Xəbər lenti

“Sabah”ın baş məşqçisinin
Səbuhi Həsənov
İdman 10:00 11.04.2023

“Sabah”ın baş məşqçisinin "HAKİMofobiya"sı

Murad Musayev "Sabah”ın baş məşqçisi təyin ediləndən sonra komanda xeyli irəliləyişə nail oldu. Mövsümün başlanğıcından etibarən iddiasını ortaya qoyan Bakı klubu hətta bir ara çempionluğa da boylanırdı...
 
Düzdür, bu arzunun reallaşması hazırda ancaq nəzəri cəhətdən mümkündür. "Qarabağ” ardıcıl dörd oyun uduzmalı, ”Sabah” isə qələbə qazanmalıdır ki, xallar bərabərləşsin və çempionluq uğrunda mübarizə qızışsın. Bu isə praktiki baxımdan inandırıcı görünmür. Yəni, "Qarabağ”ın bu mövsüm də çempionluğu əldən verməyəcəyi ehtimalı daha böyükdür. Lakin Bakı təmsilçisi üçün bir müsbət məqam var - Azərbaycanı avrokuboklarda təmsil edəcək. Necə edəcək, hansı nəticələri göstərəcək, bunu zamanla görəcəyik. Hə, belə məqamları Musayevin rəhbərliyi fonunda "Sabah” üçün sevindirici hesab etmək olar. Ancaq hər şey heç də göründüyü kimi müsbət deyil...

Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan "Səbail” - "Sabah” matçı Şahin Diniyevin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatdı. Məğlubiyyəti həzm edə bilməyən qonaqların çalışdırıcısı 83-cü dəqiqədə hakimin qərarına kobud şəkildə etiraza görə sarı vərəqə ilə cəzalandırıldı. Bu azmış kimi oyundan sonra da özünü idarə etməkdə çətinlik çəkən rusiyalı mütəxəssis qırmızı vərəqə gördü. Əslində, onun bu cür hərəkətləri ilk belə hal deyil. Azərbaycan Premyer Liqasına gəlmiş ən intizamsız məşqçilərdən birinə çevrilməyə başlayan rusiyalı dəfələrlə özündənrazı açıqlamaları, cəzalanmasına səbəb olan addımları ilə gündəmə gəlib. Bu barədə bir qədər sonra faktları nəzərinizə çatdıracağam.

Əvvəla onu yazım ki, "Sabah” cari mövsüm "Səbail”lə baş tutan 6 oyunda cəmi iki dəfə (13 və 21-ci turlarda) qələbə sevinci yaşayıb. 5-ci turda rəqibi ilə qolsuz bərabərliyə razılaşan komanda sonuncu - aprelin 8-də keçirilən matçda isə məğlubiyyətlə barışmalı olub - 1:2. Bundan başqa "Sabah” ölkə kubokunun 1/4 finalının həm ilk, həm də cavab matçında "Səbail”ə uduzaraq (3:2, 1:0) mübarizədən kənarda qalıb. Göründüyü kimi, autsayderin qapazaltısına çevrilən çempionluğa iddialı komandanın baş məşqçisi isə günahları başqasında, ələləxsus da hakimlərdə görür. Halbuki, yalandan hay-küy salmaqla, hər uğursuzluqdan sonra hakimləri təhqir edib məğlubiyyətin səbəbkarı kimi göstərməklə, çempionatda nəyəsə nail olmaq çətindir. Hər halda peşəkar məşqçi üçün bunu anlamaq elə də çətin deyil. Musayev məğlub olduğu, uğursuzluq yaşadığı bir sıra oyunlardan sonra açıqlamaları ilə də gündəmi zəbt edib. Gəlin, nəzər salaq.

2022-ci ildə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi”yə məğlub olduqları və qırmızı vərəqə ilə cəzalandırıldığı görüşdə Musayev açıqlamasında hakimləri günahlandırmışdı: "Meydançada nə baş verdisə, referi buna doğru irəliləyirdi və istədiyinə nail oldu. O, işini çox yaxşı gördü. Epizod gedirsə və oyunçulardan biri qaydanı pozursa, hakim susursa, amma eyni hal zamanı digər tərəfin xeyrinə birbaşa fit çalırsa, deməli, başqa niyyəti var. İmkan verirsənsə, qoy, hər iki tərəf sərt oynasın. O, sadəcə, bir tərəfə qarşı fit çalırdı. Meydanda baş verən hər şeyin səbəbkarı hakimdir…”

Musayev cari çempionatın 6-cı turunda baş tutan "Qarabağ” - "Sabah” (4:3) görüşündən sonra da hakim idarəçiliyindən şikayətlənmişdi. O, əsasən də "Qarabağ”ın 4-cü qolu zamanı mübahisəli məqamlar olduğunu bildirməklə hakimlərə "ilişmişdi”.

Rusiyalı mütəxəssis qırmızı vərəqə gördüyü digər - 23-cü turda baş tutan "Turan Tovuz”la matçdan sonra da hakimləri qınamışdı. Oyun zamanı baş hakim Kamal Umudluya sərt etirazlarına görə texniki zonadan qovulan məşqçi mətbuat konfransında verilən sualı, "Hakimdən soruşmaq lazımdır ki, niyə qırmızı vərəqə göstərdi. Futbol emosiyalar oyunudur. Hakim ya sərt oyuna imkan verməlidir, ya da yox. Bu gün ədalətsiz qərarlar verildi. Penalti epizodundan əvvəl qayda pozuntusu var idi. Hakimlər akkreditasiyanı çox soruşurlar. Dünyanın heç bir yerində belə şeylər yoxdur. Onlar oyunlarımızda kobud səhvlər edirlər. Hakimlik bərbad idi”, - sözləri ilə cavablandırıb.

O, ötən ay, ölkə çempionatının 22-ci turu çərçivəsində keçirilən "Qarabağ”la matça görə də hakimləri "topa tutmuşdu”. 1:1 hesabı ilə başa çatan görüşdən sonra məşqçi açıqlamasında, "Hakim 200 faizlik penaltini vermədi. "Sabah”a hörmət etməlidirlər. Ötən turlarda da bizə qarşı səhvlər oldu. "Qarabağ” örnək və top-klubdur. Yaxşı baş məşqçiləri var. Onların bu cür hallara ehtiyacları yoxdur. Hamımız fikirləşirik ki, epizod 100 faiz penaltidir. Amma hakimin niyə belə qərar qəbul etdiyini deyə bilmərəm,” - ifadələrini işlətmişdi.

Maraqlıdır ki, Musayev təkcə məğlub olduqları deyil, qələbə qazandıqları oyundan sonra da hakimlərdən gileylənməyi sevir. Məsələn, ötən ay, 26-cı tur çərçivəsində "Sumqayıt”ı 4:0 hesabı ilə məğlub etdikləri qarşılşamadan sonra keçirilən mətbuat konfransında bunları deyib: "Samir Abasovla nə danışırdım? İstəyirsiniz sizə də deyim. "Şamaxı” ilə oyunda penaltimiz verilməmişdi. Hamı hər şeyi görür. Bu gün baxırıq ki, həmin matçda penaltini verməyən hakim Gəncədəki oyunu idarə edir. Namik Ələskərova qarşı kobud oynadılar, Emmanuel Apeh topu boş qapıya göndərməyə hazırlaşarkən arxadan zərbə vurdular, penalti təyin olunmadı. Ancaq bu gün Gəncədəki matçda penaltini gördünüz. Futbolçunun azca maykasından tutan kimi penalti təyin edildi. Murad Musayev pisdir, tərbiyəsizdir, iki oyun cəzalandırdılar, 3200 manat cərimələdilər… Baş hakim isə istədiyini edir, onu cəzalandırmırlar. O, hər zaman pis oyun idarə edəcək, çünki cəzalandırılmır”.

Nəhayət, iki gün öncə məğlub olduqları və qırmızı vərəqə ilə cəzalandırıldığı "Səbail”lə matçdan sonra rus məşqçi yenə hakimləri günahlandırıb: "Bu hakimlə xal qazanmaq şansımız yox idi. Oyunu fərqli idarə etmək istəyir, özünü hamıdan ağıllı sayır. Matçdan sonra, sadəcə, təşəkkür etmək üçün ona yaxınlaşdım, ikinci sarı vərəqəni göstərdi. Bu, həmin hakimdir ki, "Qarabağ"la oyunöncəsi Con İrasabalı qırmızı vərəqə ilə cəzalandırdı. Halbuki qaydanı Qoba Zakpa pozmuşdu".

Göründüyü kimi, Azərbaycan Premyer Liqasında baş tutan oyunlarda qırmızı vərəqə ilə texniki zonadan qovulmaqla məşhurlaşan Musayev əksər hallarda uğursuzluğun səbəbini hakimlərdə görüb. Maraqlıdır ki, "Sabah” rəhbərliyi də onun bu hərəkətlərinə qarşı çıxmır. Sanki klub olaraq bütün günahları özlərində deyil, başqalarında görürlər. Bəlkə, utanmasalar media nümayəndələrini də günahlandırarlar. Yəqin buna rəvac verən komandanın cari mövsümkü çıxışı, avrokuboklara vəsiqə qazanmasıdır. Belə görünür "Sabah" Azərbaycan çempionluğunu qazansa, özünü "Real", "Barselona" səviyyəsində hiss edər. Hər halda rəhbərlik və məşqçi o qədər eyforiyaya qapılıblar ki, özlərini toxunulmaz, məğlubedilməz kimi aparırlar. Futbolda isə məğlubedilməz komanda yoxdur...

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->