Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev vəzifəsindən getdi. Onun kreslosu isə Azərbaycan futbolunda o qədər də populyar olmayan bir şəxsə - Elxan Səmədova tapşırıldı. Musayevin dönəmində Azərbaycan futbolunun hansı səviyyədə olması, inkişaf edib-etməməsi göz önündədir. Bütün geridə qalan illəri qiymətləndirmək başqa və daha geniş mövzudur. Amma bununla bağlı maraqlı fikirlər səsləndirəcək bir insan var ki, demək olar, PFL-in yarandığı ilk illərdən məhz Musayevin yanındadır. Söhbət PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevdən gedir.
Həmkarımız Qaynarinfo-ya müsahibəsində PFL-in Musayevli günlərini xatırlayıb.
- Ramin Musayevin istefaya gedəcəyi neçə gün öncədən məlum idi?
- Onun səhhəti ilə bağlı problemlər vardı. Sonuncu dəfə açıq ürək əməliyyatı etdirməyə məcbur oldu. Bir qədər özü də yorğun idi. Həkimi İstanbuldadı, məsləhət görmüşdü ki, dincəlsin. Çünki sonra fəsadları ağır ola bilər. Götür-qoy etdi, rəhbərliyə istefaya getməklə bağlı isəyini çatdırdı. Proses belə baş verdi.
- PFL-in yeni prezidenti Elxan Səmədov Azrəbaycan futbolunda o qədər də populyar adam deyil. Onunla ünsiyyətdə olmusunuz?
- Müraciəti irəli sürüldü, konfrans keçirildi. Konfransda 9 komandanın nümayəndələri iştirak etdi. "Zirə” rəhbərliyi üzrlü səbəblərdən təmsil oluna bilmədi, bu haqda məlumat da vermişdilər. Yeni yaranmş klubdu, idarə heyəti o qədər geniş deyil. Digər komandalar iştirak etdi. Namizədliyi irəli sürüləndə iştirakçılar yekdilliklə təsdiq etdilər. Son işi VAR layihəsi ilə bağlı olub. Bilirsiniz ki, bu mövsüm Azərbaycan Premyer Liqasında VAR sistemi tətbiq olunacaq. Ötən mövsümün sonlarında bu sistem sınaqdan keçirilirdi. Onunla qiyabi şəkildə tanış idik. Amma ünsiyyətim olmayıb, ona görə də dəqiq məlumat verə bilməyəcəyəm. Eşitdiyimə görə pis insan deyil. Yəqin ki, qarşıdakı günlərdə daha yaxından tanış olacağıq.
- Musayevin gedişindən sonra onun ətrafında olan kadrlarla bağlı durum necədir?
- Yəqin ki, bununla bağlı da yaxın günlərdə görüş olacaq. Həm biz, həm yeni prezident öz fikirlərini deyəcək. İndiki məqamda bununla bağlı məndə informasiya yoxdur.
- Demək olar, PFL-in yarandığı ilk illərdən siz də həmin qurumdasınız. Geridə qalan bu 14 ili necə analiz edərdiniz? Necə qalıb yadınızda?
- Kənardan necə görürsünüzsə, Ramin Musayev elə insandır. Mərd, sözü üzə deyən adamdır. İşçilərini həddindən çox istəyir. Hətta işdən sonra da bizimlə maraqlanırdı. Normal, adekvat adam idi. Ən çox bəyəndiyim üstünlüyü o idi ki, heç vaxt "mən dediyim olmaldır” fikiriylə yaşamırdı. Bütün məsələlər müzakirə olunurdu. Hətta bəzən öz təklifləri geri çevriləndə, bunu qəbul edirdi. Yəni, rəhbər kimi diktator deyil. Fikirlərimizi dinləyirdi. Çox danışmaq olar. Uzun müddətdir, demək olar, 2009-cu ildən bir yerdəyik. 13 il az müddət deyil. Təbii ki, insan işləyəndə problemlər, incikliklər olur. O, rəhbər kimi, məndən, mən də işçi olaraq ondan incidiyim vaxtlar olub, bu detaldır. Bilirsiniz ki, PFL-də işləmək ağırdır. Hər kəs üzərinə gəlir, təzyiqlər olur. Belə deyim, 100 dəfə yaxşı iş görsən, amma bir dəfə səhv etsən, yaxşı işlər kənara atılır, ancaq pis görünür. Maksimum şəkildə səhv etməməyə çalışırdıq. Amma iş olan yerdə bu, mümkünsüzdür. Mənə elə gəlir, Musayevin PFL-də çalışdığı dönəmlər uğurlu oldu. 2008-ci ildə mən hələ "Karvan”ın mətbuat xidmətinin rəhbəri idim. Yeri gəlmişkən, ilk seçkidə onu dəstəkləyənlərdən olmuşam. Arxivə baxam gərək, mənim imzam hələ də qalır. Səhv etmirəmsə, 2008-ci ildə Azərbaycan çempionatı reytinqdə 42-ci yerdə idi. Sonradan 26-cı pilləyə qədər irəlilədik. Hətta, UEFA-nın 10 illik hesabatına dair kitabda ən çox irəliləyən çempionat kimi göstərilmişdik. Biz bunu nə saytımızda, nə sosial şəbəkələrdəki səhifələrimizdə yerləşdirdik. Həmin vaxt 19 pillə irəliləməklə rekorda imza atmışdıq. Ağır dönəmlərimiz də oldu. Hakimlərlə işlədiyimiz vaxtlarda hər kəs üzərimizə gəldi. Buna baxmayaraq, Əliyar Ağayev kimi hakim yetişdi. Səhv başa düşməyin, demirəm ki, onu tamamilə Ramin Musayev yetişdirib. Amma əziyyəti olub. Təbii ki, ən böyük üstünlük elə Əliyarın özündədir. Əziyyəti özü çəkib. Musayev sadəcə ona dəstək olub, qoruyub. Buna özüm şahidlik etmişəm. Ona görə də uğurlu saymaq olar. Bunlar müsbət məqamlardır.
- Siz PFL-ə ilk gəlişinizi, Musayevlə ilk görüşmənizi necə xatırlayırsınız?
- "Karvan”ın mətbuat xidmətinin rəhbəri idim. PFL-in mətbuat katibi vəzifəsində isə Asif Bağırov çalışırdı. Təklif göndərdi, görüşdük. İlk görüşümüz uğurlu oldu. Musayev kənardan bir qədər aqressiv insan təsiri bağışlayır axı. Ümumiyyətlə, klubda çalışanda əks tərəfə insanın münasibəti bir qədər yaxşı olmur. Fikirləşirsən ki, "bunlar bizi uduzdurdu” filan. Ona görə də düşünürdüm ki, PFL-də işləyə bilmərəm. Hətta işə düzələndə istefa ərizəmi yazıb hazırlamışdım. Düşünürdüm ki, onsuz da altı aydan sonra çıxaracaqlar (gülür). Beləcə 13 il gəldi keçdi. Ümumi yanaşsaq, məncə, uğurlu oldu.
- Onun dönəmində Azərbaycan çempionaında klubların sayı azaldı. Bu səbəbdən tənqidlər çox oldu…
- Biz sırf çempionatın təşkili ilə məşğul olan bir qurumuq. Bir də avrokuboklarda çıxış edən klublardan kimsə müraciət edirsə, təşkilatçılıqla bağlı dəstəyimizi göstəririk. Təşkilatçılıqla bağlı həddindən çox işlər gördük. AFFA ilə klublar arasında çox böyük uçurum vardı. Düşünürəm ki, PFL AFFA ilə klublar arasında bir körpü rolunu oynadı və bu, uğurlu alındı. İstər çempionatın təşkili, saytımız, istər digər işlər olsun. Allahın futbolçusunu sifariş etmək belə zülm idi. Kağızı götürürdün, şəkili yapışdırırdın və sair. İndi texniki idman şöbəsində sistem var. Evdə oturursan, sənədləri internetə yükləyirsən, sistem cavab verir. Legioner limitini pozub texniki məğlubiyyət almaq kimi qorxun yoxdur. Çünki sistem göstərir ki, artıq legioner götürmüsən. Jurnalistlərlə bölgələrə səfərlərimiz oldu. Hətta hakimlərə görə o qədər təzyiqlər olurdu ki. Bu üzdən qərara aldıq ki, jurnalistləri Türkiyəyə səfərə aparaq, eşitdiklərini deyil, gördüklərini yazsınlar. Hakimlərin Türkiyədəki toplanışlarından əlavə sorğu-suallar zamanı da media nümayəndələri iştirak edirdi. Belədə yavaş-yavaş görünürdü ki, hər şey deyildiyi kimi deyil. Jurnalistlərə də heç vaxt deməmişik ki, nəyisə yaz, yaxud yazma. Düşünürəm ki, regionlara və Türkiyəyə səfərlər uğurlu oldu. Çünki mətbuat nümayəndələrinin maddi durumu məlumdur, gedə bilmirlər. Hətta çempionat oyunlarının birində Qəbələdə jurnalistlər mətbuat konfransına daxil olanda baş məşqçi duruxdu, çaşdı qaldı. Elə bildilər, nəsə olub. 30-a yaxın jurnalist vardı. Hansı ki, bölgədə keçiriilən matçlarda adətən bir nəfər, PFL-in operatoru olurdu. Bir də kimsə Bakıdan gedəndə, o iştirak edirdi. Baş məşqçi təəccübləndi, sonra gördü ki, səfər təşkil olunub. Bu həmin məşqçinin özünün də xoşuna gəlmişdi. Çox danışa bilərəm. Bilirsiniz də, mən tərifləməyi yaxşı bacaran adamam, işim odur (gülür).
- Musayevlə çalışdığınız dönəmlərə aid yaddaqalan, mətbuata demədiyiniz maraqlı xatirələriniz var?
- Çoxdur, amma danışılası məsələlər deyil. Yəni, ictimailəşdirməyə hazır deyilik. Nə vaxtsa buna hazır olsaq, o zaman müəyyən xatirələrlə bağlı danışaram. İnsan düşüncəsi müxtəlif olur. Hamı eyni düşünmür. Danışıramsa, sıradan bir şey deyil, çox yaxşı olan nəsə deməliyəm. Lakin fikrimcə, hələ buna hazır deyilik.
- Premyer Liqanın startına az vaxt qalıb, PFL-in bundan sonrakı planları necədir?
- Hər şey qaydasındadır, işimizi aparırıq. Təbii ki, çempionat başlayanda problemlər olacaq, biz də bunu görüb aradan qaldırmağa çalışacağıq. Bundan sonra necə olacaq, bilinmir.
- PFL-in sponsor məsələsi nə yerdə qaldı?
- Hələ müraciətlər üçün vaxt bitməyib. Müraciət edənlər var. Hansısa şirkətlə müqavilə bağlamaq durumuna gələndə bu barədə mətbuata məlumat veriləcək.
Səbuhi Həsənov
Şərhlər