Mövsüm başlayandan hələ ki, qeyri-sabit çıxışını davam etdirən "Turan Tovuz” ötən tur doğma meydanda "Səbail”ə məğlub oldu. Ümumilikdə iki qələbə qazanan və eyni sayda məğlubiyyətlə üzləşən tovuzlular təkcə meydançada problem yaşamırlar. "Səbail”lə oyunda təşkilatçılıqla bağlı çatışmazlıqlar olub. Xüsusən də oyunda iştirak edən media nümayəndələri onlara yaradılan şəraitdən xeyli narazılıq edib. Media tribunaların əlverişsiz yerdə yerləşməsi onların işinə maneçilik yaratması bir yana, bəzi KİV nümayəndələri PFL akkreditasiyası olduğu halda stadiona girməkdə çətinliklərlə üzləşib. Hər halda oyundan sonra mediada yazılanlardan belə qənaətə gəlmək mümkündür. Maraqlıdır, klub rəhbərliyinin bundan xəbəri varmı və problemlər növbəti oyuna kimi yoluna qoyulacaqmı?
"Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev Qaynarinfo-ya açıqlamasında çatışmazlıqların növbəti oyuna qədər aradan qaldırılacağını söylədi:
"Məsələni dəqiqləşdirdim, bildirdilər ki, jurnalistlərə pis yer verməyiblər. Amma narazılıqlar olunub. Onlara göstərdiyimiz yer xoşlarına gəlməyib. Bu səbəbdən indi başqa yer hazırlayırlar. Növbəti oyuna qədər problem həll olunacaq. Çalışacağıq, azarkeşlərin onları narahat etməyəcəyi yerdə yerləşsinlər. Biz media nümayəndələri ilə həmişə yaxşı münasibətdə olmuşuq”.
Abdullyev "Səbail”ə məğlub olduqları oyun və cari mövsümdəki hədəfləri haqda da fikirlərini bildirdi:
"Zəif oynadıq. Komanada hələ tam formalaşmayıb. Keçən il də zəif başlamışdıq. Sonradan yaxşı oynadılar. Təzə komandadır, futbolçular bir-birinə uyğunlaşdıqdan sonra yaxşı olacaq. Çünki bu qədər əziyyət çəkirlər, vəsait xərclənir. Hədəfimiz Premyer Liqada qalmaqdır. Şəxsi fikrimi deyim, bəxtimiz gətirib ki, bizə çox yaxşı sponsor tapılıb. Ehtiram müəllim deyir ki, köklü komanda formalaşdırmaq istəyir. Yəni tez–tələsik futbolçu yığaq, ikinci, üçüncü yer tutaq kimi fikrimiz yoxdur. "Qarabağ”, "Neftçi” kimi köklü komanda formalaşdırmağa çalışırıq. "Neftçi” son vaxtlar zəifləyib, bilmirəm nə baş verir. İnanıram ki, onlar da düzələcək, çünki tarixləri var. O cümlədən "Turan Tovuz”u da yaxşı şəkildə formalaşdırmaq istəyirik. Futbolda adam udar da, uduzar da. Səbrli olmaq lazımdır. Ehtiram müəllim çox yaxşı insandır. Belə sponsorla komanda hazırlamaq rahatdır. Həm futboldan başı çıxır, həm sevir. Hamı ilə yaxşı münasibətdədir. Hər insanda belə cəhət olmur”.
Səbuhi Həsənov
Şərhlər