Xəbər lenti

İdman 19:29 25.08.2023

"Qarabağ" qrupda tamamilə başqa oyun göstərəcək" - Yunis Hüseynov

"Qarabağ" ötən gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində Sloveniyanın "Olimpiya" klubunun qonağı olub. Ağdam təmsilçisi sözügedən qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. 

Qaynarinfo-ya danışan futbol veteranı Yunis Hüseynov avrokuboklarda yeganə təmsilçimiz olan "Qarabağ"ın qələbəsini dəyərləndirib:

"Dünənki oyunu telekanalda göstərmədilər deyə izləyə bilmədik. İnternet üzərindən baxmaq istədim, o da yaxşı göstərmədi. Elə ancaq ilk hissənin əvvəlini və icmallardan qolları izləyə bildim. Bu səbəbdən oyunla bağlı təsəvvürümüz yoxdur. Mənə elə gəlir ki, "Qarabağ" yenə də üstün oynayıb. Yaxşı çıxışın nəticəsində də 2:0 hesabı ilə qalib gəlib. Səfər görüşündə bu hesabla qalib gəlmək yaxşı haldır. Hətta qabaqcadan da demişəm ki, "Qarabağ" bu mərhələni adlayacaq". 

58 yaşlı mütəxəssis ağdamlıların yeni transferlərinin çıxışlarına da toxunub: 

"Yeni gələn legionerlər komandaya uyğunlaşmalıdırlar. "Qarabağ" futbolçu seçimində özünə uyğun oyunçular seçir. Ona görə də yeni gələn legionerlər komandaya tez uyğunlaşırlar. İlk matçlarda səhvlər çox olurdu, amma ona baxmayaraq belə komanda öz üslubunda oynayırdı. Getdikcə də daha yaxşı oynayıb daha yaxşı nəticələr əldə edirlər. Cavab görüşündə də özünü yaxşı tərəfdən göstərib mərhələ keçəcəklər. Qrupda isə "Qarabağ" müsbət mənada tamamilə başqa oyun göstərəcək". 

Qeyd edək ki, "Qarabağ"ın "Olimpiya" ilə cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->