Xəbər lenti

İdman 18:45 24.11.2022

"Qaradağ Lökbatan"ın müdafiəçisi: "Elə qollar buraxdıq ki..."

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"la qarşılaşan "Qaradağ Lökbatan" böyükhesablı məğlubiyyətə üzüldü. Murad Musayevin rəhbərlik etdiyi "Sabah" Birinci Divizionun son çempionunun qapısından 5 cavabsız qol keçirdi. Ümumiyyətlə "Qaradağ Lökbatan" ölkə birinciliyində də ötənilkinə nisbətən daha zəif çıxış edir. 

Aşağı dəstə təmsilçisinin müdafiəçisi Novruz Məmmədov Qaynarinfo-ya açıqlamasında komandasının durumu, eyni zamanda kubokdakı böyükhesablı məğlubiyyətlə bağlı fikirlərini bildirdi:

"Ciddi hazırlaşmışdıq. "Sabah"ın necə formada olduğunu bilirdik. Çempionatda nəticələrindən, oyunundan əmin idik. Bacardığımız qədər mübarizə aparmağa çalışdıq. Elə qollar buraxdıq ki, həvəsdən düşdük. Çünki adi vəziyyətdə qollar buraxırdıq. Premyer Liqada ikinci yerdə gedən komandadır.  Düzdür, həyəcan, çəkinmək yox idi. Yalnız heyətdə gənc oyunçularda həyəcan ola bilərdi. Təcrübəli oyunçular çəkinmirdi, futbol oynamağa çalışırdı. "Sabah"ın yüksək formada olması onların daha üstün durumundan xəbər verirdi. Yenə də əlimizi yanımıza salmamışdıq, mübarizə aparırdıq. Heç nədən qollar buraxdıq, nəticə belə oldu. Bunu istəmirdik, olmaması üçün mübarizə aparırdıq. Səhvlərimizdən istifadə etdilər".

"Keçənilki çempion komandadan əsər-əlamət qalıbmı" sualına Məmmədovun cavabı belədir:

"Vəziyyət normaldır, nə yaxşı, nə pisdir. Son zamanlar qalib gələ bilmirdik. Bu da komandada dəyişikliklərə görə idi. Bəzi yeni oyunçular gəldi, əsas heyət üzvləri getdi. Onların yerini doldurunca, qələbə qazanmaq çətinləşmişdi. Son turda qələbə qazandıq, inşallah davamını gətirməyə çalışacağıq".

Novruz builki hədəflərinin də yüksək pillələr olduğunu söyləyir:

"Əlbəttə, hədəflərimiz yüksəkdir. Keçənilki nailiyyətimizin davamını gətirmək istəyirik. Bunun üçün çalışırıq".

"Qaradağ Lökbatan" ötən il Birinci Divizionun çempionu olsa da Premyer Liqaya buraxılmadı. Ancaq müdafiəçi cari mövsüm komandada yaşanan enişi bununla əlaqələndirmir:

"Enişi komandadakı dəyişikliklərlə əlaqələndirərdim. Gedənlər əsas heyət üzvləri idi. Yenilərin taktikaya, kollektivə uyğunlaşması bir qədər vaxt aldı. Yəni, səbəb Premyer Liqaya buraxılmamaq deyil. Məqsədimiz yaxşı nəticə qazanmaqdır. Sadəcə, dəyişikliklər qələbə həsrətini uzatdı. Son turda qazandığımız qələbənin davamını gətirməyə çalışacağıq".

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->