"Azərbaycana Ermənistandakı hansısa keçici hakimiyyətlə yox, Ermənistan dövlətilə sülh sazişi lazımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
"Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın səfirini qəbul edərkən Ermənistanla Azərbaycan arasında mümkün sülh danışıqları ilə bağlı mühüm məsələlərə toxunaraq, danışıqların hazırkı mərhələsinin perspektivilə bağlı fikirlər səsləndirdi. Bəlli oldu ki, Ermənistanla Azərbaycan arasında sülh üçün substantiv danışıqlar cəmi 6 aydır aparılır. Bunun da ciddi hüquqi-siyasi izahı var. 19-20 sentyabr 2023-cü il əməliyyatına qədər İrəvan Azərbaycanda yaşayan ermənilər və Azərbaycan torpağının bir hissəsilə əlaqədar olaraq iddia ilə çıxış edib. Azərbaycan yalnız bu problemi həll etdikdən sonra, danışıqların substantiv mərhələsi başlayıb", deyə Hikmət Babaoğlu bildirib.
Deputat hesab edir ki, bu, sülh danışıqları ilə bağlı aydın təsəvvür yaradır. Onun fikrincə, indi belə çıxır ki, substantiv mərhələnin ikinci hissəsinə hazırlaşmalıyıq:
"Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə torpaq iddiası qaldıqca, bir o qədər də sülh olmayacaq. Görünür, əsl substantiv danışıqlar da yalnız bundan sonra baş verə bilər. Yəni Ermənistan referendum keçirirək, konstitusiyasından Azərbaycana ərazi iddialarını çıxardıqdan sonra, sözün həqiqi mənasında substantiv danışıqlar başlaya bilər. Bu da sülhün əsaslı olması üçün əslində zərurəti qeyd edir. Çünki Ermənistan da daxil bütün ölkələrin konstitusiyasında qeyd olunur ki, hər hansı bir beynəlxalq saziş, müqavilə həmin ölkənin konstitusiyası ilə ziddiyyət təşkil edirsə, bu qanuni müqavilə və yaxud saziş sayıla bilməz".
Hikmət Babaoğlu qeyd edib ki, Ermənistan konstitusiyasında dəyişiklik etmədən mövcud vəziyyətdə imzalanan sülh sazişi əslində Nikol Paşinyan hakimiyyətilə imzalanan sənəd olacaq:
"Paşinyan hakimiyyətdən gedəndən sonra isə yeni gələn erməni iqtidarı onu ölkə konstitusiyasına zidd hesab edərək, qəbul etməyə bilər. Azərbaycana isə Ermənistanda olan hansısa keçici hakimiyyətlə yox, Ermənistan dövlətilə sülh sazişi lazımdır. Ona görə də Azərbaycanın mövqeyi hüquqi baxımdan tamamilə izah edilən, dərk ediləndir. Dövlətlərarası münasibətlər kontekstində də aydın və məntiqli mövqedir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti Kanadanın ölkəmizdəki yeni səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən sülh sazişinin başlıca şərtinin Ermənistan konstitusiyasının dəyişdirilməsi olduğunu bir daha bəyan edib. O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, ötən ilin dekabr ayında başlanılıb:
"Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası "Dağlıq Qarabağ" məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir".
Rüfət Sultan
Şərhlər