Aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Sülh mövzusundan danışan Prezident bildirib ki, bu, uzun prosesdir, lakin istənilən sülhə nail olmaq üçün qarşılıqlı etimadın bərpa edilməsi vacibdir. Dövlət başçısı gələcəkdə Azərbaycan və Ermənistan ziyalılarının, media mənsublarının, ictimai fəalların görüşünün baş tuta biləcəyinə də işarə vurub. Prezident İlham Əliyev həmçinin əlavə edib ki, bu görüş Azərbaycana qarşı nifrətlə yüklənməmiş, sülh prosesinə dəstək verən ermənilərlə baş tuta bilər.
"Çalışacağıq ki, bu ümdi doğruldaq..."
Xalq yazıçısı Kamal Abdulla Qaynarinfo-ya açıqlamasında bunu uzaqgörən siyasətin nəticəsi kimi dəyərləndirdiyini deyib: "Bildiyiniz kimi artıq bizim Moskvada belə bir görüşümüz olub. Belə görüşlərin davam etdirilməsi ideyasını həm Azərbaycan tərəfi, həm də Ermənistan dəstəkləyir. Cənab Prezidentin ziyalıların bir-biri ilə görüşməsinə olan ümidi sonsuzdur. Biz də çalışacağıq ki, hərə öz yerində bu ümdi doğruldaq”.
"Sülh çağırışlarının gəlməsi sevindiricidir..."
Yazıçı Şərif Ağayar bildirib ki, bu gün Ermənistanda eyforiyadan uzaq, reallığı dürüst qiymətləndirən və müharibə istəməyən bir hakimiyyət mövcuddur: "Erməni xalqının hətta məğlubiyyətdən sonra da bu hakimiyyətə səs verməsi qalıcı sülhə ümidi artırır. Demək, onlar da nəhayət pərdə arxasında nələrin baş verdiyini anlayıblar. Azərbaycan hakimiyyətindən də sülh çağırışlarının gəlməsi sevindiricidir. İndi Qafqaza sülh arzulamaqdan daha mütərəqqi bir şey ola bilməz. İllah da bir yazıçı, qələm adamı üçün. Məncə, biz qələbədən sonra barışığa psixoloji cəhətdən hazırıq. Mənə inanan insanları tarixi kin-küdurətlə yaşamamağa səsləyirəm. Bu dünyada ingilislərin fransızlara etdiyini heç kim-heç kimə etməyib. Onlar qısa-uzun fasilələrlə yüz il döyüşən yeganə xalqdır. Amma indi aralarında sərhəd yoxdur. Qarabağ müharibəsi nə Azərbaycan, nə də Ermənistan xalqının seçimidir. "Atan həmişə kazaklardır". Bir də bu güllələrin kölgəsində hakimiyyət və sərvət qazananlar var. Ağıllı adamlar masa ətrafına toplaşıb hər iki xalqı bu tarixi rəzalətdən xilas etməlidir. Lakin məncə, indiki Rusiya ilə bu məsələni axıracan reallaşdırmaq mümkün olmayacaq. Bizdə də, ermənilərdə də pis nə varsa, ucu mütləq gedib Moskvaya çıxır. Rusiyada 21-ci əsrin sivil dəyərlərinə uyğun normal bir hakimiyyət formalaşmayınca bədbəxtliyin kölgəsi Qafqazın üstündən çəkilməyəcək”.
"Ey xalqlar, siz həmişə bir-birinizə güllə atmamısız..."
Şair Aqşin Evrən deyir ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin danışıqları prosesində zaman-zaman bir ifadə gündəmə gəlirdi: "Xalqları sülhə hazırlamaq". Fikrimcə, bu modeli əvvəlcə ziyalılara tətbiq etmək lazımdır. Yəni bu görüşdən əvvəl "ziyalıları sülhə hazırlamaq" kampaniyası elan edilməlidir. Bunun üçün azərbaycanlılarla ermənilər arasında mövcud olmuş müəyyən müsbət nümunələri gündəmə gətirmək olar. Aydın məsələdir ki, bu iki xalq bütün cəbhələrdə bir-birinə güllə atmayıb. Onların ayrı-ayrı fərdlərinin bir-birinə yardım əlini uzatdığı, ölümdən xilas etdiyi anlar da olub. Tarixdə belə nümunələr çoxdur. Bu nümunələrin araşdırma yazısı kimi hər iki ölkənin mətbuatında mütəmadi yer alması zəruridir. Eyni zamanda vahid kitab halında da hər iki dildə nəşr oluna bilər. Göstərmək lazımdır ki, ey xalqlar, siz həmişə bir-birinizə güllə atmamısız. O ki qaldı Azərbaycana qarşı nifrətlə yüklənmiş ermənilərlə görüşə, bu, indiki halda əks-effekt verə bilər. Mən hər iki ölkədə əhali arasında keçirilmiş sorğuları izləyirəm: ermənilər bu məsələdə daha antoqonist mövqe sərgiləyirlər. Bu da başadüşüləndir, çünki onlar təkcə iddia etdikləri və işğalda saxladıqları ərazini itirməyiblər, həm də böyük (əslində, qondarma) bir ideologiyanı itiriblər.
İllərdir onların beynini doldururdular ki, erməni ordusu Bakıya girəcək, ancaq indi "Süniki də itirə bilərik" deyirlər. Mövcud reallığı qəbul etmək onlar üçün çətin olacaq. Amma başqa yol yoxdur. Bu qançanağını böyüdüb gələcək nəsillərə qədər çatdırmağın nə onlara, nə də bizə faydası var. Ümumilikdə isə iki xalqın ziyalıları arasında görüşün təşkil olunması ən azı atəşkəsə riayət etmək qədər vacib məsələdir. Mən yaxın 10 ildə sülhün mümkünlüyünə inanıram, lakin bunun üçün hər iki xalqla ciddi və sürətli işlər görülməlidir”.
"Düşmənə olan nifrətim birə-beş artdı. Amma..."
Yazıçı Mübariz Örən belə bir görüşün Moskvada təməlinin qoyulduğunu və onun davam etdirilməsinin vacibliyini vurğulayıb: "Mən özüm əslən qarabağlıyam. Ötən 30 ildə həyatımıza edilən qəsdlər, torpaqlarımıza vurulan yaralar, sinəmizə çəkilən dağlar hamıya bəllidir. Bu yaraların, dağların miqyası o qədər böyükdür ki, növbəti 30 ildə çətin ki o ağrı-acılar canımızdan çıxa, ruhumuzdan qopa, unudula. Amma gün gəldi, biz qisasımızı aldıq, düşməni əzdik, şəhidlərimizin qanı bahasına, ordumuzun rəşadəti sayəsində torpaqlarımızı azad elədik. Bu, böyük təsəllidi, fərəhli taledi, böyük qələbədi! İndi bizim başımız ucadı, vicdanımız rahatdı. Arxayınıq ki, o rəzalətli illəri arxada qoyduq, bizdən sonrakı nəsillərə - balalarımıza saxlamadıq. Mənim babalarımın, əzizlərimin, atamın qəbri neçə illərdi əsirlikdə - düşmən tapdağı altında idi. O torpaqlar azad ediləndə göz yaşlarımı saxlaya bilmirdim. Sevinirdim ki, nəhayət, 30 ildən sonra gedib atamın incik qəbrini ziyarət edə biləcəm. Amma... o qəbirəstanlıqların vəhşicəsinə, vandalcasına dağıdıldığını, daş üstə daş qoyulmadığını eşidəndə ağlamağım daha betər oldu. Düşmənə olan nifrətim birə-beş artdı. Bütün bunlara baxmayaraq, həyat davam edir. Ataların "Qonşun pisdi, köç qurtar..." məsəli bu yerdə işləmir. Nə onlar Ermənistanı qoyub harasa köçən deyillər, nə biz can vətənimizdən ayrılan deyilik. Sülh isə lazımdı, - aldığımız hava, içdiyimiz su kimi... Yenə deyirəm, indi qalib tərəf bizik, şərtləri biz müəyyənləşdiririk. Düşmən də əvvəlki düşmən deyil, bəli, Azərbaycana qarşı nifrətlə yüklənməmiş ermənilərlə bir masa arxasına keçməyin vaxtıdı. Bu iş, ətbəttə, ziyalıların boynuna düşür. Belə bir gürüşün təməli Moskvada qoyulub da. O iş davam etdirilməlidir. Ərazi bütövlüyümüzü, suverenliyimizi tanısınlar, buyursunlar. Yollar açılsın, gediş-gəliş bərpa olunsun, regionda sabitlik, inkişaf olsun”.
Bahar Rüstəmli
Şərhlər