Xəbər lenti

Salyanlı hakim Barış Şimşəkdən şikayətləndi:
İdman 18:18 02.10.2023

Salyanlı hakim Barış Şimşəkdən şikayətləndi: "Zənglərimə cavab vermirlər, bəlkə elə üzr istəyəcəyəm..."

Bir müddət öncə hakimlikdən uzaqlaşdırılan Bilal Rüstəmov AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək və qurumda departament rəhbəri olan, eyni zamanda Premyer Liqada hakimlik edən Cavid Cəlilovdan narazılığını bildirməkdə davam edir. AFFA-ya ünvanladığı müraciətlərə cavab ala bilməyən salyanlı referi ona təyinat verilmədiyini, 13-14 ildir hakimlik etməsinə baxmayaraq, oyunlardan kənarda saxlanıldığını bildirib. 

Rüstəmov Qaynarinfo-ya açıqlamasında müraciətinə cavab verilməsini istəyib:

"Keçən dəfə müraciət etmişdim. Amma həmin vaxtdan bəri dörd-beş dəfə zəng vurmuşam, mesaj yazmışam, əlaqə saxlamağa çalışsam da, cavab verməyiblər. Çox güman ki, yazdığım e-mailləri Cavid Cəlilov Barış Şimşəyə göstərməyib və ya qulaqardına vuraraq qəbul etməyə ehtiyac olmadığını bildirib. Daha olub keçib, mən də 13-14 ilin hakimiyəm. Gəlim, AFFA-ya Cavid Cəlilov, Barış Şimşək, Bəxtiyar və mən birlikdə müzakirə aparaq. Lazım gələrsə, üzr istəyərəm. Bu mənim üçün qəbahət deyil. Amma haqqımı tələb etmişəm. Çünki bütün normativləri vermişəm. Keçən dəfə də demişdim, mənə Salyandan Hövsandakı oyuna getmək üçün cəmi 60 manat, ancaq yaşadığı yerə yaxın zonalarda hakimliyə görə bəzilərinə 200-250 manat qonorar yazırlar. Bu il də eyni hal baş verir. 20-yə yaxın hakim var, onlara ümumiyyətlə oyun vermirlər. Sözüm budur ki, Şimşəyə, həmçinin Cavidə 20-22 gün əvvəl e-mail yazmışam. Amma məni qəbul etmirlər. İstəyirəm ki, qəbul etsinlər. Mən də hakiməm, heç olmasa, departament rəhbəri kimi cavab yazsın”.

Rüstəmov AFFA-dan cavab almayacağı təqdirdə Prezident Aparatına məktub yazacağını deyib:

"Nə edə bilərəm? Prezident aparatına məktub yazıb bildirəcəyəm ki, məni hakimlikdən haqsız yerə uzaqlaşdırıblar. Hazırda 20-yə yaxın hakim Cavidə qarşı üsyan edir. Çünki Cəlilov mənə görə onlara da oyun yazmır. Halbuki həmin hakimlər haqlarını tələb edirlər. Mən də dəfələrlə zəng vurdum, telefonu açmırlar. Heç olmasa telefonu götürüb cavab versinlər, bəlkə elə üzr istəyəcəyəm”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->