Xəbər lenti

Rauf Əliyev: “Qrupda daha çox xal toplaya bilərdik”
İdman 12:29 18.11.2023

Rauf Əliyev: “Qrupda daha çox xal toplaya bilərdik”

Millimizin İsveçlə matçından öncə bir neçə veteran futbolçu AFFA tərəfindən simvolik hədiyyələrlə mükafatlandırıldı. Birvaxtlar yığmamızda oynayan futbolçulara çəkdikləri əziyyətə görə qayğı və unudulmadıqları göstərildi. Mükafatlandırılan futbolçulardan biri də millinin keçmiş hücumçusu Rauf Əliyev oldu. 

Əliyev Qaynarinfo-ya açıqlamasında həm mükafatlandırılması ilə bağlı təəssüratlarını bölüşdü, həm də yığmanın nəticələrindən danışdı:

"Oyundan iki gün əvvəl bizi də stadiona dəvət etdilər. Amma nə olacağını bilmirdik. Stadiona getdikdən sonra mükafatlandırılacağımızı öyrəndik. Sağ olsun Sərxan müəllim (AFFA-nın baş katibi Sərxan Hacıyev-red.) və idman nazirimiz Fərid müəllim (Gənclər və idman naziri Fərid Qayıbov-red.). Göstərilən qayğıya görə təşəkkürümüzü bildririk. Millidə keçirdiyimiz oyunlara görə diqqət göstərdilər və simvolik hədiyyələr verdilər. Millidə əziyyətimiz olub və bunu qiymətləndirdilər”.

Keçmiş hücumçu da çoxları kimi yığmadan qələbə gözləmədiyini bildirdi:

"Yığmamız həqiqətən heç kimin gözləmədiyi halda üç xal qazandı. Oyundan əvvəl fikirlərimi bildirmişdim və komandaya inanırdım. Düzünü desəm, qələbə qazanacağımızı gözləmirdim. Yığmamız çox vaxt oyunun əvvəlində öz başına gələnləri bu dəfə İsveçə yaşatdı. Rəqibi şokdan ayılmağa qoymadılar, ikinci qolu vurmaqla üstünlüyü ələ aldılar. Oyunun gedişatında İsveçin qol imkanları olsa da, millimiz daha çox topla oynamağa çalışırdı. Çox yaxşı oyun göstərdilər”.



Əliyev millinin İsveçlə oyununun yaxşı alınmasının səbəblərini Estoniya üzərində qələbə və komandanın ruh yüksəkliyi ilə əlaqələndirdi:

"Deyərdim ki, həm Estoniya üzərində qələbə, həm də oyunçuların davamiyyəti və heyətin formalaşması komandada özünəinam yaradıb. Xüsusən də bir neçə futbolçunu qiymətləndirmək lazımdır ki, tsiklin əvvəlindəki oyunu göstərmədilər, daha istəkli göründülər. Belədə istər-istəməz nəticə də olur. Əlbəttə, qrupdan çıxmaq şansımız çox çətin görünürdü. Belçika, Avstriya, İsveç kimi komandaların yanında Azərbaycanın qrupdan çıxması möcüzə olardı. Amma fikrimcə, daha çox xal toplaya bilərdik. Estoniya ilə evdəki heç-heçəni qələbəyə çevirmək, səfərdə İsveç və ya Avstriyadan xal almaq olardı. Bir də ki, milli bu tsiklə çox pis start vermişdi. Ola bilər De Byazinin oyunlarda meydana qarışıq heyət buraxması, tez-tez dəyişiklik etməsi uğursuz başlanğıcın səbəbi idi. Amma sonluğa doğru yığma həqiqətən çox yaxşı çıxış etdi”.

Veteran futbolçu Belçika ilə oyundakı gözləntilərindən də danışdı:

"İsveçlə oyunda da heç kim qələbə gözləmirdi. Amma evdə oynayırdıq. Həm də İsveçin oyunu da formal xarakter daşıyırdı, çünki qrupdan çıxmaq şansı yox idi. Amma Belçika ilə çox çətin olacaq. Üstəlik Belçikanın çox da ehtiyatlanacağına inanmıram. Tam gücü ilə oynayacaq. Yığma üçün çox çətin olacaq. Həm də arada cəmi iki gün fasilə oldu. Futbolçuların yorğunluğu həmişə problem olub. Əlbəttə, könül istər ki, yaxşı nəticə, ən azı bir xal qazanaq. Lakin bu çətin görünür”.

Əksəriyyət düşünür ki, İsveçə xal lazım olsaydı, millimiz qələbə qazana bilməyəcəkdi. Bəs Raufun bu barədə fikirləri necədir?

"Oyunu izləyirdik. İsveç, sadəcə, qol vəziyyətlərindən yararlana bilmədi. İlk hissədə Bəhlulun qapı xəttindən çıxardığı top və Şahruddinin inamlı çıxışı olmasaydı, İsveç qol imkanından yararlansaydı, tam fərqli oyun görəcəkdik. Onsuz da ikinci hissədə dominantlıq edirdilər. İstər-istəməz qol vəziyyətlərini dəyərləndirmədikcə inamsızlıq yarandı və bu bizim xeyrimizə idi”, deyə veteran futbolçu bildirib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->