Xəbər lenti

“Qarabağ”ın şanslarına mütəxəssis qiyməti: “Keçmişin arxasınca baxsaq...”
İdman 16:09 09.11.2022

“Qarabağ”ın şanslarına mütəxəssis qiyməti: “Keçmişin arxasınca baxsaq...”

"Qarabağ” Avropa Liqasının qrup mərhələsini üçüncü pillədə tamamlayaraq Konfrans Liqasında davam etməli oldu. Sözügedən turnirə pley-off mərhələsindən qoşulacaq ağdamlıların rəqibi Belçika təmsilçisi "Gent” olacaq.

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev "Qarabağ”ın "Gent” qarşısındakı şanslarını dəyərləndirib. Diniyev ağdamlıların Avroliqadakı çıxışına da toxunub:

"Çox istəyirdik ki, "Qarabağ” Avroliqada biz istədiyimiz mərhələyə yüksəlsin. Bunun üçün komandanın yaxşı fürsəti vardı. Son oyunda da taleyi öz əllərində idi. Sadəcə, ələ düşən şanslardan istifadə edə bilmədilər. Keçdi artıq, geriyə baxmaq lazım deyil. Keçmişin arxasınca baxsaq, gələcək olmayacaq. Bəlkə də komanda Avropa Liqasında 1/8 mərhələsinə yüksəlsəydi, orada məğlub olub Konfrans Liqasına gələcəkdi. Yəni Konfrans Liqası üçün bir addım daha irəli atmış olacaqdı. Bu gün qismət belədi, bəxtlərinə bu cür yazılıb. Baxmayaraq ki, çox çalışdılar”.

Mütəxəssis "Frayburq”un Bakıda məğlub edilə biləcəyinin mümkünlüyünü söylədi:

"Frayburq”u Bakıda məğlub etmək mümkün idi. Çünki əsas heyətləri yox idi. Həm də motivasiya məsələsi var. "Qarabağ”a azarkeşlər hər cür dəstək verirdi. Bundesliqa komandasıdır, baxmayaraq ki, əsas heyətin bir çox üzvlərinə istirahət vermişdilər. Orada müqavilə bağlayan hər bir futbolçu komandaya layiqdir. Ona görə də şansları öz əllərində idi”.

"Gent”lə oyun üçün şansları qiymətləndirən veteran futbolçu Belçika futbolunun səviyyəsinə rəğmən "Qarabağ”a ümidlərin böyük olduğunu da dedi:

"Belçika klublarından "Brügge”nin, "Genk”in, "Gent”in Avropada uğurlu oynaması, həm də ölkə çempionatında rəqabətin olması "Qarabağ” üçün böyük problemlər yarada bilər. Buna baxmayaraq, yenə də ümid var. Çünki "Qarabağ” öz oyununu oynayır. Həm səfərdə, həm də evdə qarşılaşdıqları bütün rəqiblərdən topa nəzarət, qol vəziyyətləri yaratmaq, qapıya zərbələr endirmək baxımından üstündür. Mənə elə gəlir "Frayburq”dan güclü olmayan bir "Gent” görəcəyik. Fevral ayına hələ var. Çox dəyişikliklər görəcəyik. Qışdan sonra futbolçuların hansı durumda olmasından da çox şey asılıdır. Heç nəyə baxmayaraq, "Qarabağ” həmişə sözünü deyir. Ümid edirik ki, bu dəfə Konfrans Liqasında mərhələ adlaya biləcək. Belçikada oyun sistemi var və  "Gent” də buna uyğun oynayır. Açığı, bu komandanın oyunlarının yalnız fraqmentlərini görmüşəm. Qolları və sair epizodları görmüşəm. Ancaq bunlara əsasən nəsə demək çətindir. Baxıb analiz etmək lazımdır, "Qarabağ” da bunu yaxşı bacarır. Analiz edib öz oyunlarını göstərməyə çalışacaqlar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->