Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyində olub, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.
Qaynarinfo xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ould dövlət başçısını qarşılayıb.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev: Çox kədərli hadisədir. Amma həyatın qanunlarını heç kim dəyişdirə bilməz. Bir daha Britaniya xalqına başsağlığı vermək istəyirəm.
Səfir: Çox sağ olun.
Prezident İlham Əliyev: Kraliça ilə şəxsən tanış idim. Onunla iki dəfə görüşmüşdüm. Birinci dəfə hələ mən Prezident vəzifəsinə seçilmədən – 1997-ci ildə Bukingem Sarayına dəvət almışdım, Kraliçanın doğum günü münasibətilə. O vaxt SOCAR-ın vitse-prezidenti kimi mənə belə bir dəvət göndərilmişdi. İlk dəfə burada, - təbii ki, orada bir çox adamlar var idi, - sadəcə olaraq tanışlığımız oldu. Ondan sonra da ölkənizə səfərim çərçivəsində Ülyahəzrət Kraliça ilə görüşmək imkanım olmuşdur. Çox xoş təəssüratlar bağışlayan bir insan idi.
Bildiyiniz kimi, bu yaxınlarda bizim nümayəndə heyətimiz mənim adımdan ona Qarabağ atını hədiyyə etmişdi. O da baxmayaraq ki, artıq səhhətində müəyyən problemlər var idi, özü şəxsən o hədiyyəni qəbul etdi. Bu haqda da məlumat var. O, çox gözəl bir insan, böyük xadim və əlbəttə ki, ilk növbədə, Britaniyanın rəmzi olan tarixi şəxsiyyətdir. Azərbaycan xalqı adından bir daha başsağlığı verirəm.
Krala təbrik məktubu da göndərmişəm. Məktubda da göstərdim ki, əminəm, əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək. Çünki bir çox sahələrdə biz doğrudan da çox yaxın əlaqələrə çatmışıq və ümid edirəm ki, yaxın gələcəkdə bu əlaqələr daha da genişlənəcək.
Səfir: Çox sağ olun. Kraliçanın vəfatı ilə əlaqədar səfirliyə gəldiyiniz üçün çox sağ olun. Həmçinin Kral Çarlza və Baş nazirə göndərdiyiniz başsağlığı məktublarına görə Sizə dərindən təşəkkür edirəm. Göstərdiyiniz diqqət ölkələrimiz arasında münasibətlərin inkişafında çox əhəmiyyətlidir.
Sonda xatirə şəkli çəkdirilib.
Şərhlər