ABŞ və Türkiyə məşhur "qocalar evidir”, lakin dünya futbolunda iz qoymuş bəzi oyunçular vaxtilə daha qaranlıq, maraqlı istiqamətlərə üstünlük veriblər. Karyeralarının sonuna doğru yaxınlaşdıqca bəzi futbolçular ikinci dərəcəli liqalara, həmçinin ABŞ-a, Türkiyəyə gedirlər. Son illərdə isə Səudiyyə Ərəbistanı ən populyar yerlər arasındadır. Ancaq futbol, əlbəttə ki, qlobal idman növüdür və aşağıdakı ulduzlar oyun günlərini yaşadıqları ölkədən xeyli uzaqlarda olan qəribə yerlərdə keçiriblər.
Qaynarinfo karyeralarının qürub çağında maraqlı klublar seçən əfsanəvi futbolçuların siyahısını təqdim edir.
Adrian Mutu
2003-cü ildə "Çelsi”yə keçən Mutunun kokain testi müsbət nəticə verdi və heç vaxt sağalmadı. "Yuventus”, "Fiorentina”, "Çezena” "Ajaçço” və Rumıniya klubu "Petrolul”da (Ploiesti) oynadıqdan sonra hücumçu bir neçə ayını Hindistanda, David Platt tərəfindən idarə olunan "Pune City”də keçirdi. Hazırda isə Azərbaycan klubu "Neftçi”nin baş məşqçisidir.
Jlloyd Samuel
Samuel 2000-ci illərin əvvəllərində "Aston Villa”da müntəzəm çıxış edirdi. "Bolton” və "Kardiff”də oynadıqdan sonra, onun 2011-ci ildə İran Pro Liqasına transferi şok addım oldu. Trinidad və Tobaqoda da iki dəfə çıxış edən İngiltərənin U-21 millisinin keçmiş üzvü üç mövsüm Tehran təmsilçisi "Esteqlal”da forma geyindi. O, karyerasının son ilində "Paykan”a keçdi. Təəssüf ki, 2018-ci ildə cəmi 37 yaşında İngiltərədə avtomobil qəzasında həlak oldu.
Arie Haan
1974 və 1978-ci ildə keçirilən dünya çempionatlarında göz qamaşdıran əfsanəvi Niderland komandalarının əsas hissəsi olan Haan peşəkar kimi son mövsümünü Honq-Konqdakı "Seiko”da keçirdi. O, Çinə getməzdən əvvəl "Ayaks”, "Anderlext”, "Standard” (Liege) və PSV-ni təmsil edib. Sonradan məşqçi kimi İran, Çin, Kamerun və Albaniyada da çalışmışdı.
Naycel de Yonq
De Yong 2016-cı ildə MLS təmsilçisi "LA Galaxy”yə transfer olundu. Lakin o, yalnız bir neçə ay ABŞ-da qaldı. Niderlandlı futbolçu "Qalatasaray” və "Maynts”dan sonra Qətərə yollandı. Özü də ikinci səviyyəli sayılan liqaya. De Yonq peşəkar kimi son mövsümündə aşağı liqaya düşmüş "Al-Ahli”, daha sonra "Al-Şahaniyan”ı təmsil etdi.
Karsten Yanker
2001-ci ildə Almaniyanın İngiltərəyə 5:1 məğlub olduğu oyunda hesabı açan Yanker "Bavariya”nın heyətində dörd dəfə Bundesliqa və Çempionlar Liqasını qazanıb. "Kayzerslautern” və Avstriya klubu "Mattersburq”da çalışmış hücumçu 2006-cı ildə Çin Superliqasında yeni yaranmış "Şanxay Şenxua”nın heyətində yeddi oyuna çıxıb.
Draqan Staykoviç
Öz nəslinin ən istedadlı futbolçularından biri olan Staykoviç tez-tez zədələnməsi ilə yadda qaldı. Belqrad təmsilçisi "Srvena Zvezda” və "Marsel”də də çıxış etmiş hücumameyilli yarımmüdafiəçi 1994-cü ildə Yaponiya klubu "Naqoya Grampus Eight”a qoşuldu. Yaponiya o vaxt avropalı oyunçular üçün ümumi təyinat deyildi (Qari Lineker istisna olmaqla), lakin Staykoviç "Naqoya” ilə təxminən yeddi mövsüm keçirməklə hər kəsi təəccübləndirdi.
Matey Kejman
"Çelsi” və "Atletiko”nun (Madrid) heyətində keçirdiyi bir mövsümdən sonra Kezman "Fənərbağça”ya üz tutdu. Onun ən yüksək səviyyəli karyerası 2010-cu ildə PSJ-dən ayrıldıqdan sonra başa çatdı, lakin hücumçu hələ də yaşıl meydanlardan ayrılmağa hazır deyildi. Kejman Cənubi Çin klubu "Honq-Konq”da iki oyun keçirdi və Belarusda BATE-nin formasını da geyindi.
Salomon Kalu
"Çelsi”dəki altı uğurlu mövsüm ərzində Premyer Liqa və Çempionlar Liqasının qalibi olan Kalu, "Lill” (Fransa), "Herta” (Almaniya) və "Botafoqo”da (Braziliya) karyerasına davam etdi. Onun növbəti dayanacağı? Təbii ki, Şərqi Afrikadakı Cibuti. 2022-ci ildə Fil Dişi Sahili millisinin keçmiş üzvü yerli günəş enerjisi firmasının sponsorluq etdiyi "Arta/Solar7”yə transfer olundu.
Ziko
Ziko təkcə Braziliyada deyil, Yaponiyada da əfsanəvi fiqurdur. Bu, əsasən onun 2002-2006-cı illər arasında Yaponiya millisinə rəhbərlik etdiyi vaxta görədir, lakin keçmiş hücumameyilli yarımmüdafiəçi bu ölkədə futbol da oynayıb. Braziliyalı 1991-ci ildə "Kaşima Antlers”ə qoşulmuş və bu klubda 66 oyun keçirmişdi.
Xavi Hernandez
Xavinin "Barselona"dakı uzun və uğurlu dövrü 2015-ci ildə başa çatanda çoxları onun butslarını mismardan asacağını gözləyirdi. Əvəzində əfsanəvi yarımmüdafiəçi Qətərin "Al-Sadd” komandasına üçillik müqavilə ilə qoşuldu və kiçik Yaxın Şərq ölkəsində indiyə qədər oynamış ən yüksək səviyyəli futbolçu ünvanına sahib oldu.
Asamoa Qyan
Qyan 2011-ci ildə Abu-Dabidə yerləşən "Al-Ayn” üçün "Sanderlend”i tərk etməyi seçəndə cəmi 25 yaşında idi. Qanalı daha sonra Çində "Şanxay SIPG”, Dubayda "Al-Ahli”, Türkiyədə "Kayserispor” və Hindistanda "North East Yunayted”də çıxış etdi.
Nikolas Anelka
Çin Super Liqası ötən onillikdə Avropa və Cənubi Amerika ulduzları üçün məşhur bir məkana çevrildi, lakin Anelkanın 2012-ci ildə "Şanxay Şenxua”ya köçməsi futbolsevərləri təəccübləndirdi. "Vest Bromviç”lə Premyer Liqada altıncı və son oyundan sonra fransız karyerasının son bir neçə ayını Hindistanda "Mumbay Siti”də keçirib.
Qabriel Batistuta
Öz nəslinin ən böyük hücumçularından sayılan "Batiqol” ləqəbli argentinalı, karyerasının böyük hissəsini İtaliyada "Fiorentina”, "Roma” və "İnter”də keçirdi. Karyerasının sonunda Argentinaya qayıdacağı gözlənilsə də, Batistuta Qətərdə qalmağa üstünlük verdi. "Al-Arabi” üçün meydana çıxdığı 24 oyunda 27 qol vurdu.
Alessandro Del Pyero
2012-ci ildə bütün zamanların bombardiri kimi "Yuventus”dan ayrıldıqdan sonra Del Pyero karyerasını bitirməyə hazır olmadığına qərar verdi. İtalyan əfsanə sonuncu dəfə Hindistanda "Delhi Dinamos”la qısamüddətli müqavilə imzalamazdan əvvəl Avstraliyada "Sidney”lə iki ilyarımlıq məhsuldar dönəm keçirdi. Ancaq Hindistan komandası həmin il pley-offa çıxa bilmədiyi üçün o, cəmi 10 oyundan sonra vidalaşıb.
Dimitar Berbatov
"Tottenhem”, "Mançester Yunayted” və "Fulhem”in keçmiş hücumçusu İngiltərədə yeddi ilyarımlıq karyerasının ardından 2014-cü ildə Premyer Liqa ilə vidalaşdı. Fransada "Monako”, Yunanıstanda PAOK-un da formasını geyindikdən sonra Berbatov Hindistan Super Liqasında "Kerala Blasters”ə qoşuldu və doqquz oyuna çıxdı. O, bu müddətdə cəmi bir qol vurdu.
Nikki Batt
"Mançester Yunayted"lə altıqat Premyer Liqa çempionu olan Butt İngiltərənin ən yüksək liqasında "Nyukasl” və "Birmingem”də də çıxış edib. O, bütün gümüş medallarını heç də "Old Trafford”da qazanmadı. Butt Cənubi Çində "Honq-Konq”un formasını geydikdən sonra 2011-ci ildə simvolik liqa kubokunu başı üzərinə qaldırdı.
Samuel Eto
"Barselona" və "İnter"lə böyük uğur qazandıqdan sonra Eto 2011-ci ildə Rusiya klubu "Anji” ilə müqavilə imzaladı. Daha sonra o, "Çelsi”, "Everton” (hər ikisi İngiltərə), "Sampdoria” (İtaliya), "Antalyaspor” və "Konyaspor”un (Türkiyə) formasını geyindi. 2019-cu ildə "Qatar SC”yə sürpriz şəkildə transfer olunan və burada 23 matç keçirən Eto 38 yaşında karyerasını bitirdi.
Devid Ceyms
"Liverpul", "Mançester Siti" və "Portsmut"un keçmiş qapıçısı 2013-cü ildə "Bornmut"da - İngiltərə futbolunda son matçını keçirib. Ardından İslandiyada İBV ilə oyunçu-məşqçi kimi çıxış etdi. Sonuncu dəfə isə Hindistanda "Kerala Blasters”lə müqavilə bağladı və bu klubda 12 matçda forma geyindi.
Alex Sonq
Sonq "Barselona”nın heyətində La Liqa çempionu olmasına baxmayaraq, karyerasının ən yaxşı illərini "Arsenal”da keçirdi. Ancaq sonuncu dəfə Cibutini təmsil edən "Arta/Solar7”yə keçən Sonq buna qədər "Rubin” (Rusiya) və "Sion”da (İsveçrə) oynamışdı.
Mixael Laudrup
"Barselona” və "Real” (hər ikisi İspaniya) arasında birbaşa hərəkət edən futbolçulardan biri olan Laudrup 1996-cı ildə Madrid klubundan ayrıldı və Yaponiyada "Vissel Kobe” ilə müqavilə imzaladı. Müqaviləni daha da diqqətçəkən edən isə sözügedən klubun ikinci dərəcəli olması idi. Buna baxmayaraq, Laudrup "Vissel Kobe”nin əsas liqaya yüksəlməsinə kömək etdi.
Roberto Karlos
Roberto Karlos ümumilikdə yeddi klubda oynayıb, lakin o, həmişə "Real”dakı çıxışları ilə xatırlanacaq. Əfsanəvi sol cinah müdafiəçisi Madrid klubunun heyətində 527 matçda meydana çıxıb. Bu müddətdə o dörd dəfə La Liqa, üç dəfə Çempionlar Liqasının qalibi olub. Onun karyerasındakı son iki klub isə Rusiyada "Anji” və Hindistanda "Delhi Dinamos” idi.
Emmanuel Adebayor
"Arsenal”, "Mançester Siti” və "Tottenhem”in keçmiş hücumçusu düşündüyünüzdən daha uzun müddət oynadı. Türkiyədə "Başakşehir” və "Kayserispor”da da oynamış toqolu hücumçunun sonrakı seçimi Paraqvay klubu "Olimpia” oldu. Sonuncu dəfə ölkəsində "Semassi”nin formasını geyinmiş Adebayor 2023-cü ilin martında 39 yaşında rəsmi olaraq futbolçu karyerasını bitirdi.
Ronaldinyo
Həmişə üzündə təbəssümlə oynayan bir futbolçu… Sanki Ronaldinyo kimin üçün oynadığına əhəmiyyət vermirdi, ona yalnız top lazım idi. Keçmiş "Barselona” sehrbazını 2014-cü ildə Meksika klubu "Queretaro”ya gətirən də məhz bu münasibət idi. O açıqlamasında, "Mən Meksika xalqına, xüsusi insanlarla yaşadığım bütün günlər üçün təşəkkür etmək istəyirəm" - sözlərini söyləmişdi.
Pablo Aymar
Lionel Messi tərəfindən idollaşdırılan qeyri-adi istedadı - Aymarı izləmək onun üçün bir sevinc idi. Argentinalının Avropadakı 12 ili "Valensiya”, "Saraqosa” (hər ikisi İspaniya) və "Benfika” arasında bölündü. Ancaq fərqli bir şey sınamağa qərar verən əfsanə 2013-cü ildə Malayziyaya getdi və "Johor Darul Ta'zim”lə müqavilə imzalamaqla hər kəsi təəccübləndirdi.
Xristo Stoiçkov
Meydanda və meydandan kənarda hər şey edən temperamentli dahi Stoiçkovun ən uğurlu illəri "Barselona”da olub. Onun "Kamp Nou”dakı karyerası 1998-ci ildə, Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Nasr”a keçməsi ilə sona çatdı. Ancaq orada cəmi iki oyun keçirdikdən sonra Yaponiyada "Kaşiwa Reysol”la anlaşdı. Onun sonuncu klubu isə Amerikada "DC Yunayted” oldu.
Bebeto
1994-cü ildə Braziliya millisinin heyətində dünya çempionu olan Bebeto karyerasının son altı ilini 10 fərqli klubda keçirib. Bunların əksəriyyəti Braziliya klubları olub. Ancaq onun forma geyindiyi klublar arasında "Toros Neza” (Meksika), "Kaşima Antlers” (Yaponiya) və "Al-İttihad”ın (Səudiyyə Ərəbistanı) da adı var.
Qari Lineker
31 yaşına az qalmış Lineker "Tottenhem”i tərk etdi və Yaponiyada "Naqoya Grampus Eight” ilə ikiillik müqavilə imzaladı.
Pep Qvardiola
Qvardiola "Barselona"nın heyətində 382 oyun keçirib, bundan sonra iki il A Seriyasında "Breşiya" və "Roma"nın uğurları üçün çalışıb. Yarımmüdafiəçi daha sonra, 2003-cü ildə Qatar klubu "Al-Ahli”yə transfer olundu. İki il sonra Qvardiola gələcək köməkçisi Xuanma Lillonun rəhbərliyi altında çalışa bilməsi üçün Meksikada "Dorados de Sinaloa”ya qoşuldu.
Maykl Esyen
2005 və 2014-cü illər arasında "Çelsi”nin aparıcı oyunçularından hesab olunan Esyen London klubundan ayrıldıqdan sonra "Real” və "Milan”ın (İtaliya) uğurları üçün çalışdı. 2017-ci ildə yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında ciddi nə iləsə yadda qala bilmədiyi "Səbail"lə anlaşmazdan əvvəl İndoneziya klubu "Persib Bandunq”da da oynamışdı.
Keysuke Honda
Yapon futbolunun əfsanələrindən sayılan Honda 2014-2017-ci illər arasında "Milan”da keçirdiyi dövrlə yadda qalıb. O, San-Sirodan ayrıldıqdan sonra Meksikaya yollanıb. Honda Azərbaycanda da çıxış edib. 2021-ci ildə "Neftçi”nin transfer etdiyi yapon futbolçu elə həmin dönəmdə "Qarabağ”ın uzunmüddətli çempionluq seriyasının qırılmasında və çempionluqda önəmli rol oynadı. Daha sonra Honda Litva təmsilçisi "Suduva” ilə müqavilə bağladı. Honda dünyanı dolaşmaq missiyası çərçivəsində Kamboca millisinin baş məşqçisi kimi də çalışıb.
Robbi Favler
Liverpulda anadan olan Favler "Everton” azarkeşi kimi böyüdü, lakin bütün şəhərdə əfsanəyə çevrildi. "Liverpul” azarkeşləri tərəfindən "Tanrı” ləqəbi verilən hücumçu "Lids” , "Mançester Siti”, "Kardiff” və "Blekbern”də də çıxış edib. Daha sonra o Avstraliyada "North Queensland Fury” və "Perth Glory” ilə macəra yaşadı. Taylandda "Muanqtonq Yunayted”də də çıxış edən Favlerin son klubu Hindistan təmsilçisi "Kolkata” olub.
Rivaldo
Dövrünün ən yaxşı oyunçularından biri, "Barselona"nın və "Milan"ın sabiq ulduzu Rivaldo futbolu buraxmaq istəmirdi. O, "Milan”dan ayrıldıqdan sonra dörd il ərzində Yunanıstanda "Olimpiakos” və AEK-də (Afina) oynadı. Sonradan Özbəkistan "Bunyodkor”una keçən Rivaldonun pasportunda Anqola möhürü də var. O, sözügedən ölkədə "Kabuskorp”un da formasını geyinib.
Səbuhi Həsənov
Şərhlər