Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin 2015-ci ildə ləğv olunub) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qaynarinfo xəbər verir ki, növbəti məhkəmə prosesi iş üzrə MTN müstəntiqlərinin ibtidai istintaqa verdikləri ifadələrin elan edilməsi ilə davam etdirilib. İfadələr təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında elan olunub. Həmin ifadələrdə MTN-də zərərəkənlərdən pul tələb olunub alınması təkzib edilir. Yasin Məmmədov məhkəmənin diqqətinə çatdırmaq istəyib ki, nəinki o, ümumiyyətlə onun yanında olan müstəntiqlər də kimsədən pul tələb etməyib, almayıblar. İcraatlarında olan cinayət işləri üzrə Baş Prokurorluqdan verilən şifahi və yazılı göstərişləri, əmrləri icra ediblər.
Bundan sonra söz təqsirləndirilən şəxs Sahib Ələkbərova verilib.
Sahib Ələkbərov 20 il xidmət etdiyini diqqətə çatdırmaqla ona 6 epizod üzrə ittiham verildiyini xatırladıb. İttihamların saxta olduğunu iddia edən Sahib Ələkbərov həmin epizodlar üzrə zərərçəkən qismində tanınan şəxslərdən hədə-qorxu ilə pul almadığını, tələb etmədiyini, rüşvət almadığını dilə gətirib.
O, icraatında olan cinayət işləri üzrə birbaşa baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovun şifahi və yazılı göstərişlərini icra etdiyini deyib:
"Mən istintaqa cəlb olunan şəxslərdən pul almamışam, tələb etməmişəm. Kimsə pul tələb edibsə və alıbsa, prokurorluq, prokurorluğun Ağır Cinayətlər İdarəsi araşdırma aparsın, müəyyən etsin və məsuliyyətə cəlb etsin. Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdırlar. Onların hər biri bizim kimi bütün ölkə boyu rusvay olmalıdırlar. Çünki burada baş verənləri mətbuat yazır. Hər kəlməmiz mətbuatda işıqlanır".
Bundan sonra Sahib Ələkbərov yazılı şəkildə hazırladığı vəsatəti elan edib. O, sabiq baş prokuror Zakir Qaralovla onun 1-ci müavini Rüstəm Usubovun məhkəmə prosesinə şahid qismində dəvət edilmələrini tələb edib:
"Hörmətli hakim, Zakir Qaralovla Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilmələri olduqca vacibdir. Bu iki şəxs məhkəmədə dindirilmədən siz obyektiv, qanuni qərar qəbul etmək imkanında deyilsiniz. Çünki MTN-in İstintaq İdarəsində daxil olan material birbaşa baş prokuror Zakir Qaralovun müavini Rüstəm Usubova məruzə edilirdi. Onun göstərişi əsasında material üzrə cinayət işinin başlanması və ya rədd olunmasına dair qərar verilirdi. Cinayət işinin başlanması haqda qərarda ayrıca bənd olurdu. Həmin bənddə 24 saat ərzində işə nəzarət edən prokurora qəbul olunmuş qərarın surətinin göndərilməsi tapşırılırdı”.
Bu yerdə Sahib Ələkbərov bir qədər əsəbi və yüksək tonda hakim Elbəy Allahverdiyevə müraciətlə törədilmiş vəzifə cinayəti barədə məlumat vermək istədiyini açıqlayıb.
Hakim təqsirləndirilən şəxsə həmin cinayət haqda məlumat verməsi üçün şərait yaradıb və qışqırmadan danışmasını tövsiyyə edib.
Beləliklə, Sahib Ələkəbərov xidmət etdiyi müddətdə cinayət törətdiyini bildirib: "Bu gün də həmin cinayətə görə məsuliyyət daşımağa hazıram. Hacı Məmmədovun mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü olmuşam. İstintaq zamanı üzə çıxdı ki, "Knauf” şirkətnin rəhbərlərindən olan Rəna Nəsibova Hacı Məmmədovun dəstəsinin cinayətləri barədə baş prokuror Zakir Qaralova yazılı məlumat verib. Müraciətindən sonra, o zaman Rəna Nəsibovanı Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov dinləyib. Rəna Nəsibova Rüstəm Usubova Hacı Məmmədovun dəstəsinin üzvü olan çeçenlərdən biri ilə münasibətinin olduğunu açıqlayıb. Deyib ki, Hacı adlı polis əməkdaşının adam oğurlayan və serial qətllər törədən dəstəsi var. Həmin çeçen Rəna Nəsibovaya Bakıda adam oğurluqları və serial qətllərlə bağlı çox ciddi məlumatlar vermişdi. Rəna Nəsibovaya deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova bütün bildiklərini Rüstəm Usubova deyib, o da MTN-ə və Daxili İşlər Nazirliyinə formal olaraq məktub yazmaqla işini bitmiş hesab edib. Rüstəm Usubov bu məktubu yazandan az sonra "Knauf” şirkətinin ofisində Rəna Nəsibovanın meyiti aşkar olunmuşdu. Hadisə yerinə ilk gedən də elə Rüstəm Usubov olmuşdu. Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova öldürülüb! O zaman istintaq qrupunun üzvü olaraq Rüstəm Usubovun dindirilməsi mənə həvalə olundu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət olduğunu müəyyən etdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatar əsasında hansı qanuni tədbirlər görülüb. Məlum oldu ki, Rüstəm Usubov qeyd etdiyim kimi 2 məktub yazmaqdan başqa hər hansı bir tədbir görməyib. Bu məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O da Rüstəm Usubovun həbs edilməsinə göstəriş verdi. Amma mən həmin o göstərişi icra etmədim. Buna görə peşmanam. Həmin vaxt o göstərişi icra etsəydim, bu gün burada olmazdım. Sizdən xahiş edirəm ki, Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilməsini təmin edəsiniz. Onun mənimlə o zamandan, ona dindirməyimlə əlaqədar şəxsi ədavəti var. Ona görə də məni də bu işə qatıb və bu gün sizin qarşınızdayam. Mən buradayamsa, Rüstəm Usubov da burada cavab verməlidir”.
Təqsirləndirilən Sahib Ələkbərovun çıxışına zərərçəkən Qulam Bağırov "sənə halaldır” şəkilində replika verib və hakimdən söz istəyib. Elbəy Allahverdiyev Qulam Bağırova fikirlərini çatdırmaq üçün şərat yaradıb:
- Sahib Ələkbərov, mənim qardaşımdan aldığın pul kimə çatıb? Bunu aç, de. Özün mənə demisən ki, qardaşından aldığım 135 min manatın 25 min manatı məhkəməyə vermisən. Dedin ki, 25 mini hakimə verirsən ki, mənə aidiyyatı olmayan cinayət işində barəmdə saxta hökm çıxarsın.
Sahib Ələkbərov zərərçəkənin sözünü yarımçıq kəsib:
- Mən səndən pul almamışam. Sənə elə söz də deməmişəm. Səndın pul alanın var-yoxun...
Zərərçəkən Qulam Bağırov:
- Var-yoxunu söymə, pulu məndən yox, qardaşımdan almısan. Yaşadığım evi satdırıb pulunu almısan.
Təqsirləndirilən Sahib Ələkbərov:
- Pul alanın balası ölsün...
- Ay şərəfsiz, uşaqlarını niyə öldürürsən?
Hakim:
- Qulam Bağırov, çıxın bayıra. Sakit olun. Çıxın.
Nəzarətçilər Qulam Bağırovu məhkəmə zalından çıxarıb.
Bundan sonra təqsirləndirilən şəxs Vüsal Ələkbərov məhkəmədən söz istəyıb. Deyib ki, Sahib Ələkbərovun vəsatətini dəstəkləyir:
- Mən Zakir Qaralov və Rüstəm Usubova görə bir hökmlə təqsirim olmadan 12 il müddətinə azadlıqdan məhrum olunmuşam. Əmlakım da müsadirə edilib. 5 il cəzaçəkmə müəssisəsində dustaq həyatı yaşamışam. Bu gün məni yenə də günahım olmasa da, təkrarən sizin hüzurunuza çıxarıblar. Mən ikinci dəfə bu həyatı yaşamayacağam. Hər şeyi olduğu kimi açıb deyəcəyəm. Gözləyirəm ki, Zakir Qaralov, Rüstəm Usubov özləri gəlib burada izah versinlər. Desinlər ki, nə, necə olub. Hansı qaydada, hansı şəkildə cinayət işi başlanılmasına, qəti-imkan tədbirinin seçilməsi, dəyişdirilməsi, hansı qaydada məhkəməyə göndərilməsi baş verib. Sizdən də xahiş edirəm ki, Sahib Ələkbərovun Rüstəm Usubovla bağlı vəsatəti təmin edilsin. Rüstəm Usubov burada şahid qismində dindirilsin.
Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmənin diqqətinə çatdırıb ki, zərərçəkənlərinin çoxunun barəsində qanuni ittihamedici hökm qüvvədədir. Belə bir halda təqsirləndirilən şəxslərə həmin zərərçəkənlərin epizodları üzrə ittiham irəli sürmək qanunsuz olub.
Vəkil müvəkkilinə verilmiş ittihamın qanunsuz olduğunu xüsusi olaraq hakimin diqqətinə çatdırıb. Hakim isə vəkilin sözlərinə "bu məsələnin açıb-ağartmağa ehtiyac yoxdur” deməklə reaksiya verib.
Bundan sonra zərərçəkən Əfsəl Həsənəliyev söz istəyib. Təqsirləndirilən Sahib Ələkbərovun vəsatətini dəstəkləyib:
"Mənə qarşı cinayət Zakir Qaralovla Rüstəm Usubovun birbaşa rəhbərliyi altında törədilib. Mövlam Şıxəliyevgil məni həbs adı ilə girov götürüblər. 5 ay qanunsuz olaraq həbsdə saxladılar. Ailəmdən evimi banka girov qoydurmaqla 50 min dollar pul aldılar. Saxta cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər. Məhkəmənin sədri Kəramət Əliyev də bunlara qoşulub bizdən pul tələb etdi. Barəmizdəki saxta ittiham aktını hökmə köçürdü, bizi məhkum etdi. 2014-cü ildə mən Baş Prokurorluğa şikayət etdim. Kəramət Əliyevin bizdən pul tələb etməsinə dair səs yazılarını ortaya qoydum. Zakir Qaralov əməliyyat müşavirəsi keçirdi, mənə də ora dəvət elədilər. Elə bildim ki, məsələ həllini tapacaq. Zakir Qaralaov isə orada göstəriş verdi ki, gedin Əfsəl Həsənəliyevin dediklərini təkzib edən izahatlar alın, cinayət işinin başlanmasını rədd edin. Zakir Qaralovun cinayətə bərabər tapşırığını yerinə yetirdilər və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxardılar. 2015-ci ildə cənab prezident MTN-dəki mütəşəkkil cinayətkar dəstəni dağıdandan sonra Zakir Qaralov əl-ayağa düşdü, şikayətimi də o zaman hazırda burada araşdırılan cinayət işinə əlavə etdilər. Mən Sahib Ələkbərovun vəsatətini dəstəkləyirəm, eyni zamanda vəkilim, hörmətli Osman Kazımov mənim vəsatətimi də təqdim edəcək”.
Zərərçəkən Zaur Əliyev də həm təqsirləndirilən, həm də zərərçəkənin vəsatətlərini dəstəklədiyini bildirib. Əlavə bir vəsatətlə də özü çıxış edib:
"Məhkəmə istintaqı zamanı açıq-aşkar göründü ki, bu gün mühakimə olunan mütəşəkkil cinayətkar quldur dəstənin ən aktiv üzvləri, kecmiş baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubovdur. Onlar vəzifəli şəxs olaraq Mövlam Şıxəliyevi, bu gün məhkəmə qarşısında olan bütün dəstəni himayə ediblər.
Zakir Qaralov və Rüstəm Usubov Mövlam Şəxəliyev və başının quldur dəstəsinin birbaşa iştirakı ilə mən də daxil olmaqla 36 nəfər vətəndaşın girov götürülməsinə şərait yaradır, bunlar da pul və mal alınandan sonra işi məhkəməyə göndəriblər. Həbs adı ilə girov götürülmüş, mən də daxil olmaqla Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə Zakir Qaralovla Rüstəm Usubovun xüsusi payı olub. Məhkəmə zamanı sadaladıqlarım öz təsdiqini tam olaraq tapdı. Azı 10 zərərçəkən, Mövlam Şıxəliyev və onun dəstəsi dəfələrlə ifadələrində bildirdilər ki, MTN-nin Baş İstintaq İdarəsində cinayət işləri üzrə ibtidai istintaqa birbaşa baş prokuror Zakir Qaralovun 1-ci müavini Rüstəm Usubov nəzarət edib. Onun şifahi və yazılı göstərişi əsasında cinayət işin başlanılması, qəti-imkan tədbirin secilməsi və dəyişdirilməsi, əməlin CM-nin müvafiq maddəsi ilə tövsüf edilməsi həyata kecirilib. Möhtərəm prezident siyasi iradə ortaya qoymaqla MTN-dəki cinayət yuvasını darmadağın etdi. Biz zərərçəkənlər də sevindik ki, nəhayət haqqımız bərpa ediləcək, ədalətli hökm çıxarılacaq, bizə qarşı cinayət edənlər layiqli cəzalarına çatdırılacaqlar.
Bu məhkəmənin gedişatı göstərir ki, prezident bir daha siyasi iradə ortaya qoymalıdır ki, Azərbaycan Baş Prokurorluğunda baş verən cinayətlər araşdırılsın. Konkret olaraq mənim qanunsuz olaraq həbs olunmağım, faktiki olaraq girov götürülməyimlə bağlı iş üzrə aşağıda sadaladığım şəxslərin məhkəməyə dəvət edilərək əlavə şahid qismində dindirilməsinin təmin olunmasını xahiş edirəm: sabiq baş prokuror Zakir Qaralov, 1-ci müavini Rüstəm Usubov, hakim Əfqan Haciyev, MTN Baş İstintaq İdarəsində rəis müavini Təhsin Ağayev məhkəməyə dəvət olunsunlar".
Bir qədər əvvəl məhkəmə zalından çıxarılan zərərçəkən Qulam Bağırov geri dönərək hakimdən çıxış üçün söz istəyib. Elbəy Allahverdiyevin razılığından sonra Qulam Bağırov sədrlik edən hakimə etirazını bildirib:
"Siz məhkəmənin ilk günündən açıq məhkəmə prosesində jurnalistlərin iştirakına imkan vermirsiz. Jurnalistlər hər dəfə məhkəmə binası önünə gəlib prosesdə iştirak etmək istəyirlər. Lakin qapıda polis serjantı onlara deyir ki, hakim məhkəmədə iştiraklarını qadağan edib. Buna görə də jurnalistlər açıq məhkəmə prosesində iştirak edə bilmirlər. Sizin bu göstərişiniz qanunsuzdur. Bizə qarşı cinayətlər də məhz qapalı şəraitdə, jurnalistlərdən, geniş ictimaiyyətdən gizlədilməklə törədilib. Bu gün siz açıq məhkəmə prosesini qapalı keçirməklə faktiki olaraq Mövlam Şıxəliyevgilin bizlərə qarşı cinayətlərinin ört-basdır olunmasına şərait yaratmağa çalışırsız. Bununla da Mövlam Şıxəliyevgilin cinayətlərinə şərik olursuz.
9 aydır məhkəmə gedir, siz zərərçəkənlərin bir vəsatətini belə təmin etməmisiz. Təqsirləndirilən şəxsləri, özəlliklə Mövlam Şıxəliyevi müdafiə edirsiz. Məhkəmənin ilk günündən siz, Mövlam Şıxəliyevə "Mövlam müəllim” deyə xitab edirsiz. Bu, ondan irəli gəlir ki, siz müstəntiq işlədiyiniz dövrdə Mövlam Şıxəliyevin rəhbərliyi altında işləmisiz.
Sadaladığım faktlar sizin bu iş üzrə ədalətli hökm çıxaracağınızı şübhə altına alır. Ona görə də xahiş edirəm ki, hakim Elbəy Hidayət oğlu Allahverdiyevə etirazım təmin olunsun, o, iş üzrə hakimlikdən uzaqlaşdırılsın”.
Hakim Elbəy Allahverdiyev etiraza belə münaisbət bildirib:
"Gəlin, bu məsələyə birdəfəlik aydınlıq gətirək. Mən həqiqətən də 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinə istintaq qrupuna ezam edilmişəm. İstintaq qrupunun tərkibində fəaliyyət göstərmişəm. Həmin vaxt Mövlam Şıxəliyev orada..."
Hakim bu yerdə üzünü dəmir barmaqlıq arxasında oturan Mövlam Şıxəliyevə tutaraq ona sual edib:
- Siz MTN-də nə vaxtdan xidmətə başlamısız?
Mövlam Şıxəliyev:
- 2004-cü ildə MTN-də bölmə rəisi vəzifəsində xidmətə başlamışam.
Mövlam Şıxəliyevin bu cavabından sonra hakim birdəfəlik aydınlıq gətirmək istədiyi mövzudan danışmaqdan yayınıb. Qulam Bağırovun etirazında adının düzgün yazılmadığını əsas gətirərək, etirazı düzəlişdən sonra təqdim etməsini istəyib.
Bundan sonra proses təxirə salınıb.
Seyid
Şərhlər