Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının idman şöbəsinin direktoru Elgiz Abbasov hadisə barədə yazıb.
Qaynarinfo xəbər verir ki, o, "Facebook" hesabında bu barədə paylaşım edib.
"Hər şey bir göz qırpımında oldu. Vəziyyəti başa düşməyimiz çox zaman almadı, şükür. Bir də gördük, kimsə çöldən şüşəni sındırır, sonra onu görə bilmədim. Allah ondan çox razı olsun. Ümumiyyətlə, həmin vaxt bizə çox operativ dəstəklər gəldi.
İlk növbədə Asif Əsgərova (06:25) xəbər verdik, yolda olduğunu bilirdik. Daha sonra təcili tibbi yardımı aradıq (06:27), Ağdam və Bərdədən təcili tibbi yardımlar gəldi (çox peşəkar idilər, yol bildirişlərindən başa düşdülər, hadisə yerinə toplaşan fədakar insanlar da dayanmadan zənglər edirdilər), onlarla yanaşı FHN artıq hadisə yerində idi, Asif, Əmrah bəy, Fərid, Anar, Ramiq, Elnur, Məhi dayı ("Qarabağ” FK, kimisə unutdumsa, üzrlü sayın) hadisə yerinə çatdılar, artıq özümüzü daha güvəndə hiss edirdik. Mənəvi, tibbi, fövqəladə yardımlar və ən əsası ilahi qüvvə bizi daha pis nəticələrdən xilas elədi.
Ağdam rayonunda olarkən orda daş üstə daş qalmadığını görmüşəm, ona görə israr elədik, hamını Bərdəyə aparın, sağ olsunlar, sözlərimizə qulaq asdılar. Hadisə yerində edilən ilkin müdaxilələr möhtəşəm idi, hamı öz ailəmiz kimi davrandı (onları mütləq axtarıb tapacağıq). "Liv Bonadea” hospitalına zəng edəndə təcili yardım maşınında yolda idik (07:14, Aslan m., Elxan m. artıq Bərdə Diaqnostikaya çatmış olardılar). Alper ("Liv Bonadea” hospitalinin əməkdaşı) dərhal reaksiya verdi, maşın yola çıxdı. Çox tez çatdılar, Elnur (sürücü) bizə videonu göstərəndə dəhşətə gəlmişdik.
Bərdə Diaqnostika mərkəzində isə həkimlər, sadəcə, möhtəşəm işlədilər, bunu mən yox, sonradan bizi nəzarətə götürən həkimlər də dedilər.
"Yaxınısız?" sözünün məsuliyyəti nə qədər ağır imiş?
Amma şükür, gözlənilən ən pis ehtimalların heç biri olmadı. Elnur Məmmədovun (AGİN) səsində olan kədəri ifadə etmək üçün gərək Dostoyevski olasan, Sərxan Hacıyev gecənin bir aləmi hadisəyə dərhal reaksiya verdi, Fərid Qayıbovla danışdıq, bütün əlaqələrini işə saldı, özü ilə danışmasaq da, Rövnəq Abdullayevin necə kritik addımlar atdığını sonradan oyrəndik.
Bütün bu proseslərin sonunda çox kritik ilkin müdaxilələr davam edirdi (insanların qarışqa kimi işləməsindən bunu başa düşürdük). Bərdəni ilk olaraq Aslan tərk etdi (səhv etmirəmsə Yevlaxdan gələn təcili tibbi yardım maşını ilə), daha sonra Sənan, Zaur, Rasim (sürücü) və mən çıxdıq, bizdən 20 dəqiqə sonra Elxan m "Liv Bonadea”dan gələn təcili tibbi yardım maşını ilə) reanimasiyadan təhvil alındı.
Bütün ailələrə xəbər verdik, amma "Bonadea”ya çatanda ailələrimizin çox olduğunu gördük. Bu günlərdə "Bonadea”ya gələn, zəng vuran, mesaj yazan, özü zəng vurmağa ürək etməyib, yanımıza gələnlərdən soruşan bütün insanlara təşəkkür edirəm. Bizə məhz sizin dəstəyiniz güc verdi, indi daha yaxşıyıq.
Bunu sizə evdən yazıram, Zaur ilə birgə bu gün "Bonadea”dan çıxdıq. Orada olduğumuz müddətdə yanımızda olan illərin dostu Samirə, Alperə, Cabir doktora, Taner bəyə, Səkinə xanıma, Rüstəm doktora, Özgul xanıma, Zərifə xanıma orada tanış olduğumuz və saniyəbəsaniyə yanımızda olan bütün tibbi heyətə (adlarını ona görə tam yazmıram ki, kimisə unuda bilərəm) təşəkkür edirəm. Çox peşəkardırlar.
İnşallah Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var. Hər ikisi çox möhtəşəm insanlardır, etdikləri yaxşılıqların, sadəcə, 1 faizi qarşılarına çıxsın, Allah onları darda qoymaz, bütün əməllərinin az-çox biləni kimi bundan əminəm. Bu günə şükür.
Bizim devizimiz eyni qalır: İnşallah hər şey daha yaxşı olacaq! Hər birinizə çox böyük təşəkkür edirik. Bu hadisəni bizimlə birgə yaşadınız. Fədakarlığınızı ifadə etmək üçün sözlər acizdir. Möhtəşəmsiniz".
Şərhlər