Parisin meri Ann Hidalqo "Twitter"i (hazırda X) tərk etmək qərarına gəldiyini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, o, sosial şəbəkə hesabında qeyd edib ki, bu qərara səbəb platformanın "Avropa demokratiyalarının məhvi” alətinə çevrilməsi olub.
"İstər manipulyasiya, dezinformasiya, nifrət nitqi, təqib, antisemitizm və açıq irqçilik, istərsə də elm adamlarına, iqlimşünaslara, qadınlara, ekoloqlara, liberallara və sülh yolu ilə siyasi müzakirələrə qatılmaq istəyən bütün insanlara qarşı amansız hücumlar, sui-istifadələrin çeşidi sonsuzdur. Demokratiyalarımızda sabitliyi pozmağa, onların imicinə və suverenliyinə xələl gətirməyə yönəlmiş seçki proseslərinə gündəlik kənar müdaxilələri demirəm. Bu gün ictimai müzakirələr mübahisələr, söz-söhbətlər və kobud manipulyasiya ilə idarə olunur, "Twitter" alqoritmi tərəfindən gücləndirilir, burada vacib olan yeganə şey "bəyənmə" sayıdır. Faktların əhəmiyyəti yoxdur. Bu platforma və onun sahibi (iş adamı Elon Mask) qəsdən gərginliyi və münaqişələri gücləndirir”, deyə mer yazıb.
O əlavə edib ki, X demokratiyanı şəxsi maraqların xeyrinə atmaq istəyən siyasi layihəyə çevrilib. Hidalqo sosial şəbəkənin "nəhəng qlobal kanalizasiyaya” çevrildiyini və onun bu işə qarışmaq niyyətində olmadığını vurğulayıb.
"2009-cu ilin martında mən bu gün bütün dünyada 1.500.000-dən çox abunəçisi olan bu şəbəkəyə qoşulan ilk fransız qadın siyasətçilərdən biri oldum. İnanclarıma və öhdəliklərimə sadiq qalmaq üçün mən bu gün "Twitter"dən ayrılıram”, deyə Paris meri yekunlaşdırıb.
Aydın
Şərhlər