Rusiya Federasiyası Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev bildirib ki, "Putinin ideoloqu” Aleksandr Duginin qızı Daryanın və təbliğatçı Vladlen Tatarskinin qətli Vaşinqton tərəfindən koordinasiya edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın təbliğat nəşri RİA Novosti məlumat yayıb.
"Rusiya ərazisində törədilən terror aktları, o cümlədən Darya Duginanın, Vladlen Tatarskinin qətli, Zaxar Prilepinin maşınının, Krım körpüsünün, həmçinin "Şimal axını” qaz kəmərinin partladılması və digərləri ABŞ kəşfiyyat xidmətlərinin koordinasiyası ilə planlaşdırılıb və həyata keçirilib”, - Patruşev bildirib.
Rusiya rəsmisinin sözlərinə görə, bu cür əməliyyatlar "ictimai-siyasi sabitliyi, Rusiyanın konstitusiya əsaslarını və suverenliyini pozmaq üçün Vaşinqton və Londonda əvvəlcədən hazırlanmış informasiya kampaniyası” ilə müşayiət olunur.
O, həmçinin əlavə edib ki, NATO təlimatçıları Ukraynanın təxribat və terror qruplaşmalarını hazırlayır və onların fəaliyyətini əlaqələndirirlər.
Bundan əlavə, Patruşev Ukraynanın kəşfiyyat-diversiya qruplarının, beynəlxalq terror təşkilatlarının, Rusiyada radikal və ekstremist strukturların aktivləşməsi barədə məlumat verib.
Nizami Bağırov
Şərhlər