Xəbər lenti

İdman 21:05 20.04.2024

"Qarabağ"dan heç-heçə, "Neftçi" 10 nəfərlə qalan "Zirə"yə uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha ili oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında "Qarabağ" "Qəbələ" ilə üz-üzə gəlib.

Qarşılaşma heç-heçə başa çatıb - 2:2. Qonaqların heyətində 19-cu dəqiqədə Bilel Auaşeriya fərqlənib. "Köhlən atlar"da 66-cı dəqiqədə Yassin Benzia, 71-ci dəqiqədə Abdullah Zubir rəqibi məyus edib. 85-ci dəqiqədə isə "Qəbələ"dən Yaovi Akakpo görüşdə son nöqtəni qoyub.

Çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" xallarının sayını 73-ə çatdırıb. Sonuncu - onuncu sıradakı "qırmızı-qaralar"ın 17 xalı var.

Günün ikinci matçında "Zirə" "Neftçi"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladislav Kulaç fərqlənib. "Ağ-qaralar"da yeganə qolu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.

Bundan əlavə, qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. "Neftçi" isə dördüncü sıraya enib.

Qeyd edək ki, ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->