fəaliyyətini məhdudlaşdırmaqla həm də çətinləşdirir:
"Nəticədə həmin şirkətlər üçün əlavə əngəllər yaranır, onların gəlirləri azalır. Amma bununla yanaşı, görünən odur ki, sanksiyalar öldürücü də deyil. 1961-ci ildən Kubaya qarşı sanksiyalar tətbiq edib. Yəni onun tətbiqindən 63 il keçir. Amma Kuba yaşayır. Rusiya da yaşamaqda davam edəcək. Qərb İrana qarşı keçən əsrin 80-ci illərindən sanksiyalar tətbiq edilir. Lakin İran da ayaq üstədir. Azərbaycana qarşı sanksiyalar 1992-ci ildən tətbiq olunub. Buna baxmayaraq, onun ölkəmizə heç bir təsiri olmayıb. Bir sözlə, Rusiyaya tətbiq edilən sanksiyalar da həlledici təsirə malik deyil, amma yenə də şimal ölkəsi üçün xoşagəlməz hadisədir. Ona çətinliklər yaradır".
Politoloq düşünür ki, son sanksiyalar da Moskvanı Ukrayna məsələsində geri çəkilməyə vadar edə bilməyəcək:
"Rusiyanın Ukraynadan əl çəkməsi üçün ABŞ Kiyevə özünün anbarlarda yığdığı texnika və silahları verməlidir. Amma vermir. ABŞ üçün indilikdə Ukrayna və Rusiyanın bir-birini qırması maraqlıdır. Çünki belə olan halda onların hər ikisi zəifləyir. Bu yanaşma Qərbin ənənəvi mövqeyidir. XX əsrdə bunu çox müşahidə etmişik".
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Rusiyaya tətbiq edilən son sanskiyaları şərh edərkən bu sanksiyaların Rusiyanın hərbi səyləri üçün həyati əhəmiyyət kəsb edən bir sıra sektorlara qarşı yönəldiyini deyib. Blinken bildirib ki, sanksiyalar üçüncü ölkələrin qurumlarının, Rusiya Müdafiə Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşlarının, müdafiə şirkətlərinin sanksiyalardan yayınmasına və gələcəkdə Rusiyanın enerji təchizatı və ixracının artırılmasını dəstəkləyən şəxslərə qarşıdır.
Rüfət Sultan
Şərhlər