Almaniya NATO-nun digər üç ölkəsi ilə birlikdə Ukraynaya 1,4 milyard avro dəyərində böyük hərbi yardım paketi hazırlayır. Hərbi paketin 2024-cü ilin sonuna qədər çatdırılması planlaşdırılır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” Almaniya kansleri Olaf Şoltsun Berlində prezident Volodimir Zelenski ilə danışıqlardan əvvəl verdiyi açıqlamalara
istinadən məlumat yayıb.
Kansler xatırladıb ki, Almaniya Ukraynaya hərbi yardımın həcminə görə ikinci yerdədir və hava hücumundan müdafiənin gücləndirilməsinə fəal yardım edir.
"İlin sonuna kimi tərəfdaşlarımızın - Belçika, Danimarka və Norveçin dəstəyi ilə Ukraynaya 1,4 milyard avro dəyərində daha bir paket tədarük edəcəyik. Buraya həmçinin hava hücumundan müdafiə vasitələri - IRIS-T, Skynex, Gepard, haubitsalar, özüyeriyən artilleriya, zirehli texnika, döyüş pilotsuz uçuş aparatları, radarlar, sursatlar daxildir”, - Şolts bildirib.
O əlavə edib ki, Almaniya gələn ilə birbaşa ikitərəfli yardım üçün 4 milyard avro büdcə ayırır.
Bundan əlavə, Şolts xatırladıb ki, G7 ölkələri və Avropa İttifaqı Ukraynaya 50 milyard dollar dəyərində çoxillik kredit hazırlayır və bu kredit dondurulmuş Rusiyanın aktivlərindən əldə edilən gəlir hesabına ödəniləcək. Kansler Ukraynanın ona arxalana biləcəyinə əmin olduğunu bildirib.
Nizami Bağırov
Şərhlər