Azərbaycan millisinin və "Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Ağdam klubuna qayıtdı. Veteran futbolçu bundan sonra klubun akademiyasında çalışacaq. O, "Qarabağ”ın U-19 komandasında köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Əliyev Qaynarinfo-ya müsahibəsində yeni işindən danışıb. O, həmçinin "Qarabağ”ın və millimizin hazırkı durumunu analiz edib, həm Avroliqanın qrupunda, həm də seçmə mərhələ matçlarındakı şanslarımızı dəyərləndirib.
- Karyeramı bitirdikdən sonra məşqçiliyə başlamaq fikrim vardı. Aftandil Hacıyev "Qarabağ”a koordinator təyin edildikdən sonra mənə məşqçiliklə bağlı təklif gəldi. Dəyərləndirdim, artıq "Qarabağ”da işə başlamışam. U-19-da köməkçi kimi fəaliyyət göstərirəm.
- Məşqçilik necədir?
- Əlbəttə, çətindir. Hazırda B kateqoriyası üzrə kurslara qatılıram deyə əlavə çətinliklər də var. Futbolçu olanda gedirdim məşqə, bir-iki saat hazırlıqdan sonra istirahətə çəkilirdim. Məşqçi kimi işlər çox olur. Həm də yeni başlamışam deyə müəyyən çətinliklər var, tədricən hər şey yoluna düşəcək. B kateqoriyası üzrə imtahanlar başlayıb, noyabra qədər dərslər davam edəcək.
- Uzun müddətdən sonra "Qarabağ”a qayıtdınız. Ab-hava, "Qarabağ”ın aşağı yaş qruplarında vəziyyət necədir? Komandalar hansı səviyyədədir?
- Bir ay az müddət olsa da, aşağı yaş qruplarından xəbərim var. Aftandil müəllim demək olar, bütün komandalara nəzarət edir. Buranı toparlamağa çalışır. Hər yaş qrupu ilə bağlı işlər davam edir, proqramlar var. Səkkiz yaşından başlayaraq bütün komandalar mövcuddur. U-19-dan, əvəzedicilərdən əsas komandaya uşaqlar cəlb olunur. Məncə, bundan sonra hər şey daha da yaxşılaşacaq.
- İnfrastruktur, stadion baxımından şəraiti necə qiymətləndirirsiniz?
- 14 yaşından əvəzedicilərə qərə olan komandalar hamısı Sərhədçi İdman Kompleksinin meydançasında məşq edir. Daha aşağı yaş qrupları isə hazırlıqlarını "Tofiq Bəhramov”un yardımçı meydanaçsında keçir. Ola bilər ki, yaş qrupları çox, meydançalar isə azdır. Lakin bu yöndə işlər gedir. Rəhbərlik daha çox diqqət ayırır. Çalışırlar ki, infrastruktur baxımından da hər şey lazımi səviyyədə olsun.
- "Qarabağ”da xeyli müddət oynamısınız, qollar vurmusunuz, ad qoymusunuz. Komandanın son vaxtlardakı durumu, avrokuboklardakı və Azərbaycan çempionatındakı çıxışı ilə bağlı narahatlıqlar var. Siz nə düşünürsünüz?
- Qabardılacaq bir şey yoxdur. Çünki komanda artıq Avroliqanın qrupunda çıxış edəcək. 10-cu dəfədir belə nəticəyə imza atırlar. Bu səbəbdən heç kim komanda haqda mənfi nəsə deyə bilməz. Çünki Azərbaycan futbolu üçün yaxşı nəticədir. Amma "Qarabağ” elə bir səviyyəyə çatıb ki, qrup mərhələsinə vəsiqə qazansa belə, daha yüksək nəticə gözlənilir. Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansları vardı. Ola bilər ki, yeni oyunçuların tam uyğunlaşmaması, yaxud hansısa oyunda şanssızlıqlar və sair səbəblərdən nəticəyə imza ata bilmədilər. Amma Avroliqada buna nail oldular. Azərbaycan çempionatına gəlincə, hər iki cəbhədə oynamaq əlbəttə, çətindir. Komanda bütün gücünü Avroliqaya qoymuşdu. Fikrimcə, yeni futbolçular tam formaya düşdükdən sonra hər iki cəbhədə güclü olacaqlar. Çempionatda da sözlərini deyəcəklər. Dəfələrlə olub ki, "Qarabağ”da qışa kimi müəyyən axsamalar görmüşük. Amma sonradan yerini bərpa edir. Məncə, çempionatın əvvəlində itirilən xallar "Qarabağ” üçün problem olmayacaq.
- Komandada dəyişikliklər oldu. Aparıcı futbolçular getdi, yeniləri gəldi. Bu dəyişikliklərdən sonra heyətdə müəyyən boşluqlar hiss olunur? Yoxsa ümumi şəkil dəyişir?
- 10 ildən çoxdur ki, "Qarabağ”da oyunçular dəyişir, amma sistem yox. Sistemə uyğun oyunçular alınır. Avqust-sentyabr aylarında hər komandada axsamalar hiss edilir. Futbolçuların uyğunlaşması gec ola bilər. Lakin Qurban müəllimin iş prinsiplərini bildiyim üçün, düşünürəm ki, həmin futbolçular müəyyən müddətdən sonra istənilən səviyyədə oynayacaq. "Qarabağ”ın skaut sistemi var, elə oyunçular dəvət edirlər ki, 5-6 ay uyğunlaşmaya bilərlər. Amma düzələndən sonra hamının görmək istədiyi "Qarabağ” olacaq.
- "Qarabağ”ın Avroliqadanın qrupundakı şansları haqqında düşüncələriniz necədir? "Bayer Leverkuzen”, "Molde”, "Hakken”...
- Həqiqətən çətin qrupdur. "Bayer Leverkuzen”in gücü hamıya bəllidir. Xabi Alonsonun gəlişindən sonra daha inamlı çıxış edirlər. "Molde”nin "Qalatasaray”la görüşlərini izləmişdim. Komanda şəklində çox yaxşı oynayırlar. Digər rəqib haqda tam məlumatım olmasa da, İsveç çempionudur. İsveç klubları öz güclərini bəlli edir. Fərqi yoxdur, bir yaxud ikinci yer tutsunlar, inşallah, qrupdan çıxmağı bacararlar.
- Millimiz AÇ-nin seçmə mərhələsində Belçika ilə qarşılaşacaq. Vaxtilə qarşılaşdığımız Belçika ilə matçda siz də oynayıb, qol vurmağı bacarmışdınız. Bu yığma ilə oyunda şanslarımızı necə dəyərləndirirsiniz?
- Millinin uğurlu nəticə qazanacağına heç kim inanmır. Çünki son oyunlarda böyük hesablarla uduzmuşuq, nəticələrimiz ürəkaçan olmayıb. Yenə də evdə oynayırıq, mübarizə, xarakter göstərsələr, 2011-ci ildəkı nəticəni yenə qazanmaq olar. Belçika millisinin gücü hamıya bəllidir, futbolçuların demək olar hər biri Avropanın ən güclü klublarında oynayır. Futbolda zəif komanda güclülərdən ancaq mübarizliyin, əzmkarlığın hesabına xal ala bilər. Biz o vaxtı oynayanda da Belçikanın heyətində Eden Azar, Romelu Lukaku kimi ulduzlar vardı. Buna baxmayaraq, davam etdik, sona yaxın qol vurduq və bir xal qazandıq. Düzdür, müqayisə etsək, deyə bilmərəm, hansı daha güclü kollektiv idi. Ümumiyyətlə, müqayisə etmək istəməzdim. Amma futbol baxımından bu gün əlbəttə, Belçikadan daha aşağı səviyyədəyik. Əzmkarlıq göstərsələr, dünya ulduzlarından belə xal almaq mümkündür.
- Bir neçə gün öncə De Byazinin açıqladığı heyət müzakirələrə səbəb oldu. Bəzi, məsələn, Höcət Haqqverdi kimi futbolçuların dəvət alması ilə bağlı mübahisələr yarandı. Siz nə düşünürsünüz?
- Üç-dörd futbolçu var ki, onların çağırılması normal qarşılanmır. Hansı ki, neçə vaxtdır klubunda oynamır. Həm də milli səviyyəsində deyil. Buna baxmayaraq, yenə çağırılır. Bu haqda təkrar-təkrar danışmaq yorucudur. De Byazi də höcətlik, inadkarlıq edir. Bəzi futbolçular var ki, daim onları çağırır. Halbuki indi çempionatımızda futbolçular var ki, yaxşı formadadadır. Ad çəkmək istəmirəm, hamıya bəllidir, onları cəlb etmək mümkün idi. İllərdir eyni proses gedir.
- De Byazi Azərbaycanda olduğu illər ərzində hansısa fayda verib?
- Vallah, faydasını görməmişik. Yoldaşlıq görüşlərində qələbə qazanıb. Bu da vacib deyil, əsas olan seçmə mərhələlərdə qazanılan nəticədir. De Byazinin hansısa yaxşı işini görməmişik.
Səbuhi Həsənov
Şərhlər