Xəbər lenti

İdman 18:45 13.02.2023

"Qarabağ"ın 3 futbolçusu "Gent"lə oyunu kənardan izləyəcək

Fevralın 16-da Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Gent"i qəbul edəcək "Qarabağ" oyuna tam heyətlə çıxa bilməyəcək.

Fanat.az-ın məlumatına görə, bu mövsüm Avropa səhnəsində özünü yaxşı tərəfdən göstərən iki legionerini - Kadi və Ovusu Kvabenanı ötən ay satan ağdamlılar daha 3 oyunçusunu müxtəlif səbəblərdən oynada bilməyəcək.

Belə ki, yanvarın ortalarında qolu sınan qapıçı Şahruddin Məhəmmədəliyevin azı aprelin sonlarınadək kollektiv məşqlərə qatıla bilməyəcəyi bəllidir. 

Antalya toplanışında arxa xaçvari diz bağları qopan Abbas Hüseynov da Belçika klubu ilə duelləri kənardan izləyəcək. Cinah müdafiəçisinin 8 ay yaşıl meydanlardan kənarda qalacağı çoxdan dəqiqləşib. 

"Köhlən atlar"ın kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina isə cəzalı olduğu üçün "Tofiq Bəhramov"dakı matça ən yaxşı halda, tribunadan baxa biləcək. Kevin Avropa Liqasının qrup mərhələsinin son turunda - Almaniya "Frayburq"u ilə Bakıdakı görüşün 61-ci dəqiqəsində qırmızı vərəqə aldığına görə cəzalı duruma düşüb.

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması fevralın 23-də Belçikada keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->