Xəbər lenti

Rauf Arifoğlu: “Yeni Müsavat” Azərbaycan taleli qəzetdir
Ölkə 15:05 10.11.2022

Rauf Arifoğlu: “Yeni Müsavat” Azərbaycan taleli qəzetdir

Bu gün "Yeni Müsavat” qəzetinin yaranmasından 33 il ötür.

Qəzetin təsisçisi və rəhbəri Rauf Arifoğlu APA-ya açıqlamasında "Yeni Müsavat”ı Azərbaycan taleli qəzet adlandırıb:

"Yeni Müsavat” qəzeti Azərbaycan taleli bir qəzetdir. Azərbaycanın taleyi, yaşamı necə olubsa, "Yeni Müsavat”ın həyatı, taleyi də o cür olub. Qəzet məhz Azərbaycan xalqı meydanda mübarizələrdə olanda yarandı. Bu, bir növ, meydan hərəkatına xitabən, ona istiqamətlənərək yaranmış qəzet oldu. Və hətta bizim auditoriyamız belə Azadlıq meydanı idi. Qeyri-rəsmi, gizli nömrələrimizi məhz mitinq günü yayımlayırdıq. Çünki Bakıda və digər bölgələrdə keçirilən mitinqlərdə on minlərlə, yüz minlərlə Azərbaycan vətəndaşı olurdu. Onlar Sovetlərə qarşı mübarizə aparırdı. Biz də Sovetlərə, Kommunist ideologiyasına qarşı mübarizədən doğmuş bir qəzetik”.

Qəzet rəhbəri "Yeni Müsavat”ın media və sosial media ilə çuğlaşmasına diqqət çəkib:

"Qəzeti yaradarkən mənim 23 yaşım var idi və artıq 33 ildir, bərabər yol gedirik. Arzu edirəm ki, bu bərabərlik Allahın verdiyi möhlət davam edənədək davam etsin. 33 ildə çap mediasından inkişaf edərək, dünyadakı texniki yeniliklərin imkanların faydalanaraq, yenilənmişik, böyümüşük, auditoriyamız genişlənib, əhatə dairəmiz və operativliyimiz inkişaf edib. "Yeni Müsavat” qəzeti media və sosial media ilə çuğlaşmanı bacaran ən yaxşı qəzet olub. Gəldiyimiz nöqtədən razıyıq və təbii ki, iddialarımız da var, böyükdür. Bunlardan ən birincisi, qəzetin yaşamını sürdürməkdir. Gələcək olması üçün həm də mövcud olmalısan, biz də bu mövcudluğu qorumaq istəyirik. "Yeni Müsavat” qəzetini yaşı 30-dan aşağı olan gənclik yaratdı. Bu gün Azərbaycanın müstəqilliyinin də, qəzetimizin də yaşı 30-dan yuxarıdır. Bu o deməkdir ki, bizim missiyamız alındı, zəhmətimiz boşuna getmədi, biz "Yeni Müsavat” qəzeti ilə xoş bir nəticəyə vardıq. Azərbaycan azaddır, müstəqildir. Doğrudur, bu 33 ilin böyük bir hissəsində biz məğlubiyyətin reportyorluğunu etmiş olduq. Geri çəkilmiş könüllərimizlə bərabər Azərbaycanın bölgələrini, kənd və qəsəbələrini – Qarabağı itirməyin acısını yaşadıq və yazdıq. Biz əvvəllər Şuşa haqqında, Ağdam, Kəlbəcər və digər işğal altında olan bölgələrimiz haqqında yazarkən o bölgələrin işğal günlərində Şəhidlər Xiyabanına müxbir göndərirdik. Onlar da gedib həmin rayonların icmasının qəmgin və kədərli danışıqlarından reportaj hazırlayırdılar. Amma biz xalqımızla bərabər bu inamı itirmədik, inandıq ki, o torpaqlara qayıdacağıq. Şükürlər olsun, bu günləri gördük”.

Rauf Arifoğlu 44 günlük Vətən Müharibəsi zamanı "Yeni Müsavat”ın və ümumən medianın işindən razılığını ifadə edib:

"Və artıq 44 günlük Vətən Müharibəsi dövründə reportyorlarımızı Şəhidlər xiyabanına deyil, cəbhəyə göndərirdik, döyüşən, irəliləyən, müzəffər ordumuzun yanına göndərirdik. Maraqlısı odur ki, bu dəfə də bizi orda yaşı 30-dan aşağı olan reportyorlar təmsil edirdi. Bu gənc əməkdaşlarımız 44 gün ordumuzla bərabər oldular, digər media nümayəndələri kimi oradan operativ xəbərlər hazırladılar. Bilirsiniz, jurnalist üçün bundan böyük xoşbəxtlik yoxdur. Ali Baş Komandan Qarabağın qurtuluş hərəkatının başında, ordu irəliləməkdə, xalq ayaqda – bütün bunlar xoşbəxt anlardır. Əvvəllər biz xaosun gətirdiyi situasiyalarda fəaliyyət göstərirdik. Ekspromt fəaliyyətlər olurdu. Hansı ki bunları mən özüm də cəbhədə, səngərdə vaxtilə keçmişəm. Laçından ən son çıxan jurnalist taleyi yaşamışam – 1992-ci ilin 14 mayında. Amma bu dəfə bizim müxbirlər dövlət tərəfindən qorunurdu, əraziyə buraxılış vərəqələri var idi, xalqın nümayəndələrinin evlərində qalırdılar, reportyor xidmətini davam etdirirlər. Yəni fərq o qədər böyük idi ki, sanki başqa bir Azərbaycanda idik, başqa bir xalq meydanda idi.

Bu gün üçünsə deyə bilərəm ki, xoşbəxtik, ümidliyik və gələcəyə dair də planlarımız iddialıdır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->