"Gerasimov sadəcə olaraq qurban verilmək üçün Ukraynaya göndərilib”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı Birləşmiş Qüvvələr Qrupunun komandanı vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, müharibədəki uğursuzluq müdafiə naziri Sergey Şoyqu ilə Valeri Gerasimovun ayağına yazılacaq:
"Valeri Gerasimovun Ukraynadakı Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilməsi vəziyyətin Rusiya üçün ürəkaçan olmadığının göstricisidir. Bir il ərzində Rusiya artıq Ukrayna cəbhəsində 4-cü komandanı dəyişir. Müharibənin ilk günlərində prosesə birbaşa müdafiə naziri Sergey Şoyqunun özü rəhbərlik edirdi. Sonra bu posta Aleksandr Dvornikovu, daha sonra Sergey Suvorikini təyin etdilər. İndi də Baş Qərargah rəisi Valeri Gerasimovu döyüş əməliyyatlarına komandan təyin ediblər. Bu da Rusiyanın müharibədəki vəziyyətinin çətin olmasından qaynaqlanır. Gerasimovun həmin təyinatı müharibənin uğursuzluğunu onunla Şoyqunun ayağına yazmaq məqsədi daşıyır. Təyinatda əsas məqsəd məhz budur”.
Ekspert bidlirib ki, Gerasimovun tanklar üzrə mütəxəssis olması da Rusiyanı xilas etməyəcək:
"Hərb sənəti elə bir incə elmdir ki, bundan sonra hətta Putinin özü də əməliyyatlara birbaşa rəhbərlik etsə, müharibənin taleyində kordinal dəyişikliklər etmək mümkün olmayacaq. Rusiya özü-özünü aldadır, dediyi yalanlarla özünü sakitləşdirir. Rusiya ordusunun ən həssas yeri tanklarla bağlıdır. Ukrayna ABŞ, Fransa, Kanada, Böyük Britaniyadan alınan ən müasir tanklar, artileriya avadanlıqları ilə təmin olunur. Rusiya tankları isə bu silahların qarşısında acizdir. Ruslar müharibənin ilk aylarında əsas döyüş tankları olan T-80, T-90 və T-90A-ları itirdilər. Sonuncu dəfə döyüşə köhnəlmiş T-62-ləri atıblar. Bu il müharibənin taleyi həll olunacaq. Fevral ayı Donbas və Luqansk istiqamətində Rusiya üçün daha acınacaqlı olacaq. Rusiya müharibədən salamat çıxmaq imkanında deyil. Gerasimovun bütün istiqamətlərdə birgə fəaliyyəti nəzərdə tutan hibrit doktrinası da Moskvanı xilas etməyəcək. Bir şeyi anlamaq lazımdır, Ukrayna və ABŞ artıq qərar verib - 1991-ci ilin sərhədləri bərpa olunmalıdır. Ona görə də Kiyev sona qədər savaşacaq”.
Politoloq Zərdüşt Əlizadə isə bu qənaətdədir ki, Gerasimovun Ukraynaya göndərilməsinin arxasında siyasi məqsədlər dayanır:
"Gerasimovun Rusiya ordusunda böyük hörməti var. Onu döyüşçü, mütəfəkkir, savadlı, bacarıqlı general kimi tanıyırlar. Putinə mövcud vəziyyətdə lazımdır ki, hərbi məğlubiyyətini kiminsə üzərinə yıxsın. Günahı hansısa bir generalın üzərinə yıxmaq elə də ciddi effekt verməyəcək. Amma hərbi məğlubiyyəti nüfuzlu şəxs olan Gerasimovun üzərinə atmaq asandır. Ona görə də onu Ukraynaya göndəriblər.
Ukraynanın arxasında dünya istehsalının 50 faizindən çoxunu cəmləyən dövlətlər dayanıb. 2 faiz qüdrətə malik Rusiya bu qüvvənin qarşısında davam gətirə bilməyəcək. Rusiya əvvəl-axır məğlubiyyətini etiraf etməlidir. Bu zaman Putin də iflasın günahını Gerasimov kimi nüfuzlu şəxsin üzərinə atmaqla özünü müəyyən qədər təmizə çıxarmağa çalışacaq”.
Rüfət Sultan
Şərhlər