U-21 millimiz Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində mübarizəyə başlayır. Komanda sentyabrın 12-də ilk matçını keçirəcək. Serbiyanın qonağı olacaq Samir Əliyevin kollektivi seçmə mərhələdə İngiltərə, Ukrayna, Şimali İrlandiya, Serbiya və Lüksemburqla eyni qrupda mübarizə aparacaq. Artıq ayın 12-də Serbiya ilə keçiriləcək matç üçün yığmamızın heyəti də açıqlanıb.
Millinin baş məşqçisi heyətlə, Avropa Çempionatının seçmə mərhələsi ilə bağlı Qaynarinfo-ya danışıb. O, müsahibəsində şansları dəyərləndirib, xarici ölkələrdən gələn futbolçuların durumu ilə bağlı fikirlərini bölüşüb və bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.
- Yığma AÇ-nin seçmə mərhələsinə nə dərəcədə hazırdır?
- Bugündən yığışırıq, nə dərəcədə hazır olduğumuz oyunda bilinəcək. Bir həftə vaxtımız var. Bu müddət ərzində hazırlaşacağıq. Dəvət olunan futbolçular arasında, Premyer Liqada əvəzedici heyətdə oynayanlar var. Birinci Liqadan da futbolçu dəvət etmişik. Təəssüf ki, Birinci Liqanın oyunları hələ ayın 13-dən başlayacaq. Bu səbəbdən futbolçuların hamısının hazırlıq səviyyəsi eyni olmaya bilər. Amma ümumi bir həftəmiz var. Toplanış keçəcəyik. Çalışacağıq ki, Serbiyaya qarşı meydana optimal heyətlə çıxıb, mübarizə aparaq və istədiyimiz nəticəni əldə edək.
- Xarici ölkələrdən gələn futbolçuların hazırlıq durumu hansı səviyyədədir?
- Cəlal Hüseynov Bolqarıstan çempionatında keçirdiyi son oyunda 90 dəqiqə meydanda olub. Ramin Nəsirli Latviya Premyer Liqasında mütəmadi 60-70 dəqiqə oynayır. Bundan başqa, qapıçılar arasında rqabət var. Bunlara qapıçı məşqçimiz Üzeyir müəllim cavabdehdir. Estoniyadan gələn Murad Vəliyevə pasport verilməlidir. Çalışacağıq, ayın 12-nə kimi Gənclər və İdman Nazirliyi ilə birlikdə onun pasport məsələsini həll edək. Müraciət olunub. Vəliyev artıq bir ilə yaxındır U-21-ə dəvət alır. Estoniyada doğulub, böyüyüb. Amma atası-anası sırf azərbaycanlıdır, Zəngilanda doğulublar. Sonradan Estoniyaya köçüblər. Azərbaycanca danışa bilir.
- Türkiyədən, "İğdırspor”dan gələn Mustafa Yıldırım haqda nə deyə bilərsiniz?
- Milliləşdirilmiş futbolçudur, artıq dörd ildir yığmalarımıza dəvət alır. Azərbaycan pasportu daşıyır, əvvəl də U-21-ə dəvət alıb. "İğdırsporda”dır, izləyirik, danışırıq, yaxşı formadadır. Düşünürəm ki, bizə kömək edəcək.
- Heyətdə "Qarabağ”dan dəvət almış futbolçu görmədik. Bunun xüsusi səbəbləri var?
- Heç bir xüsusi səbəbi yoxdur. "Qarabağ”da Nəriman Axundzadə var, dünən 90 dəqiqə oynadı. Qapıçıları da nəzərimizdədir. Sadəcə, heyətimizdə Rza Cəfərov, Rüstəm Samiqullin var. Rza "Neftçi”də əsas heyətdə oynayır. Eldar Tağızadə İspaniyada son oyunlarda meydana çıxdığına görə dəvət alıb. Gələcək oyunlarda, toplanışlarda "Qarabağ”dan həm Amin Ramazanov, həm də Nəriman Axundzadə də yəqin ki, şans qazanacaq. Hazırda xüsusi səbəb yoxdur.
- Serbiya millisi haqda hansı məlumatlara maliksiniz?
- Müəyyən məlumatlarımız var. Məşqçi dəyişiklikləri olub. Heyətdə də dəyişikliklər var. Oyuna kimi vaxtımız var, məlumatları futbolçulara çatdıracağıq.
- Serbiya ilə oyunda şansları necə dəyərləndirirsiniz?
- Şans həmişə var. Ən azı meydançada ürəyini, canını qoyan futbolçular oynayacaq. Döyüşəcəyik, istədiyimiz nəticəni əldə etməyə çalışacağıq.
- Optimal heyətlə oynamaq imkanınız olsa, bu seçmə mərhələdən nə gözləyə bilərik?
- Hər şey gözləyə bilərik. Bu gün futbol elə bir səviyyəyə çatıb ki, zəif ölkələr güclülərdən xal ala bilir. Düzdür, hazırda çətinliklərimiz var, onlar haqda danışmaq istəmirəm. Sürpriz edə bilərik.
- Qrupumuzdakı rəqiblərdən hansı dişimizə görədir?
- Hər bir rəqiblə oynamaq mümkündür. Rəqibin sənə yanaşmasından, ona qarşı necə oynamağından da çox şey asılıdır. Bilirsiniz ki, zəif qrupda deyilik. İngiltərə, Ukrayna, son Avropa Çempionatında oynayan ölkələrdir. İngiltərə iki ay əvvəl Avropa çempionu oldu. Ukrayna ¼ final mərhələsinə yüksəlmişdi. Serbiyanın gücü bəllidir. Bu yaxınlarda heyətləri açıqlanıb. Baxırsan ki, hamısı Serbiya Premyer Liqasında və ölkədən kənarda oynayan futbolçulardır. Şimali İrlandiyanın İngiltərədə, Lüksemburqun Almaniyada oynayan oyunçuları var. Zəif qrup deyil, amma hər bir rəqibdən xal almaq mümkündür.
Səbuhi Həsənov
Şərhlər