Xəbər lenti

Qurban Qurbanov və Antuan Kombuaredən oyunun şərhi
İdman 07:53 28.10.2022

Qurban Qurbanov və Antuan Kombuaredən oyunun şərhi

"Rəqib ikinci hissədə çox yaxşı dəyişikliklər etdi. Baş məşqçi meydana bacarıqlı oyunçular buraxdı. Futbolçularım 90 dəqiqə mükəmməl mübarizə apardılər. Rəqibdən çəkinmədik".

Qaynarinfo xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Nant"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, futbolda belə hallar olur: "Futbolun gözəlliyi də bundadır. Futbolçularım üzgündür. Hər birinə yaxınlaşdım, hamısını göstərdikləri oyuna görə təbrik etdim. Heç-heçəni əldən verdiyimiz üçün məyusuq. Amma irəliyə baxmalı, böyüməliyik. Bu komanda mənə ümid verir. Qarşıdakı illərdə daha yaxşı olacağıq".

O, Bakıya inamla qayıtdıqlarını söyləyib: "Hər şeyi gözəl anlayırıq. Bu gün yenə 2-ci yerdəyik. Son turda diqqətimizi Yunanıstandakı matça yönəltməyəcəyik, "Frayburq"la oyunumuza köklənəcəyik. Düzdür, mobil komandaya qarşı oynayacağıq. Bu görüşün bizim üçün böyük faydası olacaq. Məğlubiyyət barədə düşünmürük. Amma uduzsaq belə, yaxşı təcrübə olacaq".

Qurbanov rəqibin sağ cinahdan təşkil etdiyi hücumların qarşısını kəsməkdə çətinlik çəkən Marko Veşoviçin çıxışına da toxunub: "Çox yaxşı oynadı. Rəqibin sol cinahında bacarıqlı futbolçular var. Ona görə Veşoviçdə yorğunluq hiss olunurdu. Qarşısındakı rəqib çox fəal idi. Hücumu gücləndirmək üçün Ramil Şeydayevi meydana buraxdım. Yaxşı mübarizə apardığımızı düşünürəm".

Təcrübəli mütəxəssis qapıçı Şahruddin Məhəmmədəliyevin buraxılan ilk qoldakı səhvinə də münasibət bildirib: "Texniki, dünya futbolunda olan normal səhvdir. Biz bu cür böyüməliyik. Futbol pas oyunudur və bu, qapıçıdan başlayır".

"Nant"ın baş məşqçisi Antuan Kombuare də oyunla bağlı fikirlərini bildirib. 59 yaşlı mütəxəssis deyib ki, futbolda ayıq və təvazökar olmaq lazımdır: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq. Biz hələ qara zolaqdan tam çıxmamışıq. Mənim üçün yaxşı nəticə ardıcıl 5-6 oyunda qələbə qazanmaqdır. Artıq 3 belə matçımız var. Deməli, nəsə başlayır, başımızı sudan çıxarırıq".

Onun sözlərinə görə, qapıçı Alban Lyafonun seyvləri komandasına qələbə qazandırdı: "Həmçinin İqnatius Qanaqonun qolu, daha əvvəl rəqib qapıçının oyunçumza ötürməsini qeyd etməliyik. Bu istiqamətdə irəliləməyə davam etməliyik"

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->