Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Katibliyi COP29 ərəfəsində yüksək səviyyəli dialoq keçirəcək.
Trend xəbər verir ki, bu barədə OPEC-in "X" səhifəsində məlumat paylaşılıb.
"Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevi Vyanada OPEC Katibliyində tarixi və COP sədrinin OPEC-ə tarixdə ilk səfəri çərçivəsində salamlayır", - məlumatda deyilir.
Beləliklə, Muxtar Babayev və Haysam Əl-Qaysın həmsədrliyi ilə keçiriləcək dialoqda OPEC ölkələrindən və Əməkdaşlıq Xartiyasında iştirak edən qeyri-OPEC ölkələrindən yüksək vəzifəli rəsmilər iştirak edəcək ki, bu da bütün nümayəndələrin COP sədrliyi ilə konstruktiv və inklüziv formatda aktiv şəkildə qarşılıqlı fəaliyyəti üçün unikal imkan olacaq.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
Şərhlər