Sabiq baş məşqçi Urs Fişerlə yolları ayıran "Union Berlin"in müvəqqəti rəhbəri vəzifəsinə Marko Qrotunu təyin edib.
Qaynarinfo-nun məlumatına görə, onunla yanaşı Bundesliqa təmsilçisinin texniki heyətinə qadın məşqçi Mari-Luiz Eta da qoşulub. Bu təyinatdan sonra Eta Bundesliqa tarixinə ilk qadın köməkçi məşqçi kimi düşüb.
Son illər kişi futbolunda müxtəlif səviyyələrdə qadın məşqçilər var. İtaliya millisinin keçmiş baş məşqçisi Karolina Moraçe C1 seriyasında "Viterbese"yə rəhbərlik edəndə peşəkar kişi komandasını çalışdıran ilk qadın məşqçi ünvanına yiyələnmişdi. Fransanın qadınlardan ibarət millisinin keçmiş baş məşqçisi Korinne Diakre, Liqa 2-də "Klermont Fot"u çalışdırmaqla adından söz etdirmişdi. Hanna Dinqli isə iyulda "Forest Green Rovers"ə rəhbərlik etdiyi zaman İngiltərə Futbol Liqası klubunu çalışdıran ilk qadın məşqçi ünvanına sahib çıxmışdı. Eta isə Bundesliqa komandasının müvəqqəti texniki heyətinə daxil edilməklə çempionat tarixinə kişilərdən ibarət yüksək liqa komandasını çalışdıran ilk qadın məşqçi kimi düşüb.
2018-ci ildə futbolçu karyerasını başa vuran Eta Almaniyada "Verder” və "Yunion Berlin”in gənclərdən ibarət komandalarında məşqçi kimi çalışıb. Bu ilin əvvəlində isə "Yunion Berlin"in əsas komandasına qoşulan və U-19-da Qrotun köməkçisi kimi çalışan Eta, növbəti bildirişə qədər tarixi rolunu qoruyacaq.
Səbuhi Həsənov
Şərhlər