Xəbər lenti

Qurbanov “Qaradağ Lökbatan”dan ayrıldığını təsdiqlədi: “Məvacib almırdım...”
İdman 18:04 20.12.2022

Qurbanov “Qaradağ Lökbatan”dan ayrıldığını təsdiqlədi: “Məvacib almırdım...”

AFFA bu gün daha bir neçə məşqçiyə PRO lisenziyasını verdi. Onlardan biri də "Şamaxı”nın (əvvəlki "Keşlə”) sabiq çalışdırıcısı Sənan Qurbanov oldu. Sabiq klubundan ayrılandan sonra işsiz qalsa da, PRO kateqoriyası üzrə təhsilini müvəffəqiyyətlə bitirən mütəxəssisin planları da var. 

Klublardan dəvət gözləyən Qurbanov Qaynarinfo-ya açıqlamasında həm təəssüratlarını bölüşdü, həm də qarşıdakı planlardan danışdı:

"PRO kateqoriyası üzrə təhsilim 2 il davam etdi. Əslində, maariflənmə baxımından da çox yaxşı oldu mənim üçün. PRO məşqçilikdə ən yüksək dərəcəli diplom olduğuna görə hər şey ciddidir. Tələbkarlıq çoxdur, daha incə məqamlara toxunulur. Çalışdım ki, səhvə yol verməyim. Daha strukturlu şəkildə işləməyə məcbur edirlər. Praktiki imtahanda oldum və müvəffəqiyyətlə başa vurdum. Bundan başqa iştirakçıların xaricə səfərləri oldu. Təqdimat etdik. Həm həyəcanlı, həm məsuliyyətli idi. Açığı "Keşlə”dən ayrılandan sonra imtahanlarımın ikisi yarımçıq qaldı. Bu səbəbdən "Qaradağ Lökbatan”a üz tutdum. Son imtahanımı məhz bu klubun heyətində verim. Onlara təşəkkürümü bildirirəm ki, 3 ay müddətində məni isti qarşıladılar. Həm yazılı, həm də şifahi imtahanımı verə bildim. Məşqçilik prosesi elədir ki, gözləməli olursan. Amma oturub hər hansı komandanı gözləmək fikrində deyiləm. Təklif olsa lap yaxşı. Olmasa belə, başa düşürəm ki, hər komandanın öz məşqçisi var, onlara uğurlar arzulayıram. Buna rəğmən çalışıram ki, passivlik göstərməyim, futbolun içində olum, izləyim. Hər hansı təklif gəlsə dəyərləndirməyə hazıram”.

Qurbanov "Qaradağ Lökbatan”dan ayrıldığını təsdiqləyir:

"Bəli, ayrıldım. Danışığımız belə idi ki, qışa qədər komandada olum. Sağ olsunlar, yaxşı qarşıladılar, xahişimi qəbul etdilər. Hər hansı məvacib almırdım. Məşqlərdə iştirak edirdim”.

Məşqçi PRO kateqoriyası üzrə imtahana görə hansı xarici ölkəyə getdiyini də bildirir:

"Sloveniyanın Yüksək Dəstəsində iştirak edən klubların birində oldum. Təqdimatımı həmin komandada etmişdim. Akademiya üçün isə "Udineze”yə getmişdim. Orda məşqlərdə oldum, həftəlik proqramlarla, məşqlərlə bağlı materiallar hazırladım. Oyun analizləri olur. Ümumilikdə 200-dən çox material hazırladım”.

Qurbanov hələ ki, onunla maraqlananlar və təkliflər olmadığını da deyir:

"PRO-nu yeni almışam. Rəsmi təklif olmayıb. 10 komandalı çempionatdı. Bəzi klublarda məşqçi dəyişiklikləri olanda mənim də adım hallanırdı. Amma ciddi bir şey yoxdur. Bundan sonra görək necə olacaq. Bəzən PRO lisenziyamın olmaması maneçilik yaradırdı. Bu səbəblərdən müəyyən probemlər vardı. Əslində Premyer Liqa komandasında hər kəs işləmək istəyər. Bu, normal haldır. Olmasa da belə baxır təklifə, məndən nə istəyəcəklərinə. Bütün bunlar danışılmalı məsələdir. Sırf, iş xatirinə işləmək istəmirəm. Açığı, inkişaf edə biləcəyim yerdə çalışmaq istəyərdim. Klubun gələcək məqsədləri olsa, söhbətləşməyə dəyər. Bəlkə də uzun müddət iş təklifi olmayacaq”.

Maraqlıdır, məşqçinin xarici kublara getmək imkanı var?

"Çətindir, bir iki menecerə demişəm. CV hazırlayıb göndərəcəklər lazımi yerlərə. Nəyə görəsə xaricə çıxmağa çətinlik çəkirik. Halbuki çox istedadlı məşqçilərimiz var. Ölkəmizə gələn məşqçilərdən heç də geri qalmırıq. Məşqçilərimiz kurslarda oxuduğu dönəmlərdə hardasa 15-ə yaxın ölkəyə səyahat etdilər. Məşqçilərlə, koordinatorlarla görüşdük. Bizə bilmədiyimiz nələrsə danışmadılar. Sadəcə kənara çıxmağımız problemlidir. Daha çox gənc mütəxəssislərimizin getməsini istərdim. Yəqin ki, futbol ölkəsi kimi baxmadıqlarına görədir deyə sıxıntılarımız olur”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->