"Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyada "Bayer”in qonağı olacaq. Bakıda Bundesliqa nəhənginin başına "oyun açan” Qurban Qurbanovun komandasının səfərdə necə çıxış edəcəyini hamı səbirsizliklə gözləyir. Nəticələrlə bağlı fikirlər isə təbii ki, müxtəlifdir.
"Qarabağ”ın sabiq futbolçusu Kənan Kərimov da fikirlərini bölüşüb. O Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın şansları olduğunu deyib:
"Yaxşı ki, "Qarabağ”ımız var. Bu komanda Azərbaycan futbolunun brendidir. Çox qürurlanırıq. Həm stadionu doldururlar, həm də fikrimcə, televeziya vasitəsilə ən azı 6-7 milyon insan, uşaqdan tutmuş böyüyüə qədər hər kəs onları izləyir. Möhtəşəm formada olan "Bayer”ə qarşı belə oyun göstərmək bizi də sevindirir. Çox istərdik ki, Almaniyada da yaxşı oyun nümayiş etdirsinlər. Heç kim deyə bilməz ki, "Bayer” favoritdirsə, mərhələni 100 faiz keçəcək. Futbolda hər şey baş verir. "Qarabağ”ın gücü, cəsarəti var. İnanırıq ki, komanda turu Almaniyada keçəcək”.
"Bayer” Bakıdakı oyunda son dəqiqələrdəki əvəzetmələrdən sonra məğlubiyyətdən xilas oldu. "Qarabağ”a Almaniyada şans verənlərin sayı azdır. Kərimov bu fikirlərə də münasibətini bildirib:
"İlk oyundan əvvəl də belə düşünənlərin sayı çox idi. Düzdür, bu gün "Bayer” səviyyəsində "Qarabağ”ımız var” deyə bilmərik. O, Avropaya səs salmış komandalardandır. Bakıda hesab 2:2 olarkən, qol vəziyyətlərindən istifadə edə bilmədik. Əks halda rəqib evinə məğlubiyyətlə dönəcəkdi. Bu futboldur, "Qarabağ”ın cəsarətinə inanıram. "Bayer”in də sıx qrafiki var, öz çempionatlarında liderdir. Bu səbəbdən müəyyən rotasiyalara gedə bilərlər. Çox güman Bakıdakı oyun "Bayer”in canına "üşütmə” salıb. Əsas heyətdən maksimum istifadə edib, mərhələni keçməyə çalışacaqlar”.
Səbuhi Həsənov
Şərhlər