Xəbər lenti

Şoyqunun Suriyadan sonra İrana qəfil səfəri - Görüşü zəruri edən səbəb
Dünya 18:36 18.09.2024

Şoyqunun Suriyadan sonra İrana qəfil səfəri - Görüşü zəruri edən səbəb

"Bu səfər hərbi və siyasi anlam kəsb edir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana səfərini şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, İran və Rusiya Qərb üçün eyni şər oxudur. Onların hər ikisi sanksiyalara məruz qaldıqlarından bir-birilə tərəfdaşlıq etməyə məcburdurlar:

"Şoyqunun qısa zamanda İrana ikinci səfəri vəziyyətlərinin heç də ürəkaçan olmadığının göstəricisidir. İran Rusiyaya balistik raketlər verir. Rusiya da öz növbəsində İrana Su-25 təyyarələri verir, nüvə silahı əldə etməsində ona kömək edir. Bəzi məsələlərdə, xüsusən də Zəngəzur məsələsində Tehranla Moskvanın razılaşmadığı məqamlar da var. Sergey Şoyqunun Azərbaycanla kommunikasiya məsələsində İranın mövqeyini dəstəklədiklərini deməsi sadəcə şimal-cənub dəhlizilə bağlı məsələni əhatə edir".
 


Ekspertə görə, bu görüşə zərurət hər iki dövlətin təhlükəsizlik məsələləri və bir-birinin toqquşduğu maraqlarla bağlı məsləhətləşmələr aparmaq istəyindən irəli gəlib:

"Moskva İranın bəzi kaprizlərinə dözmək məcburiyyətindədir. Onların bir-birilə əməkdaşlıqdan başqa çıxış yolları yoxdur. Zəngəzur dəhlizi məsələsində isə Moskva İrana güzəştə getməyəcək".

Qeyd edək ki, Suriyada səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu qəfildən oradan İrana da səfər edib. Tehranda o, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb. Məlumata görə, Şoyqu görüş zamanı İran tərəfə Rusiya prezidenti Putinin mesajını da çatdırıb. Şoyqunu İran Prezidenti Pezeşkian da qəbul edib. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->