Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məşhur Bakı Oksford Məktəbinin tam müsadirə edilməsinə etiraz edir.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məktəbdə payı olduğunu iddia edən Əliyeva məhkəməyə üz tutub.
Əvvəlcə məlumat üçün deyək ki, məktəb "Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib.
Hökmdə deyilir ki, Məmmədovun arvadı Mehriban Məmmədovanın rəhbərlik etdiyi Bakı Oksford Məktəbi cinayət yolu ilə qazanılmış pullarla tikilib. Bu səbəbdən dövlət nəfinə alınmalıdır. Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə edilib. Bütün instansiya məhkəmələri bunu qanuni hesab edib.
Mehriban Məmmədova
Maraqlıdır ki, həmin vaxt Kamilə Əliyeva susmağı üstün tutub. Hökm qanuni qüvvəyə minənə kimi də bu məsələ haqda danışmayıb.
Məktəb bu yaxınlarda icra məmuru tərəfindən 24.7 milyon manata satışa çıxarılıb.
Kamilə Əliyevə isə bununla razılaşmır. Əliyeva şikayətində yazır, Bakı Oksford Məktəbinin 1/2 hissəlik payı ona məxsusdur. O, artıq bütün instansiyalardan keçmiş işi yenidən başlatmaq istəyir.
Əldə etdiyimiz digər məlumata əsasən, keçmiş administrasiya rəhbərinin qızı ilə birgə hələ də Bakı Oksford Məktəbinin rəhbəri olan Mehriban Məmmədova da maraqlı şəxs kimi işə qoşulmaq istəyir. Hər iki xanım apellyasiya şikayəti vermək üçün birinci instansiyaya-Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ediblər.
Hələ ki, məhkəmə onların müraciətinə baxmayıb.
Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır. Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Vaxtaşırı mediada onun Badamdar qəsəbəsində yerləşən, əsasən imkanlı şəxslərin övladlarının təhsil aldığı Bakı Oksford Məktəbinin bir hissəsinin sahibi olduğu yazılıb.
Xatırladaq ki, Rasim Məmmədov özü isə 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər