"Serblər əgər qanuna zidd əməllər törədirlərsə, bu cəsarəti Rusiyadan alırlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Kosova-Serbiya savaşında Rusiyanın maraqlarının pərdəarxası məqamlarından danışarkən deyib. Onun sözlərinə görə, Kosovo albanları ilə serblər arasında ciddi qarşıdurma yaşanır:
"Serblərin Kosovo əyalətində kiçik bir muxtariyyəti var. İndi bu şəhərdə yaşayanların bəziləri ikili vətəndaşlıq - həm Serbiya, həm də Kosovo pasportuna sahib olmaq istəyirlər. Kosovolılar Serbiya pasportu olanların ölkəyə buraxılmaması haqqında qərar qəbul edib. Bu, indiyə kimi fəaliyyət göstərən qanunların üstündən xətt çəkmək deməkdir. Belə yanaşma Kosovoda muxtariyyət səlahiyyətlərinə malik olan serbləri ciddi qəzəbləndirib və onlar barrikadalar quraraq, Serbiyaya gedən yolu bağlayıblar. Bunun əsasında da gərginlik əmələ gəlir. Gərginlikdən sonra Kosovo həmin qərarını, yəni Serbiya pasportları ilə Kosovoya gələnlərə qadağa qoyulması qərarını aradan qaldırıb və onun sentyabra kimi təxirə salıb”.
Qabil Hüseynli hesab edir ki, tərəflərin hər ikisində günah axtarmaq mümkündür:
"Serblər başqa xalqlara yuxarıdan aşağı baxırlar. Bu məsələdə onlar eynilə ruslara bənzəyirlər. Serblər də Qərb slaviyanları tipinə aiddir, köhnə Yuqoslaviyanın varisi hesab olunurlar. Bu nöqteyi-nəzərdən, Serbiyanın siyasətində "Böyük Serbiya” millətçiyi elementi özünü təzahür etdirir. Amma indiki şəraitdə Kosovo albanlarının da "əl-üzünü yumaq" olmaz. Ümumiyyətlə, dünya Kosovoya müstəqillik, bir millətə ikinci dəfə öz müqəddəratını təyin etmək hüququ verməklə dünya düzənnində ciddi bir presedent gətirdi. Bu presedentin nəticələri də bu günə kimi özünü göstərməkdədir. Zənnimcə, Kosovonı ya Albaniyaya birləşdirmək lazım idi, yaxud da yüksək statuslu muxtar vilayət şəkilində Serbiyanın tərkibində saxlamaq da olardı. Amma ən yaxşısı onun Albaniyaya biləşdirilməsi olardı. Biz Kosovonın müstəqilliyini tanımamışıq, burada cərəyan edən hadisələr eynən Ermənistanla Qarabağ ermənilərinin separatçı hərəkətlərinə bənzəyir. Bu nöqteyi nəzərdən həmin məsələlərdə narahatlıq doğuran məqamlar var. Amma hadisələr artıq yatırılıb desək, yanılmarıq. Qərb dövlətlərinin işə qarşıması nəticəsində Kosova qərarını ləvğ edib, serblər də sakitləşib”.
Qabil Hüseynli bu qarşıdurmada Rusiyanın da maraqlarını açıqlayıb:
"Rusiyanın barmaq uzatmadığı, eşələmədiyi yer qalmayıb. Rusiya serbləri qızışdırır, Kreml onların yanındadır, onlara hər cür dəstək göstərir. Amma Rusiyanın marağı əlbəttə ki, Serbiyanın Kosovoya nəzarətini bərpa etməkdir”.
Politoloq Ərəstun Oruclu isə bildirib ki, Rusiya ikinci cəbhəni Avropanın ortasında - Serbiyada açmaq istəyir:
"Amma bu, nə dərəcədə mümkündür və nə qədər realdır? Əvvəla, Serbiyanın Avropada gərginlik yaratmaq özünün də marağında deyil, nə də bunun üçün yetərincə hərbi gücü yoxdur. Avropada sülhə təhdid Avroatlantik təhlükəsizlik sistemini təhdid altına atmaqdır ki, bunun da bədəli Belqrad üçün çox ağır ola bilər. Özü də sırf hərbi-siyasi kontekstdə. Avropa Birliyinin bu gün Rusiya ilə qarşı-qarşıya durmasının təşəbbüskarı olan ABŞ və NATO üçün bu bölgədə sabitliyin pozulması "qırmızı xəttdir". Buna görə də ABŞ istənilən hərbi aktivliyə ani reaksiya verəcək və serb ordusu darmadağın ediləcək, çünki əks halda Vaşinqton avropalı tərəfdaşları qarşısında etimadını itirə bilər. Bu isə NATO-nun sınaqdan uğursuz çıxması demək olardı. Bu da elə Moskvanın əsas istəyidir”.
Politoloq hesab edir ki, Putin bütün yollarla kollektiv Qərbin onsuz da kövrək olan birliyini pozmağa çalışı:
"Vaşinqtonda da bunu çox yaxşı anlayırlar və elə buna görə də Belqradın istənilən addımı adekvat reaksiya doğuracaq. Serbiya üçün bu, təkcə onun Avropa Birliyinə üzv olmaq arzusunun deyil, həm də normal dövlət kimi mövcudluğunun sonu olacaq. Kosovoya hər hansı hərbi müdaxilənin qarşısını hərbi yolla almaq üçün NATO-nun hüquqi əsası da var.Bu, həmin ölkədə sülhməramlı qüvvələrin olmasıdır. Beləliklə, Serbiyanın savaşa başlaya biləcəyi yalnız iki halda mümkün ola bilər: Belqraddakı siyasətçilərin ağlını tam itirdiyi halda və savaşı Kosova başlayacağı təqdirdə. İkinci istisna olunur, çünki Kosovo üçün də bunun nəticəsi ağır olardı. Səbəbi də məlumdur: Avropada təhlükəsizlik bu gün Qərb siyasəti üçün prioritet vəzifələrindən biri və birincisidir. Ona təhdid yaradan istənilən tərəf də bununla öz məhvinə imza atmış olacaq”.
Bahar Rüstəmli
Şərhlər