Xəbər verdiyimiz kimi, Dekabrın 7-də Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan "Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.
Qaynarinfo xəbər verir ki, mərasimdə İlham Əliyevlə akademik Xoşbəxt Yusifzadə arasında maraqlı dialoq olub.
Dialoqu təqdim edirik:
Xoşbəxt Yusifzadə: Görün, nə qədər şar asılıb?!
Prezident İlham Əliyev: Sizin şərəfinizə. Təxminən üç il bundan əvvəl sizin yubileyinizi qeyd edərkən.
Xoşbəxt Yusifzadə: Təxminən üç ildir, az qalıb.
Prezident İlham Əliyev: 2020-ci ilin yanvar ayı, yubiley məclisində.
Xoşbəxt Yusifzadə: Yanvarın 14-də. Üç ilə bir-iki ay qalıb.
Prezident İlham Əliyev: Bir ay qalıb.
Xoşbəxt Yusifzadə: Bir ay yarım qalıb.
Prezident İlham Əliyev: Dedim, qərar qəbul edirəm ki, növbəti gəmi Xoşbəxt müəllimin adına olacaqdır və hamı üçün sürpriz olmuşdu, o cümlədən Xoşbəxt müəllim üçün. O bilmirdi mənim hədiyyəm nə olacaq, hədiyyəm də, bax, bu oldu.
Xoşbəxt Yusifzadə: Görürsünüz, mən həyatımı neçə illərdir dənizdə qoymuşam. Mən Sizə çox təşəkkürümü bildirirəm. Hörmətli Prezident, doğrudan da mənə böyük qiymət verdiniz, doğrudan da mənə çox böyük bir hədiyyə etdiniz. Bu, Sizin təkcə mənə yox, bütün neftçilərə olan hörmətinizdir. Ümumiyyətlə, Siz o vaxtlar elə bizimlə on il bir yerdə işləmisiniz. Prezident olandan sonra da elə gözünüz bizim üstümüzdədir. Bizim bütün nailiyyətlərimiz Sizinlə bağlıdır. Siz hamısı ilə fərəhlənirsiniz, bizə də diqqət yetirirsiniz.
Mən Sizə onu da deyim ki, cənab Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndən sonra bütün sahələrlə maraqlandı, hər yerlə, bizim neftçilərlə də maraqlandı. O vaxt dənizin dərinliyi 40 metr olan bütün sahələrində yataqlar kəşf olunmuşdu. Amma gəmiçilikdə gəmilər yox idi, az bir müddətdə 400-dən artıq gəmi aldı, kran gəmiləri, yükdaşıyan gəmilər. Bunların hamısı indi adları dünyada məşhur olan "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının kəşf olunmasına imkan verdi. Doğrudan da cənab Heydər Əliyev sanki, neçə il öncə gələcəyi görürdü. Doğrudan da böyük işlər gördü.
Təşəkkür edirəm Sizə, çox böyük iş gördünüz. Bu gün mənim demək olar ki, ən xoşbəxt günlərimdən biridir. Hər şeyi gözləyərdim, amma dənizdə mənim adıma gəmi olsun, vallah, bunu heç yatıb yuxuda da görə bilməzdim.
Prezident İlham Əliyev: Bu, ədalətlidir.
Xoşbəxt Yusifzadə: Özü də ki, tanker. Məsələ ondadır ki, bilirsiniz, mən demək olar bütün gəmilərdə, tankerdə də olmuşam. Çünki hava bərk külək olanda başqa gəmi ilə qırağa çıxmaq mümkün deyildi. Biz tankerlərlə qırağa çıxırdıq. Hörmətli Prezident, əgər insanın bədənini neft sənayesinə bənzətsək, gəmiçilik onun ayaqlarıdır. Gəmiçilik olmadan biz dənizdə heç bir iş görə bilməzdik. Dənizdə nə yataqlar açmışıq, nə işlər görmüşük, nə edirik, bunlar hamısı gəmiçiliklə əlaqədardır. Çünki biz suda bunsuz heç bir iş görə bilməzdik. Özü də bu gəmiçiliyin o biri gəmiçilikdən - dəniz gəmiçiliyindən fərqi ondadır ki, o birilər birbaşa bir limandan başqa limana gedir, amma bu, açıq dənizə çıxır, platformalara yaxınlaşır. Odur ki, sizin hamınıza, bütün bu kollektivə öz təşəkkürümü bildirirəm. Bu, böyük vəzifədir.
Daha nə deyim?! Bir daha təkrar edirəm ki, bu, mənim ən xoşbəxt günlərimdən biridir. Mən Sizə necə minnətdarlıq edim, necə təşəkkürümü bildirim?!
Prezident İlham Əliyev: Sağ olun, Xoşbəxt müəllim.
Xoşbəxt Yusifzadə: Daha mənim əlimdən nə gələr, ancaq onu bilirəm ki, Sizin xətrinizi dünya qədər istəyirəm, ölənə qədər də nə cənab Heydər Əliyev, nə də Siz mənim heç vaxt yadımdan çıxmayacaqsınız. Çox sağ olun, minnətdaram.
Şərhlər