Xəbər lenti

Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edə bilmir? (ŞƏRH)
Dünya 20:21 15.10.2024

Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edə bilmir? (ŞƏRH)

"Almaniya kəşfiyyat xidmətinin rəhbəri sadəcə olaraq, ölkə siyasətçiləri və ictimaiyyətinin müharibəyə hazır olmaları üçün belə bir açıqlama ilə çıxış edib".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahlın Rusiyanın 2030-cu ilə doğru NATO-ya hücum edə biləcəyi ilə bağlı fikirlərini şərh edərkən deyib.

"Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri geniş informasiyaya malik şəxsdir. Amma bütün hallarda Rusiyanın 2030-cu il ərəfəsində NATO-ya hücum edəcəyi ağlabatan deyil. Müharibə iqtisadiyyat deməkdir. Rusiyanın iqtisadiyyatı isə geri qalmaqda davam edir. Belə olan halda qarşıdakı 3-4 il ərzində bu ölkənin iqtisadiyyatının böyüyüb müharibə aparmaq iqtidarında olacağını düşünmürəm. Fikrimcə, Almaniya kəşfiyyat xidmətinin rəhbəri sadəcə olaraq, ölkə siyasətçiləri və ictimaiyyəti qorxudaraq, müharibəyə hazır olmaları üçün belə bir açıqlama ilə çıxış edib", deyə Elçin Şıxlı bildirib.



Həmsöhbətimizə görə, həmin açıqlamanın gündəmə gəlməsinin səbəblərdən biri də Almaniyanın Ukraynaya hərbi yardım göstərməkdən imtina etməsilə bağlı ola bilər:

"Belə vəziyyətdə Bruno Kahl da bəyan edib ki, indi Ukraynaya kömək etməsək, 2030-cu ildə də Rusiya NATO-ya hücum edəcək. Ola bilsin öz cəmiyyətlərini qorxudaraq təhdid edir ki, Ukraynaya kömək edərək, Rusiyanın qarşısını indidən almaq lazımdır. Əks halda gec ola bilər. Yalnız bu nöqteyi-nəzərdən Bruno Kahlın açıqlaması məntiqli ola bilər. Amma başqa halda düşünmürəm ki, Rusiya durduğu yerdə NATO-ya hücum etsin, bu mümkün deyil. Rusiya Ukraynanın zəif olduğunu düşündüyündən ora hücum etdi. Amma NATO Rusiyanın özündən qat-qat güclüdür".
 
Qeyd edək ki, Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl Rusiyanın bu onilliyin sonundan gec olmayaraq NATO-ya hücum edə biləcəyini deyib. O, bunu Bundestaqın Parlament Nəzarət Komitəsində keçirilən dinləmələrdə deyib. Kahl Rusiyadan birbaşa hərbi təhlükə görür.

"Ən gec bu onilliyin sonuna qədər Rusiya silahlı qüvvələri NATO-ya hücum etmək iqtidarında olacaq", deyə Almaniya kəşfiyyatının rəhbəri bildirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->