Neft ixrac edən ölkələr təşkilatının (OPEC) baş katibi Beynəlxalq Enerji Agentliyini (BEA) enerji bazarlarında qeyri-sabitlik yaratmaqda ittiham edib.
Bu barədə Qaynarinfo "Financial Times"a istinadən xəbər verir .
OPEC-in baş katibi Haysam əl-Qais BEA-nı məsuliyyəti öz üzərindən atmaqda günahlandırıb. Bu açıqlama agentliyin neft kartelinin gözlənilməz hasilatın azaldılmasının inflyasiyanın artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq etməsindən sonra verilib.
Əl-Qais həmçinin BEA-nı yeni neft və qaz layihələrinə sərmayə qoyuluşuna maneə yaratdığına görə tənqid edib.
"Əgər nəsə gələcək volatilliyə səbəb olacaqsa, bu, məhz BEA-nın neftə sərmayə qoymağı dayandırmasına dair dəfələrlə etdiyi çağırışlar olacaq”, - baş katib bildirib.
OPEC-dən bildirilir ki, "OPEC+”-in hasilatın azaldılması "neft qiymətlərinə yönəlməyib", ancaq "bazar əsaslarına və neft sənayesinə mühüm investisiyaların təmin edilməsinə" yönəlib.
BEA xəbərdarlıq edir ki, neft bazarında vəziyyət qarşıdakı aylarda daha da mürəkkəbləşə bilər, çünki OPEC+ tərəfindən hasilatın azaldılması neft qiymətlərinin artmasına səbəb olacaq.
Səudiyyə Ərəbistanı və bir sıra digər OPEC+ ölkələri aprelin 2-də neft hasilatını gündəlik təxminən 1,16 milyon barel azaltdıqlarını elan ediblər.
Nizami Bağırov
Şərhlər