Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qaynarinfo xəbər verir ki, iyunun 7-də keçirilən prosesdə üzrə zərərçəkən Zaur Əliyev sərbəst ifadəsini davam etdirib. O, məhkəmə prosesinə özü ilə 1 böyük çanta sənəd gətirib. Keçmiş müstəntiq olan Zaur Əliyev hakim heyətinin diqqətinə çatdırıb ki, illərdir bu məhkəmə prosesinin baş tutmasını gözləyib. Ona qarşı baş vermiş cinayətlə bağlı topladığı sənədləri göstərərək, 4 cilddən ibarət hazır cinayət işi olduğunu vurğulayıb.
İfadəsini davam etdirərək bildirib ki, Zakir Qaralovun rəhbərliyi altında Ağır Cinayətlərə dair İstintaq İdarəsində "MTN işi” üzrə istintaqın qəsdən, bilərəkdən, süni şəkildə 6 ilə qədər uzadıldığını məhkəmənin diqqətinə çatdırıb:
"Məqsəd isə cinayət təqibi üzrə cəlbetmə müddətlərinin keçirilməsi idi. Zakir Qaralov və Rüstəm Usubov bu mütəşəkil cinayətkar dəstənin ən aktiv üzvləridir. Çünki bunların birbaşa iştirakı ilə vətəndaşlar girov götürülürdü. Qaralovla Usubov iş üzrə hər bir zərərçəkən vətəndaşın qanunsuz həbsindən 2 dəfə pul alırdılar. Bu necə baş verirdi? Mövlam Şıxəliyev və başının dəstəsi gələcək qurbanı müəyyən edib qanunsuz olaraq, əvvəlcədən uydurulmuş ittihamla həbs edir, faktiki olaraq girov götürürdülər. MTN zindanına salıb pul vermək üçün təhdid olunurduq.
Məndən pulu tələb edən Şıxəliyevin müavini Təhsin Ağayev oldu. Hamı bilir ki, Təhsin Ağayev qorxağın biridir. İstintaqa cəlb edilsə idi, qorxusundan bu mütəşəkkil cinayətkar quldur dəstənin bütün cinayətlərini bir-bir açıb deyəcəkdi. Ona görə də onu xəstəlik adı ilə istintaqdan, məhkəmədən yayındırırlar.
Məni MTN-də girov götürəndən sonra Təhsin Ağayev 200 min manat tələb etdi. Heç bir cinayətimin olmadığını və müvafiq olaraq pul verməyəcəyimi dedim. Barəmdə cinayət işi başlandı, qanunsuz olaraq həbs olundum. Faktiki isə məni girov götürüb MTN zindadında saxladılar. Girovluqda qaldığım 3 ay ərzində məndən bir tələb vardı - "pul ver" deyirdilər. Təhsin Ağayev deyirdi ki, pul verilməsə, buradan çıxmayacaqsan. Həmin günlərdə MTN-də yaxın qohumum müstəntiq idi. Onun adını çəkmirdim. Düşünürdüm ki, onun bu işlərə aidiyyatı yoxdur. Adını çəkəcəyim halda onun da problemlərinin ola biləcəyini ehtimal edirdim.
O, öz təşəbbüsü ilə Təhsin Ağayevə qohumluq əlaqələrimizi demişdi və pul söhbətini aparmağa başlamışdı. Ailəmlə də pul söhbətlərini o etmişdi. Mənim giovluqdan azad edilməyim üçün pulu da Mövlam Şıxəliyevgilə onun iştirakı ilə yoldaşım Samirə Əliyeva və qaynım Mirəli Əliyev verib. Pulu yoldaşımdan alan Təhsin Ağayev olub. Təhsin Ağayev pulu Mövlam Şıxəliyevə çatdırmaq üçün dəridən-qabıqdan çıxıb.
Qaralovla və Usubov Şıxəliyevin dəstəsinə vətəndaşları girov götürülmələrinə şərait yaradır, bunlar da pul və mal alınandan sonra işi məhkəməyə göndərirdilər. Həmin zaman Qaralovla Usubov həbs-qətimkan tədbirinin dəyişdirilməsində də biləvasitə iştirak edirdilər. Həbs adı ilə girov götürülmüş, mən də daxil olmaqla Azərbaycan vətəndaşlarından alınan pulun bölgüsündə də Qaralovla Usubovun xüsusi payı olub. Buradakı məhkəmə-istintaq araşdırması zamanı sadaladıqlarım öz təsdiqini tam olaraq tapdı. Belə ki, zərərçəkən Əfsəl Həsənəliyevin ifadəsindən aydın şəkildə bilindi ki, Yasin Məmmədov ona bildirib ki, pul verməsən, buradan çıxa bilməyəcəksən, onların, yəni Qaralovla Usubovun hesabı çatmasa, səni buradan buraxan olmayacaq. Çünki səni biz həbs etməmişik, onlar həbs ediblər. Yasin Məmmədov Əfsəl Həsənəliyevə deyib ki, tanıdığın imkanlı adamın varsa, adını çək, çagıraq, pulunu alaq, həmin pulu sənin əvəzinə, səndən alınan pul kimi Qaralov və Usubova çatdıraq, səni MTN-dən buraxaq”.
Zaur Əliyev bildirib ki, zərərçəkmiş Hacı Elman Əhmədov da ifadəsində ondan 160 min manat alındığını, bundan sonra yenidən MTN-nə çağırıldığını və müstəntiqin xidməti otağında prokurorluğun işcisinin iştirakı ilə alınan pulun məbləğinin dəqiqləşdirildiyini bildirib:
"Belə anlaşıldı ki, Əhmədovdan alınan pul məbləği ilə bağlı Baş Prokurorluqla Şıxəliyevin arasında narazılıq olub. Bu narazılıqla bağlı Əhmədovu çağırıblar, ondan alınan məbləği Baş Prokurorluqdan gələn nümayəndənin yanında dəqiqləşdiriblər. Bununla aydın şəkildə sübuta yetirilir ki, baş prokuror Zakir Qaralov və onun 1-ci müavini Rüstəm Usubov nəinki vətəndaşların qanunsuz həbs olunmasında birbaşa iştirak ediblər, hətta onlardan alınan pul və malların da bölgüsündə maraqlı şəxs olublar. Zərərcəkən Orxan Abdullayev bu məhkəmə zalında öz ifadəsində aydın şəkildə bildirdi ki, qanunsuz həbsdən azad edilməsi üçün atası 50 min dollar təklif edib. Lakin Yasin Məmmədov ona deyib ki, təklif olunan pul azlıq edib, Baş Prokurorluğu maraqlandırmayıb. Ona görə də Orxan Abdullayevin həbsdən azad edilməsinə icazə verilməyib. Yasin Məmmədov Orxan Abdullayevə azı 80 min manat verməlidir ki, prokurorluq razı qalsın deyib.
24 may 2022-ci ildə kecirilən məhkəmə prosesi zamanı zərərçəkən Nizami Kazımov sərbəst ifadə verdi. Bundan sonra dövlət ittihamçısı zərərçəkən Nizami Kazımova sual verərkən Şıxəliyev dəmir barmaqlıq arxasından onun sözünü bir neçə dəfə təkidlə kəsib replika şəkilində bildirdi ki, pulu sizinkilər - yəni prokurorluq alıb!
Əvvəldə qeyd etdim ki, Şıxəliyev başının dəstəsi ilə birgə bir zərərçəkəndən bir dəfə, Qaralovla Usubov isə iki dəfə pul alırdılar. Bu məsələ necə baş verirdi? Şıxəliyevgil vətəndaşı qatı cinayətkar kimi girov götürəndən sonra Qaralov və Usubov bunların əməllərə "qanuni don” geyindirir, vətəndaşdan pul alınandan sonra mütəşəkkil dəstə üzvləri arasında bölünürdü və iş məhkəməyə göndərilirdi. Burada Şıxəliyevgil arxa plana keçirdi. Məhkəmədə Qaralovla Usubov yenidən işə qoşulur və bu dəfə məhkəmədən azad edilməsi üçün ikinci dəfə alınan pula tam şərik çıxırdılar. Mən də, digər zərərçəkənlər kimi şərlənərək girov götürülmüşdüm”.
Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb. Bundan sonra proses təxirə salınıb.
Seyid
Şərhlər