Xəbər lenti

Parlament müxalifəti vahid partiyada birləşir? - Deputat danışdı
Siyasət 13:04 28.03.2023

Parlament müxalifəti vahid partiyada birləşir? - Deputat danışdı

"Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra bir sıra siyasi təşkilatların birləşməsi məsələsi gündəmə gəlib.
 
Qaynarinfo xəbər verir ki, proses yalnız xırda partiyaları əhatə etməyəcək. Milli Məclisdə təmsil olunan partiyaların bir çoxunun vahid təşkilatda  birləşməsi müzakirə mövzusudur. 

İddialara görə, Milli Məclisdə təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Milli Cəbhə Partiyası (MCP) və Böyük Quruluş Partiyasının (BQP) yaxın zamanlarda birləşəcəyi gözlənilir. Bu partiyaların birləməsinə xüsusi önəm verilməsi hər üçünün AXCP-nin şinelindən çıxmasıdır. Hər üç partiyanın sədri vaxtilə AXCP-də mühüm post tutublar. 

Məsələni dəqiqləşdirmək üçün Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ilə əlaqə saxladıq. Deputat Qaynarinfo-ya açıqlamasında bildirdi ki, Milli Cəbhə Partiyası hazırda "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq fəaliyyətini davam etdirir: 

"Üzvlərimizin xeyli hissəsi rayonlardadır. Rayon şöbələri işləyir və yaxın zamanlarda tələb olunan 5 min üzv məsələsini də həll etmiş olacağıq. Sənədləri hazırlayıb, qanunun tələb etdiyi formada təqdim edəcəyik. Biz bu işlə məşğuluq və sizin dediyiniz digər birləşmə məsələlərindən isə açığını deyim ki, xəbərim yoxdur. Biz nə belə məsələləri müzakirə etmişik, nə də bizimlə belə bir müzakirə aparılıb”. 

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri isə Razi Nurullayevdir. Hər üç sədr deputat mandatı daşıyır.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->