Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi general Mövlam Şıxəliyev və digərlərinin məhkəmə prosesi uzandıqca, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubov üçün həbs təhlükəsi artır.
Qaynarinfo xəbər verir ki, artıq hər iki şəxsin fəaliyyətinin araşdırılmasını zəruri edən kifayət qədər ifadələr var.
Son proseslərdə zərərçəkənlər açıq şəkildə bildiriblər ki, Qaralov və Usubov tandemi heç də Şıxəliyev və onun tabeliyində olan şəxslərdən geri qalmayıb. Əgər sahibkarların soyulması birinci mərhələdə MTN-də baş veribsə, növbəti etapda bu işi Baş Prokurorluq həyata keçirib.
Zərərçəkənlərin ifadəsindən məlum olur ki, hətta Baş Prokurorluqla MTN arasında pul bölgüsündə ixtilaflar da olub.
Zərərçəkən Zaur Əliyev məhkəmədə bildirib ki, Qaralovla Usubov Şıxəliyev və dəstəsi tərəfindən vətəndaşların girov götürülməsinə şərait yaradıb: "Bunlar (Şıxəliyev və dəstəsini nəzərdə tutur) pul və mal alınandan sonra işi məhkəməyə göndərirdilər. Qaralovla Usubov həbs qətimkan tədbirinin dəyişdirilməsində də bilavasitə iştirak edirdilər. Pul bölgüsündə onların xüsusi payı olub”.
Zakir Qaralovla Rüstəm Usubovun əleyhinə təkcə zərərçəkənlər danışmır. Müttəhimlər də ifadələrində məsuliyyəti əsasən bu tandemin üzərinə qoyur. Məsələn, Mövlam Şıxəliyev özü ötən proseslərdə "Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm” deyib.
Məhkəmə prosesi uzandıqca ortaya daha dəhşətli faktlar çıxır və baş verənlərdə Qaralovla Usubovun adı qırmızı xətlə keçir.
Hazırda zərərçəkənlərin əsas tələbi hər iki şəxsin istintaqa cəlb olunmasıdır. Müttəhimlərin bu tələbə etiraz etmədiyi müşahidə olunur.
Hüquqşünas Rəşad Vaqifoğlu məsələni Qaynarinfo-ya şərh edərkən bildirib ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, şahidlərin və zərərçəkənlərin ifadələrində digər şəxslərin qanunsuz əməlləri ilə bağlı iddialar yer alırsa, məhkəmə sonda bunun araşdırılması ilə ayrıca qərar çıxara bilər.
Seyid
Şərhlər