"Ankara və Bakı Ermənistanı "Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur etməyə çalışacaq, lakin İrəvan buna getməyəcək. Əks halda İrəvan Qərbi Azərbaycanın paytaxtı kimi tanınmalı və azərbaycanlılardan üzr istənilməlidir”.
Qaynarinfo xəbər verir ki, bu barədə qondarma "Dağlıq Qarabağ Respublikası”nın "xarici işlər naziri” David Babayan "NEWS.am” saytının müxbiri ilə söhbətində
deyib.
"Artsax”ın erməni olaraq qalması, milli kimliyinin qoruyub saxlaması və Azərbaycanın Qarabağı tam "uda” bilməməsi üçün bütün imkanlar var, çünki "Artsax”ın dağıdılmasından sonra Ermənistanın məhvi gələcək. Qoy burada heç kimin illüziyaya qapılmasın. Ona görə də bu ağır vəziyyətdən ilk növbədə psixoloji cəhətdən çıxmaq lazımdır və proses artıq gedir. Bəli, bədənimiz yaralıdır, bəli, ürəyimiz qan içindədir, hər yer yaralıdır, amma biz, ilk növbədə, bütün bunları psixoloji cəhətdən aradan qaldırmalıyıq. Biz ruhumuzun gücünü bərpa etdikdə, qalan məsələlər texniki xarakter alacaq”, - Babayan bildirib.
Brüsseldə Əliyev-Paşinyan-Mişel görüşünü şərh edən Babayan Azərbaycanla sülh müqaviləsinin bağlanmasının əleyhinə olmadığının, lakin qırmızı xətlərin olduğunu bildirib.
"(Brüsseldə Paşinyan-Əliyev-Mişel görüşündə) "Artsax” haqqında bir söz olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Bizim mövqeyimizi hamı bilir. Azərbaycan daxilində istənilən status bizim üçün qəbuledilməzdir, bu bizim oğlanların qanı ilə çəkdiyi qırmızı xəttdir. Azərbaycan və Türkiyənin bu qırmızı xətləri pozmağa cəhdlərinin qarşısını almaq vacibdir… Biz heç bir halda sülh müqaviləsinin əleyhinə deyilik, əgər o, iki ölkə arasında münasibətləri tənzimləyirsə, belə də olsun. Amma problem ondadır ki, Bakı Ermənistanın məhz bu sülh müqaviləsi ilə "Artsaxı” Azərbaycanın bir hissəsi kimi tanıması üçün hər şeyi etməyə çalışacaq. Uğur qazanacağını düşünmürəm, amma Azərbaycan çalışacaq.
Və bunun qəbuledilməz olduğunu söyləməliyik. "Artsax” Azərbaycana birləşsə, o zaman növbə İrəvana çatacaq. Ankara və Bakı bu müqaviləyə bənd daxil edəcək və bu bəndlə İrəvanı "Artsaxı” Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur etməyə çalışacaqlar. Ermənistan tanımayacaq”.
Müxbirin "buna əminsinizmi” sualına Babayan belə cavab verib: "Başqa variant yoxdur. Siyasi baxışlarından asılı olmayaraq, Ermənistanın bircə erməni liderini təsəvvür edə bilmirəm ki, "Artsaxı” Azərbaycanın bir hissəsi kimi tanıya bilə, çünki bundan sonra İrəvan Qərbi Azərbaycanın paytaxtı kimi tanınmalıdır. Biz hələ də burada yaşadığımıza və Azərbaycanın resurslarından öz maraqlarımıza uyğun qeyri-qanuni istifadə etdiyimizə görə üzr istəməli olacağıq”.
Nizami Bağırov
Şərhlər