"Fransa ilk növbədə atdığı addımları bir daha nəzərdən keçirməli və siyasətində ciddi dəyişikliklərə getməlidir ki, Azərbaycanla münasibətlər normallaşsın".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycanın Fransadakı səfirinin bu ölkənin XİN-nə çağırılmasını şərh edərkən deyib.
"Makronun ölkəmizə qarşı yürütdüyü siyasət təəssüf ki, Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsinə və bir çox sahələr üzrə hətta dayanmasına səbəb olub. Fransa regionda daha geniş iqtisadi əlaqələri Azərbaycanla qurub. "Total" neft şirkəti daxil olmaqla təxminən 50-ə yaxın Fransa şirkəti ölkəmizdə fəaliyyət göstərir. Amma Makron hakimiyyətə gəlişilə ədalətsiz siyasət yürütmək, yenidən işğalçının yanında olmaqla Azərbaycanla münasibətlərin gərginləşməsinə səbəb olub", deyə Arzuxan Əlizadə bildirib.
Deputat qeyd edir ki, bunun qarşılığı verilməlidir və verilir:
"Bakı Parisin ölkəmizi olmayan məsələlərdə ittiham etməsinə qarşılıq olaraq Fransanın müstəmləkə siyasəti yürütməkdə davam etdiyini haqlı olaraq gündəmə gətirib və beynəlxalq müstəvidə fransız müstəmləkəsindən əziyyət çəkən xalqların müdafiəsinə qalxıb. Azərbaycan Prezidenti COP29 tədbirində də həmin məsələləri diqqətə gətirməklə Parisin neokolonializm siyasətini tənqid etdi. Bu tənqidə dözümsüz olan fransalı nazir isə COP29-da iştirakını ləğv edib. Absurd olan odur ki, Fransa XİN-in yaydığı məlumatda Azərbaycanın guya Parisə qarşı düşmənçilik siyasəti yütürməsinin dayandırılmasına çağırış edilir".
Arzuxan Əlizadə deyib ki, əslində gərginlik yaradan münasibətlərə Parisin özü başlayıb:
"Belə olan halda, prosesdə Azərbaycanı günahlandırmaq Fransa tərəfinin növbəti yanlış, ədalətsiz və heç bir çərçivəyə sığmayan siyasətinin növbəti nümunəsidir. Bakı Paris ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Azərbaycan bütün dövlətlərlə normal əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişafında maraqlıdır".
Qeyd edək ki, noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa XİN-in saytında yer alan məlumatda deyilir ki, səfir COP29 çərçivəsində Azərbaycan hakimiyyətinin Fransanın və avropalıların ünvanına qəbuledilməz iradlarından və onun nəticəsində ekoloji keçid, energetika, iqlim və risklərin qarşısının alınması naziri xanım Anyes Pannye-Runaşenin BMT-nin bu konfransında iştirakını ləğv etmək məcburiyyətində qalmasından sonra dəvət olunub.
Fransanın Azərbaycandakı səfiri Ann Buayon da noyabrın 20-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən verilən məlumata görə, görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.
Rüfət Sultan
Şərhlər