"Mənə qarşı olan hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyimlə bağlı konkret qərar verməmişəm, amma bu barədə düşünürəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında əməkdar artist Vasif Məhərrəmli "Qurd Qapısı” restoranında ona edilən hücum iddiasına aydınlıq gətirərkən deyib. Müğənni sözügedən restoranda ona qarşı kobudluq edildiyini deyib:
"Qurd qapısı" restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Orda insanları soymaqla məşğul olurlar. Orada qazanılan bütün pullar haramdır. Həmin restorana verdiyim pulları halal etmirəm. Haram xoşunuz olsun. Restoranın müdiriyyəti və administratoru həm pulumu aldı, həm də üzərimə şığıdılar, az qaldılar məni öldürsünlər, onların əlindən zorla qurtuldum".
"Qurd qapısı” restoranı Vasif Məhərrəmlinin ittihamlarına cavab verib. Restoranın meneceri Araz Səddinov Qaynarinfo-ya açıqlamasında bildirib ki, restoran baş verən hadisə ilə bağlı rəsmi qaydada şikayət verəcək:
"Biz rəsmi qaydada şikayətimizi verəcəyik. Hüquq-mühafizə orqanları var, biz istəsək də, istəməsək də, buna bir aydınlıq gətirəcəklər. Çox yaxşı olar ki, hər şey barışıqla başa çatsın".
Araz Səddinov hadisə barədə də danışıb:
"Vasif müəllim dünən günün ikinci yarısında restorana gəlib və hörmətlə qarşılanıb. 10-15 dəqiqə oturub, çay içib getməli idi. Evinə aparmaq üçün sifariş də verib. Gedəndə isə hesabı vermək istəməyib. Ofsiantlar soruşanda deyib ki, "mən çayımın hesabını vermirəm, gedin yığışdırıb götürün”. Bunlar da deyib ki, pandemiya zamanında insanların masaya gedən sifarişləri götürülmür. Bəlkə kiminsə əli ətirlidir, belə söhbətlər lazım deyil. Düzü, bir az kobud davranış nümayiş etdirib. Bundan sonra yerə 300 manat pul səpib. İşçilərimiz də yerə atılan pulları yığmayıblar. Özü məcbur olub pulu yerdən yığıb və hesabı ödəyib. 110 manat hesabı olub, məsələ bitib. Bundan sonra Vasif Məhərrəmli kassaya hücum edib, başlayıb işçiləri ittiham eləməyə. "Kişi deylsiniz, burada kişi yoxdur” və s. sözlər deyib. İkinci videosunda isə "nakişi kimi cibə girirlər” deyə bizi ittiham edib. Kamera görüntüləri var və lazım olsa, biz onu aidiyyatı qurumlara verəcəyik.”
Menecer bu gün səhər saatlarında Vasif Məhərrəmlinin bir yaxınının restorana gəldiyini vurğulayıb:
"Gəldi və bildirdi ki, Vasif səhv edib, gəlsin barışın. Biz də bildirdik ki, "bizi təhqir etdiyi formada video paylaşsın və bizdən üzr istəsin". Bakının mərkəzində və hüquqi dövlətdə yaşayırıq. Quldur dəstəsi nədir? Buna görə, təəssüf hissi keçiririk. Belə bir sənət adamının işlətdiyi ifadələrə bax, bunlar bizim mədəniyyətimizi təbliğ edirlər. Onların bu ifadələri cılızlıq və acizlikdir. Mən belə insanlara zəif adam kimi baxıram. Hazırda qarşı tərəfdən üzr videosu gözləyirik”.
Şərhlər