Ölkəmizi bu il avrokuboklarda təmsil edən klubların bəzilərinin nəticələri ürəkaçan olsa da, bəziləri haqda düşündürücü məqamlar çoxdur. Ümumiyyətlə, yeni mövsümdən istər Azərbaycan çempionatında, istərsə də avrokuboklarda nələr görəcəyik, bunu zamanla öyrənəcəyik. Artıq Premyer Liqa başlayıb və ilk turda sürpriz nəticələr qeydə alınıb. Bəs millimizin sabiq üzvü Samir Əliyev yeni mövsüm haqda nə düşünür?
Hazırda U-21 millisini çalışdıran veteran futbolçu Qaynarinfo-ya müsahibəsində həm avrokuboklarda, həm də Azərbaycan çempionatında klublarımızın çıxışına toxunub:
- Klublarımızın Avrokuboklardakı çıxışı haqda nə düşünürsünüz?
- Əlbəttə, sevindirici haldır ki, Azərbaycanın üç klubu hazırda bizi Avropada təmsil edir. Təəssüf ki, "Qəbələ” mərhələ keçə bilmədi. Bunun səbəbini hər kəs bilir deyə, detallı şəkildə danışmaq istəmirəm. Heyətdə dəyişikliklər oldu. Rəqib də yetərincə keyfiyyətli idi. "Qəbələ” ilə eyni tərəziyə qoyanda əlbəttə, "Omoniya” güclü idi. Bir neçə futbolçu getdi, yeniləri gəldi. Əlbəttə, belə bir vəziyyətdə qısa müddətdə uğur əldə etmək çətindir. "Neftçi”nin rəqibi "dişinə” görə idi və məğlub etdi. "Qarabağ” illərlə Avropada oynayır. "Rakuv” Polşa çempionudur. Polşa futbolunun səviyyəsi bəllidir. "Qarabağ” nəticə olaraq istədiyini əldə edə bilmədi. Amma oyun olaraq hesab edirəm ki, həm səfərdə, həm də evdə üstün futbol oynadı.
- Əksəriyyət, "Rakuv”u daha zəif hesab edirdi…
- Kim sayır, saysın. Polşa futbolu, klubları, yığması, infrastrukturu hansı səviyyədədi görünür. Avropa çempionatını qəbul etmiş ölkədi. Dünya və Avropa çempionatında oynayıblar. Səhv etmirəmsə, buna qədər "Qarabağ” 4-5 dəfə Polşa klublarını keçib. Ona görə də gözləntilər çox idi. Futbolda belə hallar olur. Bəlkə də gələcək üçün daha faydalıdır. "Neftçi”, "Sabah” da güclənir.
- "Neftçi”dəki dəyişiklikləri necə qiymətləndirirsiniz?
- Bilirik ki, yeni rəhbərlik gəlib. İstəyirlər ki, "Neftçi”nin əvvəlki şan-şöhrətini qaytaralar. Bu 3-5 ayla düzələn deyil. Zaman alan bir şeydir. Səbrli olmaq lazımdır. Hər şey dərhal düzələn deyil. Amma rəhbərliyin yaxşı istəkləri var. "Qarabağ”ın keçdiyi yol, istiqaməti bəllidir. "Neftçi” də o yolu getməlidir.
- "Neftçi”nin yeni transferlərindən kimi fərqləndirərdiniz?
- Açığı, diqqətçəkən kimsə yoxdur. "Neftçi” çox oynamayıb. Müdafiəni gücləndirib. Futbolçuların uyğunlaşması məsələsi var. Fikrimcə 3-4 ay keçməlidir ki, fikir bildirmək mümkün olsun. Ola bisin, hansısa futbolçu daha yaxşı uyğunlaşar və oynayar. Yaxud da əksinə ola bilər. Zamana buraxmaq lazımdır.
- Mutunun sistemindən nə başa düşmək mümkündür? Hansısa xüsusilik, fərqlilik var?
- Hələ ki, heç nə görünmür. Mutu bir ay olar komandanın başındadır. Qısa vaxtda dərhal nəsə hiss etmək olmur. Yeni baş məşqçidir, futbolçularda motivasiya ola bilər. Amma hələ ki, müsbət heç nə yoxdur. Tez-tələsik nəsə demək, peşəkarlıq baxımından düz deyil. Başqa tanınmış məşqçi olsa belə, ortaya konkret fikir qoymaq çətindir. Mutunun nə istədiyini bilmək üçün bir müddət keçməlidir. Təvazökarlıqdan uzaq da olsa, deyim ki, hansısa xüsusilik, fərqlilik görünmür. Ən azı ilin sonunda dərin təhlillər aparıb fikir bildirmək olar ki, "Neftçi” böyük uğurlar qazanacaq ya yox. Görünən odur ki, "Sabah”dan sonra "Neftçi” də "Qarabağ”ı devirmək üçün iddialıdır. Çempion olduqdan iki ay sonra hər şeyi əldən vermək olmaz. Bildiyimə görə, konkret fəlsəfələri, istiqamətləri var. Bunun üçün də vaxt lazımdır. Sonra görəcəyik ki, "Qarabağ” səviyyəsinə yüksələ bilərlər, ya yox.
- "Neftçi”nin "Beşiktaş” qarşısındakı şanslarını necə görürsünüz?
- Aydın məsələdir ki, bu gün hərtərəfli favorit "Beşiktaş”dır. Amma fitbolda gözlənilməz nəticələr çox olur. Hamımız "Neftçi”yə azarkeşlik edəcəyik. Favorit isə "Beşiktaş”dır.
- Azərbaycan Premyer Liqası sürpriz nəticələrlə başladı. Bunu necə izah etmək olar? Belə başlanğıcı gözləyirdiniz?
- Açığı, "Neftçi”nin "Kəpəz”ə uduzması, "Səbail”in "Sumqayıt”a böyük hesabla məğlub olmasını gözləmirdim. Çempionat yeni başlayıb. İlk "üçlük” haradasa bəllidir. O cümlədən 4 və 5-ci pillələrdəki komandaların kimliyi haqda proqnoz vermək mümkündür. Çox yaxşı mübarizə gedəcək. Bəlkə də 10 turdan sonra hər şey yoluna düşəcək və kimin hansı pilləni tuta biləcəyi haqda fikir yürüdə biləcəyik. Kimlərin hansı səviyyədə olduğu müəyyənləşəcək. "Neftçi”nin məğlubiyyətini gözləmirdim. Çünki "Kəpəz”in maliyyə sıxıntıları var. Lazımi səviyyədə legioner gətirə bilmirlər. "Qarabağ” isə "Zirə” ilə oynayırdı. Artıq dördüncü ildir komandanın başında Rəşad Sadıqovdur. Fikrimcə, bu müddətdə istədiyi futbolçuları yığa bilib, komanda formalaşdırıb. Qurban Qurbanov isə rotasiya edir. Heyətə baxanda bəlli idi ki, komanda gücünü Avroliqada qarşılaşacağı HJK ilə oyuna saxlayıb. "Qarabağ”ın xal itirəcəyi gözlənilən idi, bu, sensasiya deyil. Çünki yetərincə keyfiyyətli rəqibə qarşı oynayırdılar.
- Ümumiyyətlə, bu mövsüm "Qarabağ” haqda fikirlər birmənalı deyil. Komandanın zəiflədiyini dşünürlər və bunu Musa Qurbanlı, Ramil Şeydayev, Qara Qarayev kimi əsas heyət üzvlərinin gedişi ilə əlaqələndirirlər…
- Heç bir zəifləmə yoxdur. Oturuşmuş heyətləri, təcrübəli baş məşqçiləri var. Heç bir sıxıntı yoxdur. Hər komandada bəlli bir dönəmdə eniş yaşanır. "Qəbələ”nin yaxşı vaxtlarında "Qarabağ” onlardan 7-8 xal geridə olsa da, sonda çempionluğu qeyd edib və Avropada uğurlar qazanıb. Məncə bu, müvəqqəti çətinlikdir. "Qarabağ” qatardır, relsin üstündədir. Böyük problem görmürəm. Yenə də toparlanıb bizi Avropada təmsil edəcəklər, çempionatda da uğurlu çıxış edəcək. İllər boyu hamını uda-uda getmək mümkün deyil. Haradasa büdrəyirsən, "qara zolağ”a düşürsən. Məğlubiyyət olanda belə söz-söhbətlər yaranır. Bundan əvvəl də kimlərsə komandadan ayrılıb, əvəzinə kadilər gəlib. Dinolar getdi, vadcilər gəldi və sair. Son illərdə kimlərsə gedib-gəlib. Bu gün "Qarabağ”da sıravi işçisindən tutmuş hər kəs öz işini peşəkar şəkildə görür. Əksinə digər klublardan narahat olmalıyıq ki, onlar necə formalaşacaq.
- Digər klublarımızdan hansılar sizi daha çox təəccübləndirir?
- Çempionat yeni başlayıb. Əlbəttə, bu gün istənilən komanda təəccübləndirəcək. Premyer Liqa maraqlı keçəcək, düşünürəm ki, konkret autsayder olmayacaq. Sonda gedən komanda da görəcəksiniz ki, yüksək pillələrdə olan rəqibini məğlub edəcək. "Şamaxı” Birinci Liqaya yuvarlandı, amma "Sabah”ı məğlub etmişdilər. Klublarımızın çoxundan xal aldı. "Qəbələ”, məncə, toparlanacaq. "Turan Tovuz”un da möhkəm olacağını düşünürəm. "Araz Naxçıvan”ın da ilk turda 0:3 hesablı məğlubiyyətinə baxmayaraq, təəccübləndirəcəyini gözləyirəm. "Kəpəz” "Neftçi”yə qalib gəlməklə, mesaj göndərdi ki, onları ciddiyə almaq lazımdır. "Səbail”dən gözləntilər çoxdur. Bir neçə turdan sonra nəsə söyləmək olar. Hər komanda ən azı bir-biri ilə bir dəfə oynasın ki, məğlubiyyətlərin və ya qələbələrin təsadüf olub-olmadığını görək.
Səbuhi Həsənov
Şərhlər