"Qənirə xanımın yeganə arzusu vardı, heyif ki, həyata keçmədi. Deyirdi ki, "pensiyaya çıxanda İstanbula daşınacam, Boğazın altında ev alacağam. Orada ömrümün sonuna kimi kitablarımı yazacağam". Təəsüflər olsun ki, onun bu arzusu həyata keçmədi”.
Bu sözləri Qaynarinfo-ya əməkdar artist Elza Seyidcahan Milli Məclisin deputatı Qənirə Paşayevanın vaxtıs vəfatı haqqında danışarkən deyib.
O, bildirib ki, Qənirə xanım ölümü ilə xalqını, onu sevənləri məyus etdi:
"Qənirə xanımın 15-ə yaxın sözlərinə mahnı bəstələmişəm. Böyük bir yaradıcılıq yolu keçmişik. Mahnıların arasında ən çox sevdiyi də "Həyat, küsmə” idi. Deyirdi, istəmirəm insanlar küssün, intiharlar olsun. Doğrudan da bu mahnı nə qədər şəxsi intihardan döndərib. Amma Qənirə xanım qəfil gedişi ilə çox insanları həyata küsdürdü. Hamıya analıq edirdi, indi irili-xırdalı hamı anasız qaldı. Hətta öz doğma anasına da analıq edirdi”.
Bəstəkar 2008-ci ildən 2015-ci ilə kimi Qənirə Paşayeva ilə bağlı xatirələri olduğunu qeyd edib:
"Onun ölümü Türk dünyasına itkidir. Azərbaycan xalqının övladıdır, amma Qənirə xanım Azərbaycan-Türkiyə dostluğunda böyük zəhməti var. Türkdilli ölkələri qarış-qarış gəzib, təbliğ edib. Hər dəfə özü ilə incəsənət xadimlərinini də səfərlərə aparardı, Azərbaycan musiqisini tərənnüm edirdi, ölkə siyasətini təbliğ edirdi. Mən deyərdim ki, indi o, dincəlir. Bakıdan rayona gedirdik, əlindən telefon düşmürdü, işləri telefonla da yoluna qoyurdu. Telefonlar onun beynini yorurdu. Qənirə xanım buna fikir vermirdi, təki kiminsə problemi həll olunsun. Nəinki öz bölgəsinin, hətta bütün Azərbaycan xalqının nümayəndələrinin, ona müraciət edən hər kəsin problemini yoluna qoymağa çalışırdı”.
Elza Seyidcahan Qənirə xanımın inanclı biri olduğunu vurğulayıb:
"Allaha, ocaqlara, ziyarətlərə inanırdı. Yemirdi, amma yedizdirirdi. Öz payını da insanlara yedirərdi. Onu sevənlərə səbr diləyirəm. Bu gün Qənirə xanımın əsl kəfəni Azərbaycan bayrağı oldu”.
Bahar Rüstəmli
Şərhlər